525-ci qəzet

Gülşən Kəngərli: “Füzuli – mənim taleyimdir, onun sehrindən xilas olmaq müşküldür”


 
Müsahibimiz – füzulişünas alim, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Ədəbiyyat və Azərbaycan dili” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Gülşən Əliyeva-Kəngərli 1970-ci ildə Naxçıvanın Şərur bölgəsində anadan olub. Bakıdakı 6 saylı orta məktəbi və ADMİU-nu bitirib. 2000-ci ildə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyaları müdafiə edib. “Çağdaş poeziya və klassik irs” (2000), “Füzuli sehri” (2003), “Füzulinin əruz kanonları ilə tədris təcrübəsi” (2005), “Azərbaycan füzulişünaslığının təşəkkülü”(2005), “Azərbaycan füzulişünaslığı” (2007), “Azərbaycan folklorunun nəşr tarixi problemləri” (2011), “Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal” (2011) monoqrafiyalarının, 100-dən artıq məqalənin müəllifidir. O, həm də ciddi tərtibçi-mətnşünas işi görür. Üç cilddən ibarət “Azərbaycan füzulişünaslığının qaynaqları” (2011) və müqayisəli əruzşünaslığın banisi Əkrəm Cəfərin əsərlərindən ibarət “Yandım avazeyi-eşqinlə sənin” (2010) kimi dəyərli kitablar tərtib edərək geniş konseptual müqəddimə ilə çap etdirmişdir.

– Sizi elmə gətirən yol, səbəb barədə nə deyə bilərsiniz?
– Mən alimlər ailəsində dünyaya gəlmişəm. İxtisasca bioloq olan atam Teymur Əliyev və filologiya elmləri doktoru anam Aybəniz Əliyeva-Kəngərli mənə əsl zadəgan tərbiyəsi verib. Məndə elmə maraq sonradan yaranma bir həvəs deyil, genetik xüsusiyyətdir. Ana tərəfdən mən Azərbaycanın tarixi taleyində əhəmiyyətli rol oynamış və mənşəyi bizim eradan əvvəlki əsrlərə gedib çatan məşhur Kəngərlilər nəslindənəm. Babalarım sonralar siyasi-tarixi təzyiqlər altında bir neçə dəfə soyadını dəyişsə də ədalətli tarix hər şeyi yerbəyer edib. Bu nəsildən yeddi general çıxıb.
Məşhur yazıçı, publisist, naşir, teatr xadimi Eynəli bəy Sultanov bu nəsildən idi. C.Məmmədquluzadənin “Ölülər” tragikomediyasının qəhrəmanı Kefli İsgəndərin prototipi general-leytenant İsmayıl bəy Naxçıvanskinin oğlu hüquqşünas Paşa ağa Kəngərli – Sultanov böyük babamdır.
C.Məmmədquluzadənin “huşyarları” mənim babalarım idi. Mirzə Cəlil Paşa ağa Sultanovun 300-dən artıq Avropa müəllifinin kitabından ibarət kitabxanasından faydalanaraq ölməz əsərlər yaratmışdır.
Tanınmış riyaziyyatçı, professor, 1963-70-ci illərdə indiki BDU-nun tədris işləri üzrə prorektoru Rüstəm Sultanov mənim anamın dayısı idi.
Elm mənim üçün həyata münasibət sistemi, özünüifadə üsuludur. Həyatımı kitabsız, yazısız təsəvvür edə bilmirəm. Mənim evdə ən rahat yerim yazı masamın arxasıdır. Mən dünyanı oradan daha aydın görə bilirəm. Bir də ki, anam həmişə kitabxanaya rəhbərlik edib. Demək olar ki, mən kitablar arasında böyümüşəm. Obrazlı desək dahilərin çoxcildlikləri mənim “oyuncaqlarım” olub. Hər dəfə yeni bir yazını bitirəndə sevinirəm. Yazmaq əzabından həzz alıram. Yeni kitabımın çıxmasını isə bayram hesab edirəm. Düşünürəm ki, alim olmaq üçün hər şeydən öncə yaxşı oxucu olmaq lazımdır. Və şübhəsiz ki, kitablar arasında vaxtında özünü tapmalısan.
–Əsas fəaliyyət meydanı kimi ali məktəbi – ADMİU-nu seçməyə, burada dərs deməyə, bəlkə də bir alim, ədəbiyyatşünas, Füzuli pərəstişkarı kimi çox iş görə biləcəyinizə hardasa mane olan təlim-tədris, pedaqoji işə sizi sövq edən nə oldu?
– Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Məni peşəkar müəllimliyə incəsənətə maraq gətirdi. İndi bir zamanlar mənə dərs demiş müəllimlərimlə çiyin-çiyinə çalışıram. O ki qaldı ali məktəbdə dərs deməyin elmi axtarışlarıma mane olmasına... Əlbəttə, mane olur, mən universitetin demək olar ki, bütün fakultələrində dərs deyən müəllimlərdən ibarət böyük kafedraya rəhbərlik edirəm. Bu isə, xeyli sayda iclas, tədbir və inzibatçılıq deməkdir. Bununla belə hesab edirəm ki, alim öyrəndiyini öyrətməlidir. Bildiklərini gənc nəslə öyrətməyən alim bəhərsiz ağac kimidir. Etiraf edim ki, kifayət qədər müəmmalı, zəngin və ziddiyyətli gənclərin içində olmağımdan fərəh duyuram. Pedaqoji fəaliyyət məni həm də bir alim kimi ruhdan düşməyə qoymur. Hər gün tələbələrimdən eşitdiyim suallar məni yeni-yeni axtarışlara sövq edir. Müəllimlikdən gözəl peşə tanımıram. Axı dahinin də müəllimi olub... Şəxsiyyət müəllimlərə ehtiramdan başlanır. Mən əminəm ki, Azərbaycanın münəvvər gəncliyi öz taleyini bizim onlara öyrətdiklərimiz üzərində quracaq, bizim yazdığımız kitablar onların cəmiyyəti üçün fundament olacaq.
– Füzuliyə olan məhəbbətinizin ilk çınqısı içinizdə nə zamandan yarandı?
– Şübhəsiz ki, burada valideynlərimin müəyyən rolu olub. Amma “Füzuli və poeziya” mövzusunu mənə verən və əslində məni əsrarlı Füzuli dünyasına yönəldən elmi rəhbərim, görkəmli alim, AMEA-nın müxbir üzvü Rafael Hüseynov olub. Füzulinin elə bir aləmi var ki, ora daxil olandan sonra çıxış qapısını tapa bilmirsən. Əslində heç oradan çıxmaq istəmirsən.
Füzuli elə bir aləmdir ki, ya ona sənə məxsus hər şeyi-özünü verməlisən, varlığını ona həsr etməlisən. Ya da sakitcə çəkilib getməlisən. Füzuli yarımçıq münasibət sevmir. O, sözün yaxşı mənasında amansızdır. İnsanı bütöv qəbul edir. Füzuli Leyli ilə Məcnunun vəhdətidir, həm aşiqdir, həm məşuq Füzulidə özünə qarşı da güzəşt yoxdur. Füzuli elə bir dərddir ki, Allah bizlərə ən qiymətli töhfə kimi onu çəkmək səadətini bəxş edib.
– Hamı kimi siz də deyirsiniz Füzuli azman nəhrdir, dəryadır. Bilirəm, çoxdandır bu nəhrin içindəsiniz, onu üzüb başa vurmaq istəyirsiniz. Bu nə zaman baş verəcək və siz bu dəryanın sirlərinə vaqif olmaq üçün daha nələri planlaşdırır, düşünüb-daşınırsınız?
– Füzuli müasir poeziyanın tanrısıdır. Onun yaradıcılığı lirik fəlsəfədir; Onun sözü Allahdan gəlir. Füzuli “Sözə ehya verməyə”, “Sözün can olduğunu” bildirməyə tanrı tərəfindən yer üzünə göndərilmiş ikinci Məhəmməd idi.
 Axı heç sən özün də bu sehrdən qurtulmaq istəmirsən. Füzuli poeziyasının ecazı bitib tükənməz, təsiri sonsuzdur: Axı niyə “Füzuli rindü-şeydadır?” Niyə “şair sözü əlbəttə yalandır?”... Hələ qarşıda belə-belə suallar durur və səbirsizliklə cavab gözləyir.
– Ali məktəblərdə dərs deyən bir sıra müəllim dostlarım söhbət düşəndə deyirlər ki, auditoriyaya girəndə elə bil biyara gedirik. Yəni bugünku gəncliyin savad, intellekt dərəcəsi onları qane eləmir. Siz necə, əhatəsində bulunduğunuz tələbələrinizdən razısınızmı?
– Hesab edirəm ki, insan hər bir işi həvəslə görməlidir. Xüsusilə müəllim həm peşəsini, həm də tələbələrini sevməlidir. Bilirsiz, mən bəzən 80-100 nəfərlik auditoriyada bir tələbə üçün dərs danışıram. Şübhəsiz ki, müasir gəncliyin, o cümlədən mənim də tələbələrim içərisində əngəl uşaqlar da var. Mən belələrinə əhəmiyyət vermirəm. Mən ziyalı vətəndaş və müəllim kimi çağdaş Azərbaycan gəncliyinə böyük ümidlərlə baxıram . Aydın məsələdir ki, nəsillər arasında hər bir dövrdə müəyyən ziddiyyətlər olub. Məsələn, biz də 37-nin vahiməsi ilə yaşayan nəsli qınamışıq... Əsas budur ki, hər bir nəsil öz üzərinə düşən tarixi vəzifənin öhdəsindən gəlməlidir...
