525-ci qəzet

Örnək jurnalist, əvəzsiz baş redaktor, əsl mətbuat fədaisi


 
Ötən ilin elə bu vədələri idi. Orta məktəbin 7-ci sinfində oxuyarkən ilk yazısının çıxdığı, daha sonralar – 2000-2007-ci illərdə baş redaktoru olduğu “Şərq qapısı” qəzetinin nəşrə başlamasının 90 illiyinə həsr etdiyi “Mənim həyat məktəbim” kitabı üzərində işləyirdi. Amma Allahın məsləhət bildiyi ömür bitmişdi. Hər gün yorulmadan yeni bir yazı üzərində işləyən Məmməd müəllim əbədi dünyaya, hamıdan çox sevbdiyi anasının yanına getmək üçün yola çıxmışdı. Bu qədər yorğunluqdan sonra ana qucağı çəkmişdi onu, ana dizlərinə başını dayayıb ömrünün acısını çıxarmaq keçmişdi könlündən.
Bu gediş onun həyat məktəbi adlandırdığı “Şərq qapısı” haqqındakı kitabının çapını yubatdı. Məmməd müəllim o dünyada ana dizlərində yatmaq istəyəndə gözü arxada qalmasın deyə bəndənizin redaktorluğu ilə böyük oğlu həmin kitabı çap etdirdi. İndi artıq Məmməd müəllimin şirin bir yuxuda olduğuna hamıdan çox mən inanmaq istəyirəm. Hətta bəzən Məmməd müəllimsiz günlərin özünün də yuxu olduğuna inandırıram özümü. Neyləsən də, bu həyat o qədər də adil deyil axı.
2003-cü ilin avqust ayı idi. Əsgərlikdən yenicə gəlmişdim və yaradıcı adam üçün münasib olacaq iş yeri axtarırdım. Hələ tələbəlik illərində qəzet və jurnallarda nəşr olunan şeirlərimə, yazılarıma görə Azərbaycan Jurnalistlər Birliyinin üzvü olmuşdum. Həmin üzvülük vəsiqəsini də götürüb, Xalq yazıçısı, o vaxt Naxçıvan Yazıçılar Birliyinin sədri olan Hüseyn İbrahimovun məsləhəti ilə yollandım “Şərq qapısı” qəzeti redaksiyasına. İş üçün gəlmişdim. Birbaşa açıq qapıdan baş redaktorun otağına keçdim. İş axtardığımı, şair olduğumu bildirib bir az da təkəbbürlü şəkildə sarı rəngli Azərbaycan Jurnalistlər Birliyinin üzvülük vəsiqəsini çıxardım. Redaktor isə masasının aşağı sürməsini çəkərək həmin vəsiqədən birini də qabağıma uzatdı və elə beləcə dedi: “Bu vəsiqələr yazı yazmır. Qəzetdə işləmək istəyirsənsə, get ürəyin istəyən mövzuda 2-3 yazı yaz gətir. Əgər qabiliyyətin varsa, bu qapını döymədən içəri gir”. Mən də elə etdim. Bir həftə ərzində elə üç yazı ilə qayıtdım redaksiyaya. Yazılarıma baxan Məmməd Məmmədov mənim ilk müdirim, əmək fəaliyyətinə başladığım müəssisənin rəhbəri, sonralar isə şef redaktorum olacaqdı. “Şərq qapısı”nı özünün həyat məktəbi adlandıran Məmməd Məmmədovun özü isə mənim “həyat məktəbim”ə çevriləcəkdi.
Mənə hədiyyə etdiyi kitablarının birinə belə bir avtoqraf yazmışdı: “Mənim arayıb-ərsəyə gətirdiyim, yetişdirdiyim qələm sahiblərindən biri olan, həmişə də nazı və şıltaqlığı ilə oynadığım, amma gələcəyinə böyük ümidlər bəslədiyim Elxan Məmmədova ən xoş arzularla”.
Doğurdan da bu gün əlimdə qələm varsa onu Məmməd müəllimə borcluyam, yazdığım yazıların hamısında ondan bir parça var. Mənim üçün nöqsan sayılsa da bir etiraf eləmək istəyirəm. 2003-cü ildən 2007-ci ilə kimi yarımştat müxbirlikdən məsul katibliyə kimi yüksəldiyim “Şərq qapısı” qəzetinə dörd dəfə işə girmişəm. İşdən sonrakı zamanda həddindən artıq səmimi, dostcanlı, qayğıkeş olan Məmməd müəllim işdəki tələbkarlığından qətiyyən güzəştə getməzdi. Və bu tələbkarlıq qarşısında bəzən məsuliyyətsiz olan mən, bəzən də ilk əmək fəaliyyətinə başlamağın, işə girməyin çətinliyini çəkmədən birbaşa işə götürülən gənc kimi, şairliyin verdiyi dəlisovuq və küsəyənlikdən də qaynaqlanaraq ərizə yazıb masamın üstünə qoyub getmişdim. Hər dəfə də tez əsəbləşən, hirslənən baş redaktorum, hirsi soyuyandan sonra dostumuz Allahverdi Aqilə məni tapmağı tapşırmışdı. Əminəm ki, elə bu cür də demişdi: “Allahverdi, Elxanı tap, de ki, gəlsin otursun işinin başında yazısını yazsın. Bunu onun şairliyinə bağışlayıram”. Hər gəlişimdə də vəzifəmi qaldırmışdı. Yarımştat müxbirlikdən tamştat müxbirliyə, müxbirlikdən şöbə müdirliyinə, şöbə müdirliyindən məsul katib müavinliyinə, məsul katib müavinliyindən də məsul katibliyə. Çoxları üçün qeyri-adi davranış olan bu cür alicənablığı və bir işçini, həm də yazı qabiliyyəti olan bir işçini nəyin bahasına olur-olsun qəzetdə saxlamaq üçün ancaq Məmməd Məmmədov edə bilərdi. Bax, elə buna görə də mənə bağışladığı kitabının aftoqrafında “həmişə də nazı və şıltaqlığı ilə oynadığım” yazmışdı.
