525-ci qəzet

Özəlləşdirmə sahəsində seminar keçirilib



Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid kadastrının aparılmasının daha da təkmilləşdirilməsi məqsədilə müvafiq xarici təcrübənin öyrənilməsi və onun müsbət cəhətlərinin nəzərə alınması məsələlərinə xüsusi diqqət yetirilir. Komitədən verilən məlumata görə, ƏMDK tərəfindən özəlləşdirmə prosesində dövlət müəssisələrinin müflis elan olunması və ləğv edilməsi vasitəsilə satışı üzrə xarici ölkələrin təcrübəsinə həsr edilən seminar keçirilib. Tədbir komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və Almaniyanın federal dövlət əmlakının özəlləşdirilməsinə məsul olan qurumu ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.
Seminarda komitənin mərkəzi aparatının, strukturuna daxil olan və tabeliyində olan müvafiq qurumların əməkdaşları iştirak edib.
Tədbirdə Almaniyalı ekspert Vulf Şimider çıxış edərək özəlləşdirmə zamanı müəssisələrin müflis elan olunması və ya ləğv edilməsi yolu ilə satılması üsulundan istifadənin məqsədəuyğun olduğu hallar, bu üsulun tətbiqinin müsbət cəhətləri barədə məlumat verib. Ekspert qeyd edilən istiqamətdə Almaniyada və digər Avropa ölkələrində toplanılmış təcrübəni ətraflı şərh edib. Eyni zamanda, özəlləşdirmənin gedişində iflas və ləğv etmə metodları arasında seçim edilməsi ilə bağlı məsələlərin həlli, müəssisələrin ləğvinə hazırlığın aparılması qaydaları izah edilib.
Seminarda konkret nümunələr əsasında müəssisələrin ləğvi planlarının hazırlanması və həyata keçirilməsi, müəssisələrin ləğvi prosesinin başa çatdırılması və qalıq əmlakın qiymətləndirilməsi metodları açıqlanıb. Eləcə də, bu sahədə Avropa ölkələrində toplanılmış təcrübənin ölkəmizdə istifadə edilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.





05.05.2012     Çap et  Çap et