525-ci qəzet

“Son zəng” məktəb daxilində qeyd olunacaq



“Orta məktəblərdə “Son zəng” tədbirləri əvvəlki illərdə olduğu kimi, yenə də məktəb daxilində təşkil ediləcək”. Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, “Son zəng” keçirilməsi ilə bağlı 10-15 günə əmr imzalayacaq: “Əvvəlki illərdə atdığımız addımları bu il də atacağıq. Çünki son illər “son zəng”in təşkili ilə bağlı elə bir ciddi problemlə rastlaşmamışıq”.
M.Mərdanov vurğulayıb ki, bu il müəllimlərin işə qəbulu ilə bağlı qaydalarda elə bir ciddi dəyişiklik olmayacaq. Təhsil nazirinin sözlərinə görə, bu il müəllimlərin işə qəbulundakı yenilik müsabiqənin bölgələrdə keçirilməsi olacaq: “Bu müsabiqələri Gəncədə, Şəkidə, Lənkəranda, Qubada, Şirvanda keçirmək olar. Yəni hamının bura gəlməsinə ehtiyac olmayacaq. Ötən il olduğu kimi bu il də müəllimlərin işə qəbulu yenə ötənilki qaydada keçiriləcək. Hazırda boş, vakant yerlərlə bağlı məlumatların bölgələrdən toplanılması işi həyata keçirilir. Yaxın vaxtlarda müəllimlərin işə qəbulu ilə bağlı elan veriləcək. Dərs ili başlayana qədər müsabiqədə iştirak edərək qalib gələn müəllimlərin yerlərə göndərilməsini təşkil edəcəyik. Hələlik nə qədər vakant yerin olduğu dəqiq deyil. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin avqust ayında keçirilməsi nəzərdə tutulur”.
S.QARAYEVA





12.05.2012     Çap et  Çap et