525-ci qəzet

“Azərsu”-nun nümayəndə heyəti Almaniyada beynəlxalq tədbirdə iştirak edir



 
 
 
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti Almaniyanın Münhen şəhərində keçirilmiş Beynəlxalq Su Təchizatı Sərgisində (İFAT) iştirak edib. ASCnin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dünyanın 55 ölkəsindən 2700-dən çox şirkətin qatıldığı sərgidə ən yeni texnologiyalar nümayiş etdirilib.
 
“Azərsu” nümayəndə heyəti su təchizatı və kanalizasiya sektorunda tətbiq olunan yeniliklərlə yaxından tanış olub, qabaqcıl şirkətlərin son texnologiyaları və onların iş prinsipləri ilə maraqlanıb. Sərgi çərçivəsində nümayəndə heyətinə qabaqcıl şirkətlərin istehsalı olan içməli və tullantı sularının istismarında istifadə olunan bütün növ nasoslar, SMART tipli və digər su sayğacları, birləşdirici vasitələr, sunəqledici sistemlər üçün fittinqlər, mexaniki və avtomatik rejimdə işləyən siyirtmələr, diffuzorlar və digər avadanlıqlar nümayiş etdirilib. Eləcə də onların iş prinsipləri barədə məlumatlar verilib.
 
Sərgidən sonra “Azərsu” ASC-nin bir qrup əməkdaşı Niderland Krallığının Amsterdam və İsveçin Stokholm şəhərlərində olub. Nümayəndə heyəti Amsterdam şəhərində qrunt sularının idarəolunması ilə bağlı keçirilmiş təqdimatda iştirak edib. Stokholm şəhərində isə dünyanın məşhur nasos istehsalçısı Pluger şirkətində görüşlər keçirən nümayəndə heyəti, həmin firma ilə əməkdaşlıq edən Elmi-Tədqiqat İnstitutunun laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olub. Burada çirkab sutəmizləyici qurğularda təmizlənmiş tullantı sularının OBT (Oksigenin bioloji tələbatı) göstəricisinin aşağı salınması prosesi barədə ətraflı məlumat verilib.
 
BƏXTİYAR
 
 






16.05.2012     Çap et  Çap et