525-ci qəzet

Səməd Seyidov ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb



Dünən Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidovun ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinqlə görüşü olub.
Görüşdə ABŞ-la Azərbaycan əlaqələrinin hazırkı inkişafı, ADU ilə Amerika universitetləri arasında mövcud əməkdaşlıq, Azərbaycan Dillər Universitetindəki Amerika mərkəzinin fəaliyyəti haqda fikir mübadiləsi aparılıb. Səməd Seyidov Azərbaycan - ABŞ münasibətlərinin yüksək səviyyədə olduğunu, ADU-nun ABŞ universitetləri ilə əlaqələrinin bu istiqamətdə inkişaf etdirdiyini deyib. Azərbaycan Dillər Universitetindəkı İnformasiya Resurs Kompleksinin, o cümlədən Amerika mərkəzinin fəaliyyətindən danışan rektor bildirib ki, Amerika mərkəzinin ADU-da yerləşməsi universitetin imicini gücləndirir: “ABŞ-la münasibətlər çox vacib və əhəmiyyətlidir”. Rektor bu sahədə ABŞ-Azərbaycan parlamentlərarası dostluq qrupunun fəaliyyətindən də bəhs edib, eyni zamanda ABŞ səfirliyi ilə Azərbaycan Dillər Universiteti arasında olan əməkdaşlıqdan və ikitərəfli əlaqələrdən məmnun olduğunu dilə gətirib.
Adam Sterlinq ABŞ-Azərbaycan münasibətlərinin inkişafını yüksək qiymətləndirdiyini deyib. Azərbaycanın ABŞ-da təbliği üçün bir sıra layihələrin reallaşdırılmasından əminliyini ifadə edən A. Sterlinq səfirliklə əməkdaşlıq çərçivəsində Azərbaycan Dillər Universitetində bir sıra birgə tədbirlərin keçirilməsindən və tələbələrlə ünsiyyətdən razı qaldığını açıqlayıb.
S.QARAYEVA





12.05.2012     Çap et  Çap et