525-ci qəzet

“Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramı çərçivəsində tədbir keçirilib




Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində Avropa Şurasının “Uşaqlara qarşı zorakılıqla mübarizə” proqramı çərçivəsində növbəti tədbiri keçirilib. Yığıncaq Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, proqram üzrə əlaqələndirici Sevinc Fətəliyevanın təşəbbüsü ilə baş tutub.
“Zorakılığa yox deyək” adı altında keçirilən toplantıda rayon icra hakimiyyətinin, təhsil müəssisələrinin nümayəndələri, Daxili İşlər Nazirliyinin əməkdaşları və xarici ekspertlər iştirak ediblər. Suraxanı rayon İcra hakimiyyətinin başçısı İlqar Abbasov öz çıxışında bəşəriyyətin gələcəyi olan uşaqların hüquqlarından, mövcud qanunvericilikdən danışaraq deyib ki, hər il rayon ərazisində uşaqlaırn təhsilinə, sosial təminatına, asudə vaxtlarının təşkilinə xidmət edən onlarla yeni müəssisə inşa olunaraq istifadəyə verilir. Belə bir tədbirin rayonda keçirilməsindən məmnun olduğunu deyən icra başçısı bildirib ki, məqsəd uşaq zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin təhlili və bu sahədə işin səmərəliyinin artırılmasına dair fikir mübadiləsi aparmaqdır.
Sonra S. Fətəliyeva tədbir iştirakçılarına həyata keçirilən proqramın məqsədi, bu çərçivədə ölkəmizdə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, sözügedən proqramın ölkəmizdə tətbiqinə Azərbaycan hökuməti kifayət qədər maliyyə vəsaiti və diqqət ayırıb. Almaniyalı psixoloq, ekspert Qalina Heinzelman, Latviyadan olan psixoloq Marina Daliba isə uşaq zorakılığına qarşı mübarizə istiqamətində öz ölkələrinin təcrübəsindən danışıblar. Daxili İşlər Nazirliyinin şöbə müdiri Kamal İmamverdiyev öz növbəsində təmsil etdiyi təşkilatın bu məsələni daim diqqət mərkəzində saxladığını deyib.Tədbirdə polis-vətəndaş münasibətlərinin yeni mexanizmlərinin yaradılması istiqamətində həyata keçirilən islahatlar, görülən işlərə dair fikir mübadiləsi aparılıb.
Onu da qeyd edək ki, S. Fətəliyevanın təşəbbüsü və Almaniyadan gəlmiş psixoloji mərkəzin əməkdaşı Qalina Heinzelmanın iştirakı ilə bu yöndə həmçinin, Səbail rayonunda yerləşən 160 saylı Klassik gimnaziyada şagirdlərlə görüş keçirilib.
Görüşdə Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri, sözügedən məktəbin rəhbərliyi və yuxarı sinif şagirdləri iştirak ediblər. Növbəti görüş isə BDU-nun psixologiya fakultəsinin tələbələri ilə keçirilib. S. Fətəliyeva ilə Q. Heinzelman uşaqların , tələbələrin fikirlərini dinləyib , onlara müxtəlif məlumatlar verib, onları maraqlandıran sualları cavablandırıblar.
KAMİL






04.05.2012     Çap et  Çap et