525-ci qəzet

Baş Prokurorluq antikorrupsiya əməliyyatı keçirdi



Azərbaycanda bir neçə səhiyyə işçisi korrupsiya faktı ilə əlaqədar tutulub. APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakının Xəzər rayonunda, 26 saylı Mərdəkan və 14 saylı Buzovna xəstəxanalarında əməliyyat keçirib. Həyata keçirilən xüsusi əməliyyat nəticəsində 14 saylı Buzovna xəstəxanasının baş həkimi Oqtay Salamov və daha bir neçə həkim şübhəli şəxs qismində saxlanılıb. Onlar rüşvət almaqda günahlandırılırlar. 14 saylı Buzovna Xəstəxanasından faktı təsdiqləsələr də, bu barədə ətraflı açıqlama verilməyib.
26 saylı Mərdəkan Xəstəxanasından isə xəstəxanada prokurorluq tərəfindən əməliyyat aparıldığı bildirilib.
Baş Prokurorluq iki həkimin korrupsiya ittihamı ilə həbs olunması xəbərini təsdiqləyib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi korrupsiya faktlarını araşdırıb. Xidmət rəhbərinin sözlərinə görə, Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədrinin qanunsuz əməlləri barədə prokurorluğa daxil olan əməliyyat məlumatları idarə tərəfindən araşdırılıb: “Müəyyən olunub ki, Bakı şəhər sakinindən Tibbi Sosial Ekspert Komissiyasına göndərişin verilməsi üçün 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi və əlillik dərəcəsinin təyin olunması üçün 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri rüşvət tələb ediblər”. Bunun üçün dərhal istintaq-əməliyyat qrupu yaradılıb və mayın 3-də keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 14 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Salamov Oktay İsgəndər oğlu saxlanılıb. O, Tibbi Sosial Ekspert Komissiyasına 88 nömrəli göndərişin verilməsi üçün xəstəxananın Buzovna qəsəbəsində yerləşən inzibati binasındakı xidməti otağında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.
Digər istintaq-əməliyyat tədbiri nəticəsində 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri Xudaverdiyev Bayram Rafil oğlu da saxlanılıb. O, xidməti otağında əlillik dərəcəsinin təyin edilməsi üçün komissiyanın Mərdəkan qəsəbəsində yerləşən inzibati binasında Bakı şəhər sakinindən 3 min manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb. Oktay Salamovun xidməti otağına baxış keçirilərkən qəzetə bükülmüş 30 ədəd 100 manatlıq əsginaslarla – cəmi 3 min manat məbləğində pul və vətəndaşın adı qeyd olunmuş qeydiyyat kitabçası maddi sübut kimi götürülüb. Bayram Xudaverdiyevin xidməti otağına və üzərinə baxış keçirilərkən isə pencəyinin cibindən qəzetə bükülmüş 30 ədəd 100 manatlıq əsginaslarla – cəmi 3 min manat olan bağlama, həmçinin komissiyanın qeydiyyat otağına keçirilmiş baxış zamanı vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti və yaşayış yeri haqqında arayış aşkar edilərək götürülüb.
Həmin faktlara görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və törətdikləri cinayət əməllərinə görə Oqtay Salamov və Bayram Xudaverdiyev qeyd edilən maddə ilə ittiham olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirlər davam etdirilir.





05.05.2012     Çap et  Çap et