525-ci qəzet

Elxan Poluxov: “Azərbaycan-CAR münasibətləri qarşılıqlı hörmət əsasında qurulub”



 
 
Müsahibimiz Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR)  səfiri Elxan Poluxovdur.
 
 
 –Elxan müəllim, may ayında Azərbaycanla CAR arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü tamam olur. Siz ötən müddəti iki ölkənin münasibətləri baxımından necə xarakterizə edərdiniz?
 
– Azərbaycan ilə Cənubi Afrika Respublikasının münasibətləri barədə danışarkən qeyd olunmalıdır ki, hər iki ölkə ötən iyirmi il ərzində böyük və uğurlu yol keçmişlər. Eyni tarixi dövrdə yeni siyasi formatda fəaliyyətini davam etdirən ölkələr qısa müddət ərzində yerləşdikləri regionun liderinə çevrilib və bu gün dünya arenasında mühüm mövqelərə malikdirlər. Azərbaycan ilə CAR arasında mövcud münasibətləri qarşılıqlı hörmət əsasında qurulmuş dostluq əlaqələr kimi qiymətləndirmək olar. Beynəlxalq aləmi narahat edən bir çox məsələlərə münasibətdə birgə mövqedən çıxış edən ölkələrimiz bu il BMT-in Təhlükəsizlik Şurasının qeyri- daimi üzvü qismində fəaliyyət göstərirlər. Bununla yanaşı, qeyd edilməlidir ki, ötən iyirmi il ərzində ölkələrimiz arasında iqtisadi və siyasi sahədə münasibətlərdə intensivlik müşahidə olunmayıb və yaranmış bu boşluğun aradan qaldırılması qarşımızda duran başlıca vəzifələrdən biridir.
 
– Sizin fikrinizcə, hazırda Azərbaycan və CAR üçün prioritet istiqamətlər hansılardır?
 
–Qeyd etdiyim kimi, ölkələrimiz arasında əlaqələr daha çox beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətdən ibarət olduğundan, münasibətlərin intensivləşdirilməsi üçün bütün istiqamətlər prioritet hesab olunur. Ümid edirik ki, siyasi, iqtisadi, mədəni, səhiyyə, təhsil və digər sahələr üzrə səfirlik tərəfindən edilən səylər bir müddətdən sonra öz bəhrəsini verəcək. 
 
–CAR Afrikanın ən böyük iqtisadi potensiala malik ölkəsidir. Bu baxımdan iki ölkə arasında iqtisadi münasibətləri necə dəyərləndirirsiniz?
 
–Sözsüz, hər iki ölkə öz regionunun lideri olduğu halda, mövcud iqtisadi potensial demək olar ki istifadə olunmayıb. 2010-cu il üçün ölkələrimiz arasında ticarət dövriyyəsi cəmi 17.54 milyon ABŞ dolları təşkil edib. Qeyd edilməlidir ki bu göstəricilər tərəflərin real imkan və maraqlarına uyğun deyil. Kənd təsərrüfatı, yüksək texnologiyalar, ağır və yüngül sənaye, təhsil, energetika, yeyinti məhsulları kimi prioritet istiqamətlərdə biznes əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Bu gün CAR Cənubi və Mərkəzi Afrikaya aparan bir növ “əsas qapı” rolunu oynayır və dünyanın bir çox aparıcı dövlətləri bu imkanlardan bəhrələnir. Hesab edirik ki, Azərbaycan iş adamları da səfirliyimizin Pretoriyada fəaliyyətindən istifadə edərək bu fürsəti qaçırmamalıdırlar.
 
Məlumat üçün bildirmək istərdik ki, iyun ayının ortalarında Yohannesburq şəhərində Cənubi Afrikanın ənənəvi ən iri sərgilərindən biri keçiriləcək. Hər il bu tədbirə otuzdan artıq ölkədən, o cümlədən MDB məkanından iş adamları gələrək, Cənubi və Mərkəzi Afrikada işgüzar əlaqələr qurur və yeni biznes imkanlarını araşdırırlar. Biz də bir səfirlik kimi Azərbaycanın iş adamlarını bu toplantıya qatılmağa dəvət etmişik və onları burada görməyə ümid edirik.            
 
–Səfir kimi fəaliyyətə başlayandan sonra CAR rəsmiləri, biznes dairələri ilə bir sıra görüşlər keçirmisiniz. Bu görüşlər ikitərəfli münasibətlərin inkişafı, Azərbaycanın CAR-da tanıdılması istiqamətində nə kimi rol oynayır?
 