– Bu gün ali məktəb müəllimlərindən nə tələb olunmalıdır və o, özünü nə zaman bu missiyanı yerinə yetirməyə hazır bilməlidir?
– Təkcə bu gün yox, həmişə ali məktəb müəllimindən yüksək savad tələb olunub. Bəziləri deyir ki, böyük alim olmaq olar, amma yaxşı müəllim olmaq çətindir. Əlbəttə ali məktəb müəlliminin pedaqoji səriştəsi də olmalıdır. Bu təcrübə sayəsində formalaşır. Mən qəti əminliklə deyirəm ki, savad, bilik başlıca şərtdir. Müəllimə savad günəş qədər lazımdır. Savad müəllimin içində hər zaman püskürməyə hazır olan vulkan kimi yığılıb qalmalıdır.
Bir də müəllim yaxşı natiq olmalı, gözəl nitqi ilə tələbələri heyrətdə qoymağı bacarmalıdır. Gözəl nitq bir adamda iki şəxsiyyət deməkdir. Nəcabət, intellekt və nitq müəllim üçün başlıca şərtlərdəndir.
– Füzuliyə çox uymusunuz, hiss olunur ki, hələ uzun zaman onun tədqiqindən üzülmək fikriniz yoxdur. Fundamental elmi axtarışlarınızın bəhrəsi olan əsərlərinizin də əksəriyyəti bu dahinin yaradıcılığı ilə ilgilidir. Professor-doktorsunuz. Sizə elə gəlmirmi ki, bu elmi dərəcəyə sahib olan alim üçün təkcə Füzulini bilmək azdır, bunun üçün humanitar elmlərin bir çoxuna, bəlkə də elliyinə vaqif, sahib, ən azı bələd olmalısınız. Demək istəyirəm bundan sonra hansı yeni elmi mövzulara girişəcəyinizi gözləmək olar?
– İntiqam müəllim, mən başqalarına qarşı dözümlü, özümə qarşı tələbkaram. Artıq qeyd etdiyimiz kimi mən məşhur 6 saylı orta məktəbdə oxumuşam. Tolstoyu, Dostoyevskini, Nekrasovu, Hüqonu, Zolyanı, Stendalı sevə-sevə oxumuşam. Dahi Füzuliyə yetmək üçün klassik Azərbaycan ədəbiyyatına aşina olmuşam. Mən Füzuli irsi ilə bərabər, füzulişünaslıqla ciddi məşğul olmuşam. Etiraf edim ki, Bertels, Çobanzadə, Köprülüzadə, Həmid Araslı, Məmməd Cəfər, Mirzağa Quluzadə və başqa, hər biri bir epoxa olan alimlərin əsərlərini təhlil edib sistemləşdirmək, dəyər vermək asan deyil. Füzuli bu mənada ən alidir, ən yüksək zirvədir. Ondan aşağı enmək də təhlükəlidir, ondan yuxarı qalxmaq da mümkün deyil. Füzulidən sonra yoxdur. Füzuli və ortaq türk ədəbiyyatı hüdudlarında düşünmək zəruridir. Əlavə edim ki, fəaliyyətimin müəyyən bir dövrünü əks etdirən “Bədii düşüncə: tarixi gerçəklik və estetik ideal” (2011) adlı 400 səhifədən ibarət nəhəng kitaba “Füzulidə hüsn”, “Füzulidə eşq”, “Füzulidə qəm”, “İrfan abidəsi”... kimi sırf Füzuli fəlsəfəsinə, Füzulidə sufizmə həsr olunmuş məqalələrlə bərabər M.Ə.Sabir, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, M.Müşfiq, R.Rza, M.Araz, B.Vahabzadə kimi XX əsr klassikləri ilə bağlı orijinal yazılar da yer alır... Planlarımı açıqlamağı sevmirəm. Hər halda “Füzulinin estetikası”da yazılmalıdır.
– Əldə etdiyiniz elmi potensialla dünyanın daha hansı universitetlərində auditoriya qarşısına çıxmaq üçün özünüzü hazır bilirsiniz və belə bir arzunuz varmı?
– Hələlik bu barədə düşünmürəm. Amma türk dövlətlərinin məşhur universitetlərində bütün türk dünyasına təsir etmiş dahi Füzuli sənəti, onun fəlsəfi poeziyası, poetika və estetikası haqqında mühazirələr oxumaq istərdim. Mən millətçiyəm. Millətçilik mənə türkçü babalarımdan genetik olaraq keçib. Mən dünyanın ən böyük universitetlərində bu gün param-parça olmuş Azərbaycan həqiqətlərini bəyan etmək istərdim.
İntiqam MEHDİZADƏ





19.05.2012     Çap et  Çap et