525-ci qəzet

“Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış”



Xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin qurulmasına və inkişafına xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə qazandığı uğurlar bir-birini əvəzləməkdədir. Azərbaycan-ABŞ diplomatik əlaqələrinin qurulmasının 20 illiyi fonunda bu reallıq bir daha təsdiqlənir ki, münasibətlərdə qarşılıqlı maraq və hörmət prinsiplərini öndə saxlayan ölkəmiz 20 illik müstəqillik tarixində etibarlı tərəfdaş imici qazanmış və bu mövqeyini günbəgün möhkəmləndirməkdədir. “İki sahil” qəzetinin Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibətilə işıq üzü görən 100 səhifəlik Xüsusi buraxılışı keçilən yola nəzər salmaqla, qarşıdakı illər üçün müəyyənləşdirilən prioritetləri əks etdirən maraqlı yazıları, rəngarəng şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqəti cəlb edir. “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış” Xüsusi buraxılışının ikinci səhifəsində qeyd olunan Prezident İlham Əliyevin “Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir. Biz strateji əhəmiyyət kəsb edən enerji təhlükəsizliyinin təmin edilməsi, terrorizmə qarşı mübarizə sahəsində tərəfdaşlığımıza daim töhfə vermək əzmindəyik”, Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın “Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlığını yüksək dəyərləndirir. Birləşmiş Ştatlar regional enerji təhlükəsizliyinin gücləndirilməsi, Azərbaycanın demokratik və çiçəklənən dövlət kimi inkişafının təmin edilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tapılması məsələlərində Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək məqsədilə daha böyük imkanların inkişaf etdirilməsinə sadiqdir” fikirləri iki ölkə arasında münasibətlərin bugünkü və gələcək inkişafına bələdçilik edir. Xüsusi buraxılışda 24-26 aprel 2012-ci il tarixlərində Vaşinqton şəhərində keçirilən “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış” beynəlxalq konfransında Azərbaycan nümayəndə heyəti üzvlərinin dəyərli çıxışlarının, eyni zamanda ABŞ təmsilçiləri tərəfindən söylənilmiş fikirlərin ölkə ictimaiyyəti üçün daha böyük maraq kəsb etdiyi nəzərə alınaraq, onların geniş şəkildə təqdim olunmasının zəruriliyi diqqətə çatdırılır. “ABŞ-Azərbaycan münasibətləri regional təhlükəsizlik və terrorizmə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir” mövzusunda çıxışında ABŞ-ın Luiziana ştatının qubernatoru Bobbi Cindal Azərbaycan və Amerika xalqlarına əlamətdar hadisə münasibətilə təbrikini çatdıraraq bildirir ki, Azərbaycan kimi Luizianada da neft və qaz istehsalatın əsas hissəsidir. İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının həmsədri, maliyyə naziri Samir Şərifov ötən 20 il ərzində ölkələrimiz arasında münasibətlərin inkişafı, əldə olunan uğurlar və qarşıda duran vəzifələr barədə danışıb. Qeyd olunan komissiyanın 3-cü iclasında aviasiya sahəsində Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdıran S.Şərifov ABŞ-la Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi üçün imkanların genişləndirilməsinin vacib olduğunu, bu baxımdan “Azadlığa Dəstək Aktı”na edilmiş “907-ci düzəliş”in strateji münasibətlərin ruhunu əks etdirmədiyini və daha geniş əməkdaşlığa mane olduğunu bildirib. Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov ABŞ-la Azərbaycan arasında bir çox oxşarlığın olduğunu önə çəkərək, bu sırada tolerantlığı xüsusi vurğulamış, ötən 20 ildə böyük əməkdaşlıq yolu keçildiyini, irəlidə daha böyük işlərin olduğunu bildirmişdir. Oklahoma ştatının keçmiş dövlət katibi Syuzan Savic Oklahoma ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrinə görə qürur duyduğunu bildirib: “... Biz fəxr edirik ki, Azərbaycanla ölkəmiz və ştatlarımız arasında mühüm strateji, iqtisadi, mədəni və təhsil əlaqələrinin yaradılmasına öz töhfəmizi veririk.” Atlantik Şurasının Dinu Patrisiu Avrasiya Mərkəzinin direktoru Ross Uilson “Azərbaycan mənim qəlbimdə xüsusi yer tutur” mövzusunda çıxış edərək bildirmişdir ki, problemləri həll etmək, liderlərlə, xüsusən Birləşmiş Ştatların böyük dostu olmuş Prezident Heydər Əliyevlə səmərəli işləməyi öyrəndim. Xarici işlər nazirinin müavini, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Hafiz Paşayev ikitərəfli münasibətlərin bugünkü inkişafından bəhs etmişdir. Ölkənin beynəlxalq münasibətlərdə əldə etdiyi uğurları diqqətə çatdıran H.Paşayev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini beynəlxalq birlik tərəfindən dövlətimizin əhəmiyyətinin təsdiqi kimi qiymətləndirib. Azərbaycan katolik icmasının rəhbəri Vladimir Fekete respublikamızda hökm sürən tolerantlıqdan söz açaraq, Azərbaycan xalqına xas olan bu mühüm dəyərin əbədi yaşamasını diləmişdir. Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Azərbaycan Pravoslav Yeparxiyasının rəhbəri İşeyn Aleksandr, Qafqaz Müsəlmanları Dini İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxış edərək, müstəqil Azərbaycanın bütün dinlərə eyni cür diqqət göstərdiyini bildirmişlər. Sessiyanın moderatoru Çikaqo Universitetinin İslam üzrə professoru və Mədəniyyətlərarası Tədqiqatlar Departamentinin rəhbəri Skott Aleksandr etnik və dini dözümlülüyün Azərbaycan xalqına hər zaman xas olduğuna diqqət çəkmişdir. Milli Məclisin üzvü, Avro-Atlantika Mərkəzinin rəhbəri Asim Mollazadə Azərbaycanın bir çox sahələrdə ilklərə imza atdığını bildirərək, bunun səbəbinin tolerantlıqda axtarmalı olduğunu qeyd etmişdir. ABŞ Nümayəndələr Palatasının sabiq üzvü Maykl MakMəhon “Azərbaycanda ayrı-ayrı dini icma və millətlər sülh şəraitində bərabər imkanlarla yaşayırlar” mövzusunda çıxış edərək bildirmişdir ki, Bakının ev sahibliyi etdiyi möhtəşəm beynəlxalq tədbirlər də Azərbaycanın bir daha yüksək tolerantlığa və mədəniyyətlərarası dialoqa böyük diqqət göstərdiyinin bir nümunəsidir. Xüsusi buraxılışın son səhifəsində hər iki ölkənin dövlət başçılarının münasibətlərin inkişafı ilə bağlı fikirləri bir daha qeyd olunub. Həmin tezislərdə bu əminlik ifadə olunub ki, dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, istər ikitərəfli, istərsə də beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi yolunda səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.
BƏXTİYAR




19.05.2012     Çap et  Çap et