525-ci qəzet

Əflatun Amaşov: “Söz azadlığına qiymətin “Avroviziya-2012” müstəvisində verilməsini düzgün saymıram”


 
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi

– “Avroviziya-2012” yaxınlaşdıqca dünya mediasında Azərbaycanla bağlı məlumatların sayı artmaqdadır. Təbii ki, onların heç də hamısı pozitiv ruhlu deyil. Vəziyyəti necə dəyərləndirirsiniz?
– “Avroviziya” yarışması hər zaman dünya ictimaiyyətinin, eləcə də mediasının diqqət mərkəzində dayanan hadisə olub. Bu mənada nəzərlərin ona ev sahibliyi edəcək Azərbaycana yönəlməsini təbii sayıram. Ümumən diqqəti şərtləndirən amilləri bir neçə cəhətdən xarakterizə etmək olar. Birincisi, Azərbaycan postsovet ölkəsidir. Qərb təfəkküründə belə məmləkətlərlə əlaqədar xüsusi baxış formalaşıb və o baxış heç də həmişə pozitiv ruhlu olmur. İkincisi, “Avroviziya-2012”nin müsəlman ev sahibi var. Səhv etmirəmsə, bizədək bu yarışma İslam ölkələrindən yalnız Türkiyədə baş tutub. Üçüncüsü, nüfuzlu musiqi yarışması ilk dəfədir Qafqaz ölkəsində reallaşacaq. Bunlar məsələnin birinci tərəfidir. İkincisi, son illər ölkəmizin dünya miqyasında tanınmasına yönələn nə qədər genişmiqyaslı işlər həyata keçirilsə də, bizə yanaşmada müəyyən bəlli sindromlar var ki, onlar aradan qalxmayıb. Söhbət heç də onda deyil ki, mövcud istiqamətdəki fəaliyyət düzgün qurulmayıb. Əksinə, məqsədyönlülük yüksək səviyyədədir. Sadəcə vaxt, zaman məhdudiyyəti duyulur. Bütün planları iyirmi ilin içərisinə sığışdırmaq təbii ki, mümkünsüzdür. Buna görə də Azərbaycan deyəndə Qərb, Avropa insanının nəzərlərində böyük hesabla tipik səhnələrin canlanması tendensiyası yaşanmaqdadır. Ya fundamental islamçı Şərq ölkəsi, ya sabiq SSRİ respublikalarından biri, ya da neft buruqları ilə zəngin xammal mənbəyi. Əlbəttə, siyasi anlamda məsələyə baxışlar fərqlidir. Siyasilər bizlər barədə daha xəbərdardırlar. Ölkəmizin müstəqil məxsusi yolunun olduğunu düşünənlər çoxdur və təəssüf ki, onların bəzilər bu yolu nəinki bəyənmirlər, hətta mövcudluğunu yaxına buraxmırlar. Ona görə də öz ölkələrindəki ictimai rəyin mənfi təsəvvürlər üzərində köklənməsinə cəhd göstərirlər. Hazırda “Avroviziya-2012” bu kimi neqativ meylləri heçə endirmək şansıdır. Nəzərə alaq ki, Bakıya köhnə qitənin əksəriyyət etibarilə sadə sakinləri təşrif buyuracaqlar. Tutalım, ölkəmizdəki real vəziyyəti gözü ilə görən Almaniya vətəndaşı sonradan gedib hansısa yerli qəzetdə oxuduğu ilə paralellər aparacaq. Nəyin nə dərəcədə doğru ola biləcəyini və ya həqiqətlə uzlaşmasının mümkünlüyünü müstəqil şəkildə götür-qoy edərək nəticəyə gələcək. Təbii ki, əyani məlumatlı adama tipik mənfi təbliğat vasitələri təsir göstərməyəcək. Görünür, bir sıra dairələr məhz buna görə də “Avroviziya-2012”ni boykot etmək çağırışları səsləndiriblər. Amma zənnimcə, “Avroviziya-2012”yə az müddətin qaldığı məqamda təsirlər və təzyiqlər mərhələsini böyük hesabla arxada qalmış saymaq olar. Düşünürəm ki, xarici mediada ölkəmizlə bağlı anti-təbliğat tendensiyası heç bir halda nüfuzlu yarışmanın ümumi ab-havasına təsir göstərmək imkanında deyil.
– Demək, anti-təbliğatın qarşısı haradasa alınıb və Azərbaycanla bağlı müsbət rəyin formalaşdırılması halları mənfi təsəvvürlərin təbliğini üstələyib?
– Məsələyə bir qədər fərqli tərzdə yanaşardım. Təbii ki, təbliğat nöqteyi-nəzərdən konkret işlər həyata keçirildi və bununla əlaqədar Azərbaycan mediasının da aktivliyini xüsusi vurğulamaq mümkündür. Ümumən isə ölkəmizlə bağlı təsəvvür baxımından az öncə vurğuladığım cəhətlərin varlığı indinin söhbəti deyil. Onlar iyirmi il əvvəlin baxışlarıdır ki, bəzi nişanələri müəyyən mənada bu günümüzədək gəlib çıxır. Düşünmürəm ki, həmin baxışları “Avroviziya-2012”nin təbliğatı ilə tamamilə aradan qaldıracağıq. Amma onlarda əsaslı dəyişikliklərin yaranacağına inanıram. Hazırda müşahidə olunan ab-hava mövcud sahədəki işlərin müsbət mənada daha təsirli nəticələrindən danışmağa əsas verir. Zənnimcə, bu prosesdə Azərbaycan mediasının xüsusi rolu var.
– Sizcə, mediamızın “Avroviziya-2012”yə dəstəyi baxımından konkret hansı tədbirləri fərqləndirmək mümkündür?
– Ümumən Azərbaycan mediası əksəriyyət etibarilə ölkə ilə əlaqədar birmənalı, obyektivlikdən uzaq təbliğat hallarına münasibətdə həssas yanaşmaq, reaksiya vermək təbiətinə malikdir. Bu, onun mahiyyətindən, tarixi missiyasından qaynaqlanır. “Avroviziya-2012”yə dair anti-Azərbaycan təbliğatına münasibətdə də ümumi ruha sadiqlik nəzərə çarpdı. Mövcud sahədə kimlərinsə əməyini xüsusi fərqləndirmək istəməzdim. Çünki hər bir jurnalist içərisindən gələn saf istəklə prosesə dəstək olmağa çalışdı. Hərə məsələyə özünün yaradıcılıq potensialının imkan verdiyi tərzdə münasibət bildirdi.
Qələm sahiblərimiz qrup həmrəyliyi də nümayiş etdirdi. Məlum olduğu kimi, Azərbaycan jurnalistlərinin “Avroviziya-2012” iştirakçıları olan ölkələrin media təmsilçilərinə kifayət qədər geniş məzmunlu müraciəti qəbul olundu. Onların müəyyən qismi xaricdə baş tutan toplantılarda iştirak edərək ölkələri ilə bağlı birmənalı rəyin formalaşmasına maneçilik törətdilər. Ümumən jurnalistlərimiz prosesə həm peşəkarlıq, həm də vətəndaş münasibəti baxımından layiqli töhfələrini verdilər və indi də missiyalarını davam etdirməkdədirlər.
– “Avroviziya-2012” öncəsi Azərbaycanda söz və mətbuat azadlıqlarının vəziyyəti. Son günlər müxtəlif xarici ölkələrdə Azərbaycanla bağlı bəzi tədbirlər təxminən bu sayaq adlandırmalar altında keçirilir. Məsələyə münasibətinizi bilmək maraqlı olardı.
– Əslində söhbətimizin əvvəlində bununla bağlı müəyyən məqamları vurğuladım. Əsasən müəyyən mənada siyasi cəhətləri. İndi məsələni bir qədər də konkretləşdirdiniz. Ölkəmizdə söz və mətbuat azadlığı ilə bağlı müzakirələrin təşkili zəruridir, hətta faydalıdır da. Amma belə görünür, Azərbaycan keçmiş postsovet ölkələri içərisində mövzuya dair diskussiyalara cəlb edilməsinə görə də liderdir. Təbii ki, bunların hamısı respublikamıza demokratiyanın vacib atributunun dərinləşməsinə dəstək vermək niyyəti daşımır. Əksinə, bəzən təsəvvür formalaşır ki, kimlərəsə məhz problemli Azərbaycanın olması sadəcə hava-su kimi vacibdir. Belələri xaricdə olduğu kimi, daxildə də