O əsl mətbuat fədaisi idi. Harda yaxşı yazan birini görürdüsə, imzasına rast gəlirdisə mütləq arayıb-axtarırdı. İstər universitet tələbəsi olsun, istər hansısa rayonun ucqar dağ kəndində müəllim işləyən biri olsun, istərsə də sadə bir vətəndaş olsun. Bu cür mətbuat fədaisi olmaq üçün isə həqiqi qəzetçi olmaq lazım idi. Akademik İsa Həbibbəylinin Məmməd Məmmədovun “Şərqin qapısı” adlı kitabına yazdığı ön sözün son cümləsini xatırlatmaq istəyirəm: “Məmməd müəllim ifadəsini təbii olaraq işlətdiyimiz kimi “qəzetçi Məmməd” sözünü də rahatlıqla bəyan etmək mümkündür”.
Uşaqlıqdan jurnalistikaya maraq göstərib Məmməd müəllim. 7-ci sinifdə oxuyan kənd şagirdinin qəzetdə yazısının çıxması heç də təsadüfü deyilmiş. Universiteti qurtarıb kənddə tarix müəllim işləyə-işləyə daim respublika mətbuatında yazılarla çıxış edib. Bunun nəticəsində də 1990-cı ilin ortalarında “Dialoq” jurnalından gələn iş təklif onun üçün göydəndüşmə olub. Daha sonralar “Sovet kəndi”, “Həyat”, “Bərəkət” qəzetlərində Naxçıvan haqqında müxtəlif mövzulu yazılarla çıxış etməsi onu ölkəmizin ən böyük qəzetinə—“Azərbaycan”a gətirib. Burdakı yazıları isə “Şərq qapısı”na aparıb çıxarıb. Üç dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. 2005-ci ildə Naxçıvan MR-in əməkdar jurnalisti, 2010-cu ildə isə Azərbaycanın əməkdar jurnalisti fəxri adlarına layiq görülüb. Naxçıvandakı ictimai-siyasi hadisələri təhlil edən dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Ölümündən 3 gün əvvəl isə dossent elmi adına laytiq görülmüşdü. 9 kitabın müəllifi id. Yaş ötdükcə, uğurlar artdıqca Məmməd müəllim bar verən ağac kimi başını aşağı əyib. İnadcıl və qətiyyətli biri olsa da, heç vaxt qürurlu və təkəbbürlü olmadı. Qazandıqları üçün isə həmişə yediyi çörəyin halallığına şükr elədi. Həmişə də dilində bir ifadə var idi. “Həyatımda qazandığım bütün uğurlara görə özümü ilk növbədə Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbova borclu sayıram”. Bəziləri başqa don geydirməsinlər deyə Məmməd müəllimin ölümündən sonra “Azərbaycan” qəzetində “İş yoldaşımızın xatirəsi” adlı yazıdan bir cümləni sitat gətirmək istəyirəm: “Məmməd həm də təbii insan idi. Necə var idisə, elə də görünürdü, özünü başqa cür təqdim etməyi heç fikirləşmirdi də... Fikirləşdiyi dilində, dilindəki əməlində idi”.
O, həm də həmişə haqqın tərəfində dayanardı. Gəlişigözəl söz deyil bu. Çoxlarından fərqli olaraq güclünün yanında olmağı yox, gücsüzün, haqqlının yanında dayanmağın tərəfdarıydı. Buna görə də bir istəyəni var idisə, bir də istəməyəni var idi. Bu da təbiidir. Axı bir nəfəri hamı çox istəyirsə, yaxud əksinə heç kim sevmirsə bunun özü də bir mövqesizlikdi, çatşımazlıqdı. Amma Məmməd müəllim elələrindən deyildi. Sevənləri də var idi, sevməyənləri də. Buna baxmayaraq 2011-ci ilin may ayının 21-də aramızdan sürətlə sıyrılıb keçən və fərqində olmadığımız əbədi gedişindən sonra sevənləri də, sevməyənləri də məzarının başında idi, onu son mənzilə yola salanda ağlayırdılar. Çünki yaxşı bilirdilər ki, Məmməd müəllim sözünü deyən adam idi. Vaxt gələrdi ki, haqqlı idisə ona daş atanların, onu sevməyənlərin də sözünü dəstəkləyərdi, tərəfini saxlayardı.
