525-ci qəzet

BDU rəhbərliyindən müəllimlərə korrupsiya xəbərdarlığı



Bakı Dövlət Universitetinin (BDU) rəhbərliyi müəllimlərə xəbərdarlıq edib. BDU-nun Hüquq fakültəsinin müəllimi Məhəmməd İmanlının korrupsiya cinayətinə görə həbsinə münasibət bildirən rektor Abel Məhərrəmov hazırda məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır: “Əlbəttə, universitetdə ancaq profilaktik işləri görmək lazımdır və artıq bunları görmüşük. Müəllimlərə xəbərdarlıq edilib ki, artıq belə hərəkətlər olmasın. Bundan sonra belə cəhdlərin olmaması üçün fakültələrdə, rektorluqda müəllimlərlə söhbətlər aparılıb, geniş müzakirələr olub. Qalan məsələlər artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq”. A.Məhərrəmov əlavə edib ki, rəhbərlik etdiyi universitetdə 20 min tələbə oxuyur, bu təhsil müəssisəsinin 4 min əməkdaşı var: “Əlbəttə ki, əməkdaşlar bəzən çaşqınlıq da edə bilər. Amma bu, Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinə yaraşmayan bir hadisədir. Biz bundan nəticə çıxarmalıyıq”.
S.QARAYEVA





12.05.2012     Çap et  Çap et