mövcuddur. Sanki bir qrup da var ki, necə deyərlər, nataraz hərəkəti ilə onların hər ikisinə fürsət yaratmaqla məşğuldur. Baxırsan, bəzən problemlər heç nədən yaranır. Halbuki normal müzakirə apararaq ortaq mövqeləri formalaşdırmaq, mübahisələri sivil tərzdə nizamlamaq mümkündür. Yersiz prinsipiallığı kənara qoyub hərəkətimizin ölkəmizdən kənarda hansı rezonans doğura biləcəyini hesablamalıyıq. Çünki bir qayda olaraq kimlərinsə özünü fərqləndirmək niyyətini tamam başqa tərzdə ifadə edənlər var və belə hallar zərərimizədir. Əlbəttə, Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı problemlərin yoxluğunu söyləmək qeyri-obyektivlik olardı. Amma biz hansısa “dördüncü dünya” ölkəsi də deyilik. Konkret məsələyə gəldikdə, ümumən hesab edirəm ki, “Avroviziya” yarışmasına görə Azərbaycanda söz və mətbuat azadlığının durumu ilə bağlı dəyərləndirmələrin aparılması düzgün yanaşma deyil. Hər halda bunun sırf siyasi məqsədə hesablandığı birmənalıdır. Bəzilərinin dediyi kimi, belə hərəkətlər Azərbaycan hakimiyyətinin “Avroviziya” təbliğatı ilə öz nüfuzunu artırmaq kimi siyasi gedişə yol verməsinə qarşı adekvat addım kimi də özünü doğrultmur. Bu cür hallar mübarizə, rəqabət deyil, qurşaqdan aşağı zərbədir. Heç olmasa, o zərbənin böyük fəsadları hesablanmalı, məsələyə həssas yanaşılmalıdır. Təəssüf ki, Azərbaycan mediasının müəyyən qismi də mövcud mənfi prosesdə yer alır. Yenə də deyirəm, Azərbaycandakı söz və mətbuat azadlıqlarına qiymətin “Avroviziya-2012” müstəvisində verilməsini düzgün saymıram. Hər halda bu, bir musiqi yarışmasıdır. Vaxt var idi, mötəbər müsabiqəyə qatılmamağımızı həm də ölkənin mənfi siyasi mahiyyəti ilə bağlayırdılar. Azərbaycan təmsilçisi orada iştirak edib, qalib gəlib. İndi həmin adamlar tədbirin ölkəmizdə təşkilinə qarşıdırlar və eyni məqamı qabardırlar. Zənnimcə, bu mənada da böyük məntiqsizlik var.
– “Avroviziya”nın söz və mətbuat azadlığı ilə eyni müstəvidə dəyərləndirilməsini düzgün saymadığınızı deyirsiniz. Amma fakt ondadır ki, belə deyərləndirmələr aparılır...
– Əlbəttə, düzgün saymıram. Amma bu o demək deyil ki, mövcud istiqamətdəki müzakirələrə də qatılmaq lüzumsuzdur. Əgər iştirak etməsək və yalnız Azərbaycandan etiraz bəyanatı səsləndirməklə kifayətlənsək, bunun hər hansı faydası olmayacaq. Avropa Yayımlar Birliyinin bu günlərdə İsveçrənin Cenevrə şəhərində düzənlədiyi və “Avroviziya-2012” öncəsi Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinə həsr olunmuş dinləmələrə mən də qatılmışdım. Toplantıda dünyanın tanınan jurnalist təşkilatlarından çoxsaylı təmsilçi iştirak edirdi. Tədbirə Azərbaycandan qeyri-hökumət qurumlarının nümayəndələri, müxtəlif ekspertlər və dövlət rəsmiləri qoşulmuşdular. Məlum olduğu kimi, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da dinləmələrə qatılmışdı.
