525-ci qəzet

Moskvada Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilib



Rusiya paytaxtında Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin Qonaq Evində keçirilən tədbirdə MDB-nin icraçı katibi Sergey Lebedev, Rusiyanın rəsmi şəxsləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, bir sıra ölkələrin səfirləri, ali məktəb rektorları və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları H. Əliyevin səfirliyin binasındakı barelyefinin qarşısına çiçək qoyublar. Daha sonra qonaqlara ziyafət verilib.
Səfir Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından, onun keçdiyi həyat yolundan, müstəqil Azərbaycan dövlətinin təşəkkül tapmasında və möhkəmlənməsində əvəzsiz onun rolundan söz açıb. O, H. Əliyevin Rusiya-Azərbaycan münasibətlərinin inkişafına verdiyi töhfələri qeyd edərək, bu gün onun siyasi kursunu Prezident İlham Əliyevin davam etdirdiyini söyləyib.
Mərasimdə Rusiya Prezident Administrasiyası tərəfindən prezident Vladimir Putinin seçki kampaniyası çərçivəsində göstərdiyi fəaliyyətə görə Azərbaycan diasporunun nümayəndələrinə diplomlar təqdim olunub. Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) baş katibi Mikayıl Hüseynov, "Ocaq" cəmiyyətinin sədri, professor Tofiq Məlikli, Rusiya Hüquqşünaslar Birliyinin vitse-prezidenti Ələsgər Tağıyev, "Vətən” Cəmiyyətinin sədri Əlizaman Rəhimov, ÜAK-ın baş katibinin müavini Nemət Nağdəliyev, ÜAK-ın Moskva regional bölməsinin sədri İlqar Hacıyev, İvanovka şəhər Dumasının deputatı Sərraf Məmmədov Rusiya Prezident Administrasiyasının diplomlarına layiq görülüblər.







12.05.2012     Çap et  Çap et