Düz bir ildi ki, iş otağımda onun böyüdülmüş portreti və Təbrizdə birgə çəkdirdiyimiz şəkli ilə üz-üzəyəm, göz-gözəyəm. Çünki “Şərq qapısı”ndan çıxandan sonra həmişə birlikdə olmuşduq, işdə də, işdən sonra da. Çayçıda da, yeməkxanada da. Toyda da, yasda da. Belə olan halda onsuz birgə günün nə demək olduğunu inanıram ki, hamı yaxşı anlayar. Naxçıvanın hər qarışını birgə gəzmişik, bütün kəndlərində birgə olmuşuq. “Şərq qapısı” qəzetindən sonra yenidən “Azərbaycan” qəzetinin Muxtar Respublikadakı təmsilçisi ikən hardan yazı hazırlayırdısa mən də onun yanında idim. Qəribə jurnalistlik keyfiyyətləri var idi. Müsahibindən faktı elə alırdı ki, bəzən qarşısındakı demək istəmədiyini də səhərisi gün qəzetdə görəndə təəccüblənirdi ki, axı mən bunu deməyi unutmuşdum. O unuda bilərdi, amma Məmməd müəllim hansı sahədən nələrin yazılması gərəkdiyini çox yaxşı bilirdi. Həm qəzetin istədiyini, həm də oxucunun istədiyini özünə verirdi. Son bir ildə mərkəzi mətbuatda Naxçıvan Muxtar Respublikası haqqında onun qələmə aldıqları kimi yazılar, demək olar ki, getmir. Artıq “Azərbaycan”, “525-ci qəzet”, “Kaspi” və digər mərkəzi mətbuat orqanlarında onun Naxçıvan yanğılı, Naxçıvan sevgili yazılarına rast gəlmirik. Bir boşluq var bu sahədə. Bu boşluq isə Məmməd Məmmədov yoxluğu, Məmməd Məmmədov qələminin yoxluğudur. Amma bu yoxluğun özündə də görünən bir şəxs, bir jurnalist, publisist, bir qələm var. Çox yaxın dostu olan jurnalist Xalid Niyazov haqlı olaraq deyir ki, “Hərdən mənə belə gəlir ki, Naxçıvan barədə daha heç kim Məmməd kimi sevgi ilə, təndirdən təzəcə çıxmış lavaş tək isti, ətirli, kövrək yazılar yazmayacaq”.
Bax belə bir qələm sahibini itirmək çox ağır bir itkidir. Təkcə onu tanıyanlar üçün, ailəsi, dostları, qohumları, tanış-bilişləri üçün yox, həm də Naxçıvan üçün, Azərbayan üçün, qəzetçilik üçün, mətbuat üçün bir itkidir Məmməd Məmmədovun yoxluğu.
İnanıram ki, Naxçıvanı hamıdan çox öz yazılarında təbliğ etmiş, Bakıdan və Azərbaycanın digər rayonlarından gələn dostlarına, qələm adamlarına Naxçıvanı bir əziz balası kimi sevə-sevə tanıdan, gəzdirən Məmməd Məmmədov bu əməyinin qarşılığını nə vaxtsa daha da gözəl şəkildə alacaq. İnanıram ki, Naxçıvan haqqında yazılan yazıların müəlliflərinə bir gün “Məmməd Məmmədov mükafatı” veriləcək. İnanıram ki, Naxçıvan Jurnalistlər Birliyi, bəlkə də hətta Azərbaycan Jurnalistlər Birliyi bir gün belə bir mükafatın təsis olunması təklifi ilə bizləri sevindirəcək. Məmməd Məmmədovun unudulmaz xatirəsini elə Məmməd Məmmədov kimi ölümsüzləşdirəcək, əbədiləşdirəcək.
P.S. İyun ayının 4-də Məmməd Məmmədovun 50 yaşı tamam olacaqdı. Yubileyində sədaqətli dostları başına yığacaq, doyunca deyəcək, güləcək, əylənəcəkdik. Olmadı. Amma biz iyunun 4-də sənin başına yığışacağıq, Məmməd müəllim. Əylənə bilməyəcəyik, gülə bilməyəcəyik, fəqət içimizdə sevgiylə xatırlayacağımız bir əzizimiz olacaq. İnanırıq ki, o gün siz də hardasa bizi düşünəcəksiniz... Bəlkə siz tələsdiniz, bizdən qabağa düşdünüz, amma sizi görmək üçün mütləq yanınıza gələcəyik, həm də əbədi ayrılmamaq üçün...    
 
Elxan YURDOĞLU
[email protected]





19.05.2012     Çap et  Çap et