Zoran Vayoviç: “Serbiya və Azərbaycan beynəlxalq səviyyədə, eləcə də BMT-də münasibətlərini davam etdirməlidir”
–Cənab səfir, hazırda Azərbaycanla Serbiya arasında münasibətlərin indiki vəziyyətini necə qiymətləndirirsiniz?
– İkitərəfli münasibətlərimiz hal-hazırda əla səviyyədədir, münasibətlərimiz bütün istiqamətlərdə dinamik şəkildə inkişaf etdirir, bu isə məni çox sevindirir. Ölkələrimiz arasında qarşılıqlı siyasi, iqtisadi və digər sahələrdəki əlaqələrin səviyyəsini yüksək dəyərləndirirəm. Azərbaycanla Serbiya arasında ikitərəfli əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Siyasi münasibətlərimiz ən yüksək səviyyədədir. Son bir il ərzində bir sıra qarşılıqlı səfərlər həyata keçirilib. Serbiya Respublikasının prezidenti Boris Tadiç 2010-cu ilin may ayında Azərbaycana, Prezident İlham Əliyev isə bu ilin iyun ayında Serbiyaya rəsmi səfər edib. Xarici işlər nazirlərinin görüşləri mütəmadi və intensiv xarakter daşıyır. Serbiya Azərbaycanla münasibətlərin inkişafında çox maraqlıdır.
– Azərbaycan son vaxtlar Serbiyada bir sıra humanitar layihələr həyata keçirib. Bu baxımdan bizi daha hansı yeniliklər gözləyir?
– Mütləq qeyd etməliyəm ki, Serbiyada mayın 3-də baş vermiş əlamətdar hadisə münasibətlərimizin yüksək səviyyəsinin bariz nümunəsidir. Həmin gün Belqradda məscid, Novıy Sad şəhərində isə kilsə açıldı, onların hər ikisi Azərbaycan hökumətinin iştirakı ilə bərpa və təmir olundu.
Bu tədbirlərdə Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanın digər dini icmalarının rəhbərləri iştirak etdilər. Bundan əlavə, həmin gün Serbiyanın keçmiş prezidentinə demokratiyanın və sülhün inkişafına, eləcə də münasibətlərimizin daha da möhkəmlənməsinə görə Azərbaycan adından mükafat təqdim edildi.
Bütün bunların hamısı ölkələrimiz arasında münasibətlərin inkişafının göstəricisidir. Ümumilikdə isə bildiyiniz kimi, hər iki ölkə arasında əlaqələrimizin ən yüksək səviyyədə olduğunu sübuta yetirən çoxsaylı humanitar layihələrin həyata keçirilməsi artmaqdadır.
– Bəs iqtisadi münasibətlərlə bağlı nə deyə bilərsiniz?
– İqtisadiyyat sahəsinə gəldikdə, Serbiyada inşa edilən “Koridor-11” yolu ilə bağlı birgə və iri layihəmizin adını qeyd etməliyəm. Söhbət Azərbaycanın Serbiyaya ayırdığı 308 mln. avro məbləğində kreditdən gedir. Uzunluğu 42 km olan yolun bu hissəsinin tikilməsi layihəsinin həyata keçirilməsində həm serb, həm də azərbaycanlı inşaatçılar iştirak edirlər. Bu bizim hal-hazırda gerçəkləşdirdiyimiz ən böyük layihədir. Bununla yanaşı məsələn, kənd təsərrüfatında həyata keçirilən digər layihələr də var. Serb sahibkarları aqro-biznes sahəsində də hazırda hazırlanan bir sıra layihələr təklif edirlər. Serbiyanın Ticarət və Sənaye Palatası naziri və prezidenti başda olmaqla sahibkarlardan ibarət nümayəndə heyəti 14-18 may tarixlərində Bakıya səfər edəcək, ilk dəfə olaraq 15-dən çox serb müəssisəsi Bakı Ekspo Mərkəzində “World Food” beynəlxalq sərgisində iştirak edəcək.Bu, görüşmək, aqro-biznes sahəsində əlaqələri və münasibətləri bərpa etmək üçün daha bir əlverişli imkandır. Kənd təsərrüfatı sahəsində ixtisaslaşan 50-dən çox Azərbaycan müəssisəsinin iştirak edəcəyi biznes-forum da məhz bu məqsədlə planlaşdırılıb. Bu, günü-gündən daha çox inkişaf edəcək dərin siyasi və iqtisadi münasibətlərə daha bir sübutdur.
Biznes forumu Serbiya səfirliyi, AZPROMO, Azərbaycnın İqtisadi İnkişaf və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə təşkil edəcəyik. Bütün maraqlı olan müəssisə və şirkətlər tədbirə dəvət olunub.
– Azərbaycan və Serbiyanın həm də ərazi bütövlüyünün bərpası problemi var. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olduğunu nəzərə almaqla Bakı və Belqradın bu problemin həlli üçün beynəlxalq arenada qarşılıqlı fəaliyyət perspektivləri barədə nə deyə bilərsiz?
– Serbiya və Azərbaycan ən mühüm beynəlxalq hüquq normalarından biri kimi ərazi bütövlüyü və suverenliyi barədə ən yüksək səviyyədə dəfələrlə bəyanatlarla çıxış edən kiçik dövlətlərdir. Həm Serbiya, həm də Azərbaycan beynəlxalq səviyyədə, eləcə də BMT-də bu fonda öz münasibətlərini davam etdirməli və birgə müasir dünyada mövcud olan problemlər üzrə ümumi mövqeyə malik olmaldırlar.
PƏRVANƏ