525-ci qəzet

Siyavuş Novruzov: “Müxalifətin məqsədi dinc aksiya keçirmək yox, qarşıdurma yaratmaqdır”




“İctimai Palata adlanan qurum təmsilçiləri növbəti aksiyanın Bibiheybətdə keçirilməsinə münasibət bildirməzdən əvvəl demişdim ki, onlar daha həmin yerdə aksiya keçirməyəcək. Çünki onlar say baxımından az olduqlarından, həmin yeri doldura bilmirlər. Halbuki ora çox təmirli, yüksək səviyyəli bir stadiondur. Həmin stadionun üçdə birini doldura bilmədilər, indi də deyirlər ki, daha başqa yer istəyirik”. Bu fikirləri APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib. O bildirib ki, İctimai Palata aksiyaları mümkünsüz yerlərdə keçirmək istəyir: “Elə etmək istəyirlər ki, aksiyanı keçirməsinlər. Çünki onların aksiya keçirməyə potensialı yoxdur. Bu potensial olmadığına görə onlar qarşıdurmaya getməlidir və mütləq bu addımı atacaqlar”.
S. Novruzov deyib ki, Bibiheybət qəsəbəsindəki meydança aksiya üçün çox əlverişlidir: “İstəyirlər orda hər gün aksiya keçirsinlər. Şəhərin mərkəzinə yaxın bir yerdir. Məsələn, Dövlət Bayraq Meydanından aksiya keçirilən yerə heç bir kilometr məsafə deyil. Yaxud, Əl Oyunları Sarayından ora bir kilometr yarım məsafə var. İndi Bakı Bulvarı da əlavə olaraq yeddi kilometr uzadılır. Getsinlər bulvara, oradan gəzə-gəzə aksiya keçirsinlər. Onsuz da deyirlər ki, marşrut problemi olur... Bilirsiniz, onların dediyinin hamısı bəhanədir. Əgər sənin tərəfdarın varsa, aksiyanı Ərdəbildə də keçirə bilərsən. Ancaq bunların məqsədi dinc etiraz aksiya keçirmək yox, qarşıdurma yaratmaqdır”.
S. Novruzov Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kellerin sonuncu açıqlamasına da münasibət bildirib: “Fransanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti bitir. Belə bir vaxtda bu cür ifadələr işlətmək heç bir səfirə uyğun gələn bir şey deyil. O, sadəcə olaraq guya “Avropa həmrəyliyi”ni nümayiş etdirmək istəyir”.
Millət vəkili bildirib ki, səfirlər iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə çalışmalıdır, münasibətlərin korlanmasına xidmət etməməlidir: “Təbii ki, təmsil etdiyi ölkənin böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, səfirin hər hansı dövlətin, ölkənin daxili işlərinə qarışmağa səlahiyyəti yoxdur. Əks halda ölkənin bu sahədəki qanunvericiliyinə uyğun addımlar atılır”.





04.05.2012     Çap et  Çap et