Onu deyim ki, toplantıda Azərbaycana qarşı gerçək cəbhənin açıldığı görüntüsü nəzərə çarpırdı. Sanki tək qapıya futbol oyunu gedirdi. Amma müzakirələrin gedişində bəzilərinin ölkəmizlə bağlı baxışlarında da dəyişiklik yarandı. Söz və mətbuat azadlığı prinsiplərinə necə dəyər verilməsini heç də onlardan pis bilmədiyimizi gördülər. Aldıqları informasiyaları, faktları dəqiqləşdirmək imkanları oldu. Bəzilərinin gözlədiyi kimi, AYB heç də birtərəfli nəticəyə gəlmədi. Deməli, müzakirələr, fikir mübadilələri nəticəsini verdi. Sözüm ondadır ki, necə düşünməyimizdən, nəyi necə qiymətləndirməyimizdən asılı olmayaraq, ətrafımızda gedən prosesləri izləməliyik, onlara qoşulmalıyıq. Təbii ki, məramımız, niyyətimiz safdırsa, Azərbaycan mediasını inkişafına töhfə verməyə yönəlibsə, problemlərin mövcudluğunu da etiraf etməli, onların aradan qaldırılmasına çalışmalıyıq. Nəzərə almalıyıq ki, ənənəvi inkarçılıq, diskussiyalardan qaçmaq sonda mənfi rəyin formalaşmasına gətirir.
Bir daha vurğulayım, Azərbaycan mətbuatının problemsizliyini iddia etmək düzgün olmaz. Bizdə söz və mətbuat azadlığı, informasiya mənbələrinin jurnalistlər üçün əlverişsizliyi, onlara çıxış imkanlarının yetərincə olmaması kimi çətinliklər aktuallıqlarını saxlamaqdadır. Ölkəmizdə kütləvi informasiya vasitələrinin yayımı, səyyar satışı ilə bağlı problemlər qalmaqdadır. Bəli, mətbuatımız ölkənin reklam bazarına qoşulmaq imkanından məhrumdur və bütün bunları söyləmək üçün heç də hansısa kampaniyaya qoşulmağa ehtiyac yoxdur. Vəziyyət onsuz da aydındır. Real çıxış yollarını aramaq lazımdır.
İndiyədək bir çox nailiyyətlərə imza atmışıq, Mozambik və ya Əfqanıstanla eyni sırada nə indi, nə də heç zaman olmadığımızla razılaşmaq lazımdır. Heç kəs buna inanmağı mövqeyinə zərər gətirəcək hiss kimi dəyərləndirməsin. Xaricdə kimlərinsə, hansısa siyasi məqsədlərə görə Azərbaycan hakimiyyəti ilə bəlkə də ədavəti var. Özlərini haqlı saymaları da mümkündür. Amma hesab edirəm ki, həmin ziddiyyətlərə söykənib dövlətin mənfi obrazının yaradılması fonunda ölkəmizin sivil dəyərlərdən uzaq, lokal fundamentalizmə malik cəmiyyət olduğuna dair yanlış təsəvvürün formalaşdırılması ən azı ədalətsizlikdir.
– “Avroviziya-2012”yə saylı günlər qalır. Hazırda Azərbaycan mediasının nüfuzlu musiqi hadisəsinə hazırlığını necə dəyərləndirirsiniz?
– Medianın prosesdə iştirakının kifayət qədər səlist təşkil olunduğu qənaətindəyəm. Ayrıca hesab edirəm ki, “eurovision.az” saytı yarışma, onun iştirakçıları ilə bağlı bütün zəruri təfərrüratların informasiya şəklində bir mərkəzdən paylanması prosesini çox uğurla reallaşdırmaqdadır. Ümumən Azərbaycan mediasının “Avroviziya” kimi olayı cəmiyyətə çatdırmasının müsabiqəyə marağı ödəmək nöqteyi-nəzərdən adekvatlılığını düşünürəm. Jurnalistlərimiz ölkəmiz üçün əlamətdar sayılan hadisəyə eyni zamanda vətəndaş təəssübkeşliyi nəzərindən də yanaşırlar. Bu, böyük hesabla idarə olunmayan, lakin çox kontrollu təsir bağışlayan hazırlıq nümunəsidir.
Dünyanın nüfuzlu kütləvi informasiya vasitələrindən ölkəmizə təşrif buyuranların olacağını nəzərə alsaq, hesab edirəm ki, “Avroviziya-2012” Azərbaycan jurnalistləri üçün eyni zamanda təcrübə mübadiləsi, fərdi əməkdaşlıq münasibətlərinin qurulması və möhkəmləndirilməsi baxımından da gözəl şansdır.
 
 
 
 
 
 
 
 





18.05.2012     Çap et  Çap et