525-ci qəzet

Qızıl qaya, qoşa bulaq, dədə palıd...



 
 
Borçalını yaxın qəribliyin göynərtisi bilənlərdən biri də mənəm; Borçalı 300 ildən çoxdu göynəməkdədir... Borçalının azman ellərindən biri də Faxralıdı...
 
Faxralının könülaçan gözdoyduran, zamanında Çıldırlı Aşıq Şenniyi də, SÖZün Səməd Vurğununu, Osman Sarıvəllisini də, SƏSin Şövkətini, İslamını, SƏNƏtin Səməndərini, Muxtarını da...duyğulandıran Faxralı; qınayan olmasa Faxralının İrəm misallı təbiətini dünyanın səkkizinci möcüzəsi adlandırardım – sıx meşələr, gur bulaqlar, gen oylaqlar, biçənəklər, ətri bir ayrı biçim güllər-çiçəklər...
 
Sözümün canı var:
 
Qızıl qayanın duruşu bir ayrı aləmdi; yad nəfəsi sezincə boz üzü bir az da bozarır. Tanıdıqlarının gəlişinə qucaq açır, qızılı qolları yola sarı əyilir sanki...
 
Qoşa bulağın suyundan bircə ovuc içən yolçu yorğunluğunu unudur; Qoşa bulağın suyunu dirilik suyuna tay bilənlər suç eləmir...
 
Bejanazarana çata-çatda illər yormuş bir palıd var. Nabələdlərə maraq, heyrət, bələdlərə ehtiram, sevgi, məhəbbət ünvanıdı. Əzəməti, bənzərsiz duruşu, xırman kölgəliyi neçə onillərdi ötüb-keçəni uğurundan saxlayır. Nağıların Hasan kişi ona Dədə Palıd deyərdi; Dədə Palıd göy üzünə boy göstərəli boyu görünən hər yolçuya, hər binəçiyə dədəlik eləyib. Sayğısını kimsədən əsirgəməyib – yağışa düşənə çətir olub, istidən təntiyənə kölgəlik...
 
Qızıl qaya, Qoşa bulaq, Dədə Palıd nədən xatırlandı? – düşünüləcək şübhəsiz...
 
Qızıl qaya da, Qoşa bulaq da, Dədə Palıd da yaradılmışın – bəşərin xidmətindədi. Topluma (el-obaya, Vətən dediyimiz torpaq kəsimində yaş yaşayıb ömür eləyənlərə, bu səmtə güzarı düşənlərə) can yandıranların xarakterində Qızıl qayalıq, Qoşa bulaqlıq, Dədə Palıdlıq var, düşünürəm. Həm də belə düşünməkdə suç eləmirəm, qətiyyən suç eləmirəm. Tahir Musa oğlu Pənahovun xarakterində Qızıl qaya əzəməti, Qoşa bulaq sərinliyi, Dədə Palıd xisləti var axı...
 
                                                         lll
 
Neçə onillərdi təhsil problemləri ilə məşğulam. Könülsüz təhsil alan da görmüşəm, buna məcbur olan da, Peyğəmbər Əfəndimizin “Elm Çində də olsa onun dalınca get” kəlamını illərinə həmayıl bilənlər də. Tahir Musa oğlu belə gənclərdən biriydi.
 
...Tahir Faxralı orta məktəbində oxuyanda bilmirdi ki, “Heç bir bəşər tədqiqatı riyazi isbatdan keçmədən həqiqət adlandırıla bilməz” (L.D.Vinçi). Bu kəlamı 1955-ci ildə, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU-nun) tələbəsi olanda eşidəcəkdi. Və bu kəlam xarakteri etibarilə elmin, həqiqətin, ədalətin mürüdü olan Tahir Musa oğlu üçün yaşam, yaşama söykənən fəaliyyət aksiomu oldu. Qızıl qaya mətinliyi, Qoşa bulaq təmkini, Dədə Palıd səbri ilə oxuduğu, öyrəndiyi tezisləri təfəkkürünün işığında cilalamağı yaxşı bacarırdı; tələbə-tədqiqatçı idi Tahir...
 
İnstitutu bitirəndə Tahir Pənahovu təyinatla Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasına göndərdilər – baş laborant kimi. Elm mücahidlərinin xislətində bir dönməzlik də var axı; Tahir Musa oğlu EA-nın Fizika İnstitutunun aspiranturasına daxil oldu. Ümidverən tədqiqatçı olmasaydı onu ilk elmi məqalələrinin zəmanəti ilə M.Lomonosov adına MDU-ya göndərməzdilər...
 
1962-cı ildə Politexnik İnstitunun baş müəllimi idi Tahir Pənahov...
 
1964-cü ildə Tahir  müəllimi Aşqabad şəhərinə, Türkmənistan Dövlət Universitetində ixtisas dərslərində mühazirə oxumağa dəvət etdilər. Niyə məhz Tahir Pənahovu? Elmi təfəkkür, səlis nitq, pilə misallı xarakter amili öz sözünü demişdi...
 
1966-cı ildə “Ni3Fe ərintisinin qalvanomaqnit və termomaqnit effektinə tantal və molibdenin təsiri” mövzusunda namizədlik dissertasiyası müdafiə edən Tahir Pənahovun elmi uğuru dövrün elmi müəssisələrində də, fərdi olaraq ayrı-ayrı elm adamlarının rəylərində də öz layiqli dəyərini aldı. Belə olmasaydı, fizika-riyaziyyat elmləri namizədi Tahir Musa oğlu Pənahov Yaşovets (Polşa), Budapeşt (Macarıstan), Sverdlovsk, Krasnoyarsk, Xarkov, Tula, Perm, Donetsk, Tomsk, Kiyev, Tbilisi, Zelinoqrad, Aşqabad, Mahaçqala kimi şəhərlərdə keçirilən elmi konfranslarda iştirak edə bilməzdi. Maqnit hadisələri fizikası, atom nizamlılığı və onun ərintilərin xassələrinə təsiri və s. mövzularda məruzələrinin tezisləri alimin elmi idrakının təsdiqi idi.
 
