525-ci qəzet

Polşanın milli bayramı ilə bağlı Bakıda tədbir keçirilib



Polşa Respublikasının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Konstitusiya günü münasibətilə rəsmi qəbul təşkil olunub. Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak edib. Əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış dən Polşanın Azərbaycandakı səfiri Mixal Labenda ilk Polşa Konstitusiyasının qəbul edildiyi tarixdən 221 il keçdiyini bildirib. O, Polşa konstitusiyasının dünyada ilk konstitusiya olduğunu deyib: “Bu müasir ölkənin konstitusiyası Avropada ilk və dünyada ABŞ-dan sonra ikinci konstitusiya idi. Biz fəxr edirik ki, artıq 20 ildir Polşa ilə Azərbaycan arasında diplomatik əlaqələr qurulub. Gələcəkdə də bu münasibətlərin inkişaf edəcəyinə və xalqlarımız arasındakı dostluğun daha da dərinləşəcəyinə ümidvarıq”.
Ölkəsinin inkişaf yolundan danışan səfir Azərbaycan-Polşa əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu bildirərək ölkələrimizin bir çox sahələrdə qarşılıqlı münasibətlərinin inkişaf etdirilməsi yolu ilə inamla irəlilədiklərini vurğulayıb.
Səfir Polşa Mədəniyyət Nazirliyinin Azərbaycanın Xalq şairi, Milli Məclisin üzvü Sabir Rüstəmxanlını “Sənətkara şöhrət” medalı və xüsusi diplomla təltif etdiyini söyləyib. S.Rüstəmxanlı bu medala mədəniyyət və ədəbiyyat sahəsindəki xüsusi xidmətlərinə və Polşa-Azərbaycan ədəbi əlaqələrinin inkişafında oynadığı rola görə layiq görülüb. O, qeyd edib ki, S.Rüstəmxanlı polyak ədəbiyyatının klassiki, slavyan poeziyasının üç zirvəsindən biri sayılan Adam Mitskeviçin ədəbi irsinin tərcüməsi və onun Azərbaycanda tanıdılması sahəsində xeyli iş görüb.
Medala görə minnətdarlığını bildirən S.Rüstəmxanlı Polşa xalqını ölkənin milli bayramı münasibətilə təbrik edib. Millət vəkili iki xalqın diplomatik əlaqələrinin 550 ilə yaxın bir tarixi əhatə etdiyini söyləyib. O, tarixin bütün dövrlərində Azərbaycanla Polşa arasında əlaqələrin mövcudluğunu diqqətə çatdırıb: “Tarixin bütün dövrlərində Azərbaycan ərazisində yerləşən bizim dövlətlərin Polşa ilə sıx əlaqələri olub. Təkcə Azərbaycan Səfəvi dövləti ilə Polşa arasındakı əlaqələrin 540 il yaşı var.
S.Rüstəmxanlının tərcüməsində A.Mitskeviçin “Krım sonetləri” (1985), “Krım sonetləri – pantodeuş” (1998) kitabları, həmçinin “Dünya ədəbiyyatı kitabxanası” seriyasından kütləvi tirajla çap olunan “Seçilmiş əsərləri” Azərbaycan oxucusuna təqdim edilib. S.Rüstəmxanlı həm də Adam Mitskeviçin yaradıcılığı ilə bağlı bir sıra məqalələrin də müəllifidir.
AQİL








05.05.2012     Çap et  Çap et