–Sözsüz, keçirilən hər bir rəsmi görüş və tədbir Azərbaycanı Cənubi Afrikada daha yaxından tanıtdırmaq məqsədini daşıyır. Əfsuslar olsun ki, Cənubi və Mərkəzi Afrikada ölkəmiz barədə çox az məlumat var və bu boşluğu doldurmaq üçün səfirlik tərəfindən müxtəlif işlər həyata keçirilir. Səfirliyin yalnız dörd ay bundan öncə fəaliyyətə başlamasına baxmayaraq, rəsmi görüşlərlə yanaşı fotosərgi təşkil edilib, yerli mətbuatda ölkəmiz barədə məlumatlar dərc olunub, Keyp Taun şəhərinin Ticarət Palatasında ölkəmizin təqdimatı və Novruz Bayramı şənliyi keçirilib və bu istiqamətdə işlər davam etdirilir.
 
Ölkə rəhbəri cənab İlham Əliyevin Azərbaycanın xarici siyasətinə xüsusi önəm verməsi və vətənimizi layiqincə təmsil edilməsinə dair verdiyi tapşırıqlar qarşımızda duran vəzifələrin icrasında daha məsuliyyətli və diqqətli olmasını tələb edir.     
 
– Elxan müəllim, yaxın perspektivdə ikitərəfli münasibətlərdə hansı yeniliklər, rəsmi səfərlər gözlənilir?
 
–Qeyd etdiyim kimi, ikitərəfli münasibətlərin intensivləşməsi istiqamətdə davamli və intensiv addımlar atılmalıdır və yaxud atılacaqdır . Baxmayaraq ki, Azərbaycandan Cənubi Afrika Respublikasına ötən illərdə bir sira rəsmilərin səfərləri olub, lakin bu səfərlər yalnız beynəlxalq tədbirlərdə iştirak məqsədi daşımışdır. Hazırda iki ölkənin xarici siyasət idarələri arasında ilk ikitərəfli sənədin – Anlaşma memorandumunun – imzalanmasına dair işlər aparılır və demək olar ki, qısa bir müddətdə bu iş tamamlanacaq. Belə ilk bir adımın atılması ilə paralel iqtisadi və digər sahələri əhatə edən sənədlər üzərində iş aparılır.
 
– İki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20-ci ildönümü hansı tədbirlərlə qeyd ediləcək?
 
– Qeyd etdiyiniz kimi, bu il CAR ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının iyirminci ildönümüdür və bununla əlaqədar ilk dəfə olaraq ölkə paytaxtı Pretoriyada, 28 may – Respublika gününə həsr edilmiş ziyafət təşkil ediləcək. Baxmayaraq ki, Cənubi Afrika Respublikasında yüz qırxdan artıq səfirlik və beynəlxalq təşkilatlar akkreditə olunub, biz çalışacağıq ki bu tədbiri ən yüksək və yadda qalan səviyyədə keçirək. Bununla yanaşı cari il ərzində dahi şairimiz Nizami Gəncəviyə həsr edilmiş tədbir, CAR-ın bir sıra təhsil və beyin mərkəzlərində ölkəmiz barədə bir sıra təqdimatlar və digər tədbirlərin keçirilməsini planlaşdırırıq.      
 
–CAR-da Azərbaycan diasporu, yaxud bu ölkədə yaşayan azərbaycanlılar barədə nə deyə bilərsiniz?
 
– Diaspora məsələsinə gəldikdə, qeyd olunmalıdır ki, hazırda səfirlik tərəfindən aparılmış iş nəticəsində müəyyən olunub ki, CAR-da az sayda vətəndaşlarımız yaşayır və onların əksəriyyəti ölkənin böyük şəhərləri – Yohannesburq və Keyp Taunda məskunlaşıblar. Hazırda diasporamızın formalaşması və fəallaşması istiqamətdə müvafiq işlər aparılır. Eyni zamanda qeyd edilməlidir ki, burada yaşayan vətəndaşlarımız özləri də fəallıq göstərərək səfirliyin ictimai həyatında iştirak edir və mümkün köməklik göstərirlər.       
 
–Artıq bir müddətdir CAR-da səfir kimi fəaliyyət göstərirsiniz. Sizi bu ölkədə daha çox nələr təəccübləndirir?
 
–Afrikanın çox zəngin təbiəti var və ən çox xoşuma gələn heyvanat parklarında gördüyümüz heyvanların təbii şəraitdə müşahidə edilməsinin mümkünlüyüdür. Həmçinin fəsillərin tam fərqli ardıcıllıqla getmələri də bizi hər zaman təəccübləndirir.  
 
P. SULTANOVA
 






16.05.2012     Çap et  Çap et