525-ci qəzet

“Özünədəstək” layihəsi Xaçmaz rayonunda davam etdirilib




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Xaçmaz rayonunda “Özünədəstək”-Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmaq üçün seçilmiş 30 aztəminatlı ailə ilə “Sosial müqavilə”lər imzalanıb və onlara müvafiq bildirişlər paylanıb. Nazirlikdən verilən məlumata görə, layihəyə cəlb olunmuş ailələrlə görüşən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov onlara öz təsərrüfatlarını inkişaf etdirmək məqsədilə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanmağı tövsiyə edərək, bu sahədə uğurlar arzulayıb.
Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov layihənin aztəminatlı ailələrin təsərrüfatında, ümumən onların yaşayışında yaratdığı dəyişikliklərin öyrənilməsi üçün bir ildən sonra ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə birgə monitorinqin aparılacağını deyib. E. Sultanov həmçinin bu müddət ərzində həmin ailələrin layihədən istifadə ilə bağlı təsərrüfat fəaliyyətinə daim nəzarət olunacağını, bu ailələrin lazım gəldikdə bu və ya digər formada əlavə dəstəklə təmin olunacağını diqqətə çatdırıb.
“Özünədəstək”-Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmuş aztəminatlı ailələrin nümayəndələri onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün göstərilən qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edərək, onlar üçün yaradılmış bu imkandan yararlanaraq, təsərrüfatlarını inkişaf etdirəcəklərini bildiriblər.
Daha sonra rayonun Köhnə Xaçmaz kəndinin sakini Alimcan Ziyayevin ev təsərrüfatına baxış keçirilib və “Özünədəstək” layihəsinə cəlb olunmaq üçün müvafiq potensiala malik olduğu nəzərə alınaraq, onun ailəsinin də bu layihəyə cəlb edilməsi qərara alınıb.
Qeyd edək ki, “Özünədəstək” layihəsinə cəlb olunacaq ailələrin seçilməsində nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri də iştirak edib.
BƏXTİYAR





17.05.2012     Çap et  Çap et