525-ci qəzet

“ABŞ təhsilli məzunların Azərbaycanda rolu” müzakirə edilib


ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə “ABŞ təhsilli məzunların Azərbaycanda rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, eləcə də ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi təhsil proqramlarının 40-a yaxın məzunu iştirak edib. İlk öncə adıçəkilən təşkilatın idarə heyətini sədri Aynurə Piriyeva tədbir iştirakçılarına təşkilat, onun tarixi və birliyin həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi 2003-cü ildə ABŞ-da təhsil alan məzunları bir çətir altına yığmaq məqsədilə bir qrup aktiv məzunlar tərəfindən yaradılıb. Birlik Azərbaycanda müxtəlif təhsil mübadilə proqramlarının məzunlarını, eləcə də dövlətimizin və cəmiyyətimizin inkişafına müsbət təsir göstərən bilikli və bacarıqlı kadrları birləşdirən qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır: “2003-cü ildən bəri təşkilat çox dəyişib, vətəndaş cəmiyyətində ən aktiv və dayanıqlı fəaliyyət göstərən təşkilatlardan biridir. Təşkilat hazırda 3 minə yaxın ABŞ təhsilli Azərbaycan məzununu öz ətrafında cəmləşdirir. Bu gün bu məzunlar dövlətimizin və cəmiyyətimizin inkişafına müsbət təsir göstərən bilik və bacarıqları özündə birləşdirən kadrlardır. Hazırda ABŞ təhsilli Azərbaycan məzunları dövlət qurumlarında, qeyri-hökumət təşkilatlarında və iri şirkətlərdə çalışaraq ölkəmizin inkişafına töhfə verirlər”. Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov gənclərin dövlətin inkişafındakı rolundan danışaraq, dövlətin hər zaman gənclərə böyük diqqət və qayğı ilə yanaşdığını vurğulayıb. Şöbə müdiri bildirib ki, əsas məqsədlərdən biri gənclərin vətənpərvər ruhda böyüməsi və savadlı olmaları, müasir biliklərə yiyələnmələridir: “Buna nail olmaq üçünsə gənclərlə bağlı bir sıra dövlət proqramları və layihələr həyata keçirilir. Dövlət başçısının 2007-ci ildə imzaladığı azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alma proqramı çərçivəsində minlərlə azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərində təhsil alır”. E.Aslanov bəzi hallarda xaricdə təhsil alan tələbələrin bəzilərinin lazımi tələblərə cavab vermədiklərini təəssüf hissi ilə qeyd edib və gənclərin öz Vətənini sevən, ölkəsinin tarixini yaxşı bilən, savadlı və bilikli olmasının vacib olduğunu xüsusi qeyd edib. S.QARAYEVA





16.05.2012     Çap et  Çap et