525-ci qəzet

Mayın 6-da keçirilən sınaq imtahanlarının nəticələri açıqlanıb



Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə mayın 6-da keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin dediyinə görə, imtahanın nəticələri komissiyanın rəsmi internet saytına yerləşdirilib. Abituriyentlər nəticələr barədə məlumatı mobil telefonla “İmtahancell” (Azercell nömrələrindən), “Cavab” (Bakcell nömrələrindən) və “Imtahan-info” (NAR Mobile) xidmətləri vasitəsilə də öyrənə bilərlər. Sınaq imtahanları ölkənin 29 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Göygöl, Qazax, Şamaxı, Mingəçevir, Şəki, Qax, Oğuz, Bərdə, Ağcabədi, Göyçay, Ucar, Şirvan, Lənkəran, Astara, Yardımlı, Cəlilabad, Quba, Xaçmaz, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 47 binada təşkil olunub. E.Nağızadə əlavə edib ki, orta məktəblərdə keçiriləcək buraxılış imtahanlarının vaxtı məlumdur. Onun sözlərinə görə, buraxılış imtahanlarının keçirilməsinə iyunun 2-dən başlanacaq. Bütün regionları əhatə edəcək buraxılış imtahanları hər bir region üzrə ayrı-ayrılıqda təşkil olunacaq: “Bununla bağlı müvəqqəti qaydalar artıq hazırlanıb. Bu qaydalar isə yaxın günlərdə mətbuatda dərc olunacaq”. E.Nağızadə qeyd edib ki, Rusiya ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün ayrılmış yerlərə sənəd qəbulu başa çatıb. Rusiya ali məktəblərinə 101 nəfər sənəd verib: “Qeyd edim ki, qəbul imtahanı iki mərhələdən ibarət olacaq. Mayın 15-də abituriyentlər test imtahanı verəcəklər. Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər mayın 23-də II mərhələyə – müsahibəyə buraxılacaqlar. Müsahibədə abituriyentlərin dünyagörüşü, həmçinin dil bilmə səviyyəsi (inşa yazmaqla) müəyyənləşdiriləcək. Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılacaqlar. Abituriyentlər mayın 11-dən “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytından çap edib götürə bilərlər”. S.QARAYEVA




11.05.2012     Çap et  Çap et