90-cı illər sabiq SSRİ üçün də texniki yeniliklər, həm də elmə əsaslanan yeniliklər gözləməkdəydi. Heç bir siyasi məqsədə uymayan elm öz axarındaydı və Tahir Musa oğlu Pənahov tədqiqatlarını uğurla davam etdirirdi, həm də inadkarlıqla davam etdirirdi. Təbii ki, kifayət qədər elmi təfəkkürə malik alim arzuladığı elmi nəticələrə də nail olur. Tahir müəllim tədqiqatlarını ümumiləşdirərək “Nikel əsasında ikiqat və üçqat ərintilərin stukturu və fiziki xassələri” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi (1988). Bu və ya digər fiziki cismin strukturunu müəyyənləşdirmək kifayət qədər elmi məlumat (əslində elmi bilgi), ümumiləşdirmə qabiliyyəti, maraq, istək və s. tələb edir. Tahir müəllim belə alimlərdəndir. Belə olmasaydı akademik S.V.Vonsovski, akademik V.Q.Baryaxtar, E.İ.Kondorski, A.V.Deryagin, R.P.Ozerov, V.E.Zinovyev, Azərbaycan SSR EA-nın müxbir üzvü Y.M.Seyidov, akademik E.M.Şaxtaxtinski dissertasiyanın elmi dəyərini yüksək qimətləndirməzdi...
 
Tahir Pənahovun tədqiqatları toplumun, konkret olaraq sənayenin inkişafına ünvanlanırdı. O, dövlət büdcəsindən maliyələşən “Metal və ərintilər fizikası” ETL-nın AzMİU-da açılmasının təşəbbüskarı olmuş, elmi baza üçün EPR, Universal Optik və maqnito-optik qurğusunu hazırlamış, müasir panotexnologiya ilə işləmək üçün atom qüvvət nikroskopunu, maqnit və elektrik xassələri ölçmək üçün qurğunu işə salmışdır. Bu, adi nailiyyət deyildi. Bu, sənayenin daha potensial müstəvidə inkişafına istiqamətlənirdi...
 
Yeni yaradılan sənaye müəssisələri professor Tahir Pənahovun köməyindən bəhrələnməyə çalışıb: Tahir Pənahov Zabrat Oksigen Zavodunda yaradılan açıq səhmdar cəmiyyətdə kifayət qədər böyük laboratoriya yaratmış, cihazların işləmə qaydalarını hazırlamışdı. Bu laboratoriyada hazırlanmış universal voltmetr böyük texniki nailiyyət idi; universal voltmetr sabit gərginliyi, cərəyan şiddətini, aktiv müqaviməti ölçə bilir. Bunun nə demək olduğunu mütəxəssislər, bir də sənayeçilər daha yaxşı bilir...
 
Bu və ya digər tədqiqat əsəri tətbiq olunduqda daha dəyərlidir, düşünürəm. İstedadlı alim Tahir Pənahovun əldə etdiyi elmi nəticələr zamanında Moskva Elektromaqnetizm Zavodunda, Moskva Elektromexanika və Avtomatika İnstitutunda, SSRİ EA-nın Yüksək Temperaturlar İnstitutunun Xüsusi Konstruktor Bürosunda, Azərelektromaş Birliyində, Bakı Radio Zavodunda, ...uğurla tətbiq olunub.
 
                                                         lll
 
Yeri gəlmişkən, Universitetdə Tahir müəllimə ad olan yubiley gecəsində professorlardan biri səmimiyyətlə demişdi: “Xalq şairi adı var, xalq aristi, xalq rəssamı adı var. Xalqın dayısı adı təsis edilsəydi, o ad ilk olaraq Tahir Musa oğlu Pənahova verilərdi”. Bu qənaət Tahir müəllimin qayğıkeşliyinin təsdiqidir, şübhəsiz...
 
                                                         lll
 
...Həzin-həzin meh əsir. Ağacların ufacıq budanlarını, ufacıq budaqlarda tumurcuq köynəyini təzəcə soyunmuş yarpaqları titrədir. Mehin bir əlçimi dincini xırdaca yerişli ağsaqqalın – professor Tahir Musa oğlu Pənahovun ağ tellərində alır. Tahir müəllim bir anlığa ayaq saxlayıb gömgöy göy üzünə baxır. Mənə belə gəlir ki, indi onun düşüncələrində kövrək bir sual çırpınır: “Mən illərə nə verdim, illər mənə nə verdi?”...
 
Tahir müəllim illərə 360-dan çox elmi məqalə, 15 monoqrafiya və dərs vəsaiti, 20-dən çox müəlliflik şəhadətnaməsi və patenti gətirən kəşf verib. Bunlar adi rəqəmlər deyil. Bu rəqəmlər dərin elmi təfəkkürlə istəyin, istəklə dönməzliyin, dönməzliklə zəhmətin, zəhmətlə elmi təfəkkürün vəhdətinin nəticəsidir. Tanrı Tahir Musa oğlu Pənahova duyumlu ürək, böyük istedad, illər dəruni ehtiram, el-oba sevgisi, Qızıl qayalıq, Qoşa bulaqlıq, Dədə Palıdlıq verib...
 
Rəşid FAXRALI
 





Mənbə: Rəşid FAXRALI17.05.2012     Çap et  Çap et