525-ci qəzet

İsmayıllıda “Özünədəstək” layihəsinə cəlb olunan ailələrlə görüş keçirilib



İsmayıllı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Özünədəstək”-Birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunmaq üçün seçilmiş aztəminatlı ailələrlə “Sosial müqavilə”lərin imzalanması, onlara müvafiq bildirişlərin paylanması ilə bağlı tədbir keçirilib. Nazirlikdən verilən məlumata görə, tədbirdə iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov layihəyə cəlb olunmuş ailələrlə görüşündə bu proqramın icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, onların yaşayışına müsbət təsir göstərdiyini deyib. O, ailə təsərrüfatını inkişaf etdirmək, özünütəminetmə imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyini qeyd edib.
Nazir müavini həmin ailələrə öz təsərrüfatlarını inkişaf etdirmək məqsədilə bu yeni layihənin yaratdığı imkanlardan daha səmərəli şəkildə yararlanmağı tövsiyə edərək, onlara bu sahədə uğurlar arzulayıb.
Görüşdə həmin ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyə cəlb olunmaq üçün ailə planının hazırlanması və s. barədə izahatlar verilib. Aztəminatlı ailələrin nümayəndələri belə bir effektli aktiv sosial müdafiə tədbirinə cəlb olunmalarını dövlət başçısının aztəminatlı ailələrə qayğı və dəstəyinin daha bir bariz ifadəsi kimi dəyərləndirərək, ölkə rəhbərinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, “Özünədəstək”-Birdəfəlik ünvanlı sosial yardım layihəsi üçün Tovuz, Masallı, Xaçmaz, İsmayıllı və Bakının Nizami rayonları pilot rayonlar kimi seçilib. Layihənin ilk sınaq işlərinə 2011-ci ilin mart ayında Tovuz rayonunun Ermənistanla sərhəddə yerləşən Vahidli kəndində başlanılıb. Əldə olunan müsbət təcrübə əsas götürülməklə bu ilin ilk rübündə Bakının Nizami rayonunda bu sahədə işlər davam etdirilib.
Layihəyə əsasən, şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək və səmərəli əmək fəaliyyəti ilə məşğul olmaq istəyən ailələrə bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardımın məbləği qabaqcadan birdəfəlik formada ödənilir. Bu məqsədlə ailə və ərazi üzrə Əhalinin sosial müdafiəsi mərkəzi arasında tərəflərin hüquq və vəzifələri qeyd edilən “Sosial müqavilə” imzalanır. Həmçinin ailə məşğul olacağı fəaliyyətlə bağlı “Ailənin fəaliyyət planı”nı hazırlayır və 1 il ərzində həmin planda göstərdiyi öhdəlikləri icra edir.
“Özünədəstək” layihəsinə cəlb olunacaq ailələrin seçilməsində nazirlik yanında fəaliyyət göstərən, ixtisaslaşmış QHT-lərin təmsil olunduğu İctimai Şuranın üzvləri də iştirak edirlər.





05.05.2012     Çap et  Çap et