525-ci qəzet

Müharibə kabusu və Rasizadələr


 
Hüseyn Cavid-130


İkinci Dünya müharibəsi illərində bütün SSRİ xalqlarının nümayəndələri kimi Azərbaycan oğul və qızları da ölkənin müdafiəsinə qalxdılar. Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbaycandan döyüşən ordu sıralarına 300 mindən çox insan çağırılmışdı ki, onların da 50 faizdən artığı geri qayıtmadı. O illərdə qələbənin təmin edilməsində Azərbaycan oğul və qızları ilə yanaşı Bakı nefti də mühüm rol oynadı.
Elə bir azərbaycanlı ailəsi tapmaq çətindir ki, İkinci Dünya müharibəsinin ağrı-acısını dadmamış olsun. Elə bir azərbaycanlı ailəsi tapmaq çətindir ki, onun heç olmasa bir nəfər nümayəndəsi döyüşlərdə şəhid olmasın. Belə ailələrdən biri də dünya ədəbiyyatına Hüseyn Cavid kimi nəhəng bir ədəbi sima bəxş etmiş Rasizədələr ailəsidir. Əslində dəhşətli ağrı-acılar bu ailəni İkinci Dünya müharibəsi başlamazdan xeyli əvvəllər öz caynağına almışdı. 1937-ci ildə “xalq düşməni” damğası ilə həbs olunan Cavid əfəndi Rasizadələr nəslinin müharibəyə qədərki ilk qurbanı idi.
H.Cavid hələ Birinci Dünya müharibəsi illərində ölkələri viran qoyan, xalqları qanına qəltan edən hərbi qarşıdurmalar, zorakılıqlar əleyhinə “Qüruba qarşı” (1915), “Hərb və fəlakət” (1916), “Hərb Allahı qarşısında” (1917) adlı şeirlərini və məşhur “İblis” (1918) mənzum pyesini yazarkən həyatının İkinci Dünya müharibısi başlayandan çox az sonra sürgündə sona çatacağını bilmirdi. Daha sənətkar onu da bilmirdi ki, müharibə kabusu onun istedadlı oğlu Ərtoğrolu, öz övladı kimi oxutdurub təhsil verdiyi Tahir Rasizadənin də üstünü alacaq, onların da həyatına son qoyacaqdır.
26 oktyabr 2007-ci il tarixində AMEA Hüseyn Cavidin ev muzeyinin keçirdiyi “Hüseyn Cavid irsi və müasir dövr” adlı beynəlxalq elmi konfransda “Cavid yaradıcılığında müharibə mövzusu”nda çıxış edən türkiyəli alim Ənvər Uzunun məruzəsindən bir parçanı burada qeyd etmək məncə yerinə düşər:
“...Cavid ifrat derecede ziddiyyet anlayışı ya da yaklaşımı ile realist faciadan farklanır. “İblis”in yazıldığı yıllarda (1917-18) müharibe mevzusu aktuel bir konu olsa da, Cavid bu mevzuyu diger yazarlar kibi real kahramanlar ile deyil, insanüstü özellik taşıyan İblisin simasında vererek dikkati çeker. O, müharebeye insan için yabançı olan bir bela ya da felaket olaraq bakar... Çünki savaş və savaşın yaratdığı yıkım ve trajediler insanın yatılışı üçün uygun deyildir. Bu, onun humanist dünya görüşünden kaynaklanmaktadır. Bu faciaların yaratıcısı çılğın derebeyler, krallar, hakanlardır...”
1939-cu ildə Sibirə sürgün olunan Cavid əfəndinin təcridxanalardakı istintaq prosesi nə az, nə çox, düz iki il bir ay çəkmişdi. Böyük ədib buradakı sarsıdıcı şəraitə tab gətirsə də, fiziki cəhətdən xeyli zəifləmişdi.
Hüseyn Cavid həbs edildikdən sonra onun Naxçıvanda böyük nüfuz sahibi olan adlı-sanlı müəllim qardaşı, ədibin öz təbirincə desək “Fəzilətpərvər Şeyx Məhəmməd ağa” da təqiblərə məruz qalmışdı. Böyük külfət sahibi olan ana babam Şeyx Məhəmməd Rasizadə o zaman “xalq düşməni”nin qardaşı kimi dərs dediyi məktəblərdən uzaqlaşdırıldı. Naxçıvanda keçirilən ifşaedici tədbirlərə çağırılaraq qardaşının əleyhinə danışmağa məcbur ediləndə o, hər dəfə çıxışında “Qardaşım nə yazıbsa, düz yazıb” – deyə məğrurcasına cavab verir, lakin evə qanıqara qayıdırdı. Bu barədə Şeyxin qızı, anam Rəna Rasizadə xatirələrində belə yazır: “...O zamanlar uşaq olsam da atamın evə bikef gəldiyi, bunu bildirməmək üçün nə qədər şən görünsə də keçirdiyi sarsıntılar yaxşı yadımdadır.”
1939-cu ildə atam xəstələnib yatağa düşdü. Onda mənim on altı yaşım var idi, pedaqoji texnikumda təhsil alırdım. Yaşayışımız çox ağır olduğundan 4-cü sinifdə oxuyan bacım Nəzifəyə palto ala bilməmişdik. Naxçıvanın sərt şaxtasında nimdaş paltarda dərsə gedən kiçik bacım həmişə anama və atama deyərdi ki, mənə də palto alın. Atam isə hər dəfə onun saçlarını tumarlayıb söylərdi: “Qızım, darıxma, işləyəndə sənə də palto alacağam.
1939-cu il dekabr ayının 5-də bacım ağır xəstələndi, 8-də skarlatina xəstəliyindən boğulub öldü. Bacımın xəstə-xəstə yataqda kəfənini biçən atam isə dekabrın 24-də dünyasını dəyişdi...
Naxçıvanda “Fəzilətpərvər Şeyx Məhəmməd ağa” dünyasını dəyişdi, lakin onun Sibirdə sürgündə olan sevimli qardaşı Cavid əfəndi bundan xəbər tutmadı.
O zaman müəllimliklə yanaşı gözəl şeirlər də yazan Şeyx Məhəmməd Rasizadə Avropanı bürüməkdə olan faşizmin törədəcəyi ağılagəlməz dəhşