525-ci qəzet

Beyləqan rayonunda fermerlərə güzəştli kreditlər verilib



Dünən Beyləqan rayonunun Təzəkənd kəndində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib. Fonddan verilən məlumata görə, tədbirdən əvvəl SKMF-nin vəsaitləri hesabına güzəştli kredit ayrılmış Beyləqan rayonunun Şəfəq kəndində illik istehsal gücü 6 min ton olan süd məhsullarının emalı müəssisəsinin fəaliyyətinə baxış keçirilib.
Tədbir çərçivəsində Beyləqan rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir heyvandarlıq kompleksinin, taxılçılıq, kiçik və orta həcmli intensiv üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanılıb.
Aran iqtisadi rayonunda fəaliyyət göstərən 180-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev son illər dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib. O bildirib ki, regionların iqtisadi mənzərəsinin dəyişməsində, istehsalın genişlənməsində uğurla həyata keçirilən regional dövlət proqramlarının xüsusi əhəmiyyəti var.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu vurğulayıblar. Çıxış edənlər Aran iqtisadi rayonunda, o cümlədən Beyləqanda həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.
SKMF-nin icraçı direktoru Şirzad Abdullayev güzəştli kreditlər hesabına Aran iqtisadi rayonunda, o cümlədən Beyləqan rayonunda həyata keçirilən layihələr barədə məlumat verib. O, qeyd edib ki, bu ilin əvvəlindən ötən dövr ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 772 investisiya layihəsinin maliyyələşdirilməsinə 69,2 milyon manat güzəştli kredit verilib: “Bu layihələrin reallaşdırılması 3200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Verilmiş güzəştli kreditlərin 60,3 milyon manatı regionların payına düşür. Bu ilin ötən dövrü ərzində Aran iqtisadi rayonu üzrə sahibkarlıq subyektlərinin müxtəlif sahələri əhatə edən 332 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,1 milyon manat güzəştli kreditlər verilib”. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Beyləqan və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkarlıq subyektinə 564 min manat güzəştli kredit vəsaiti verilib. Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.






05.05.2012     Çap et  Çap et