525-ci qəzet

Peşə təhsilinə təşviq məqsədilə kurslar həyata keçirilir



 “Bizim Nəsil” Gənclərin regional İnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən Yasamal rayonunda yerləşən 21 saylı tam orta məktəbdə “Gənclər arasında peşə-ixtisas təhsilinin təşviq edilməsi, peşə təhsilinin ictimai statusunun yüksəldilməsinə töhfə verilməsi” adlı layihə həyata keçirilir. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən layihənin məqsədi gənclər arasında peşə təhsilinin təşviq edilməsi, gənclərdə peşə təhsilinə həvəs oyatmaq, qeyri-formal peşə təhsili sisteminin inkişaf etdirilməsinə, peşə təhsilinin ictimai statusunun yüksəldilməsinə töhfə verilməsidir. Layihə rəhbəri Nurəddin Mehdiyev bildirib ki, bu layihələr gənclərə peşə seçimində düzgün istiqamət vermək baxımından əhəmiyyətlidir: “Xarici ölkələrin təcrübəsi göstərir ki, orta məktəb məzunlarının 40-60 faizi texniki peşə təhsili ilə əhatə olunur. Bizdə isə bu göstərici 10-11 faizə bərabərdir. Texniki peşə təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla, ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı qüvvələrindən biri hesab olunur. Keyfiyyətli texniki peşə təhsili fərdin peşəkar sahədə elmi-texnoloji biliklərini genişləndirir. Bununla əlaqədar, dövlət səviyyəsində peşə təhsilinin inkişafına istiqamətlənmiş tədbirlər əhalinin fəal hissəsinin yerli və beynəlxalq əmək bazarındakı dəyişikliklərə müvafiq reaksiya verməsinə imkan yaradar”. Qeyd edək ki, layihə 3 ay müddətində davam edəcək. Layihə çərçivəsində Bakı şəhərində 21 saylı tam orta məktəbdə peşə kursları keçirilir. Kurslar zamanı gənclərə kino-video nümayişçisi, video çəkilişi üzrə operator, peşəkar fotoqrafiya, dərzilik peşələri əsaslı şəkildə öyrədilir. Kurslar peşəkar mütəxəssislər tərəfindən keçirilir və müxtəlif yaş qrupundan peşə həvəsli 40 gənc iştirak edir. BƏXTİYAR




09.05.2012     Çap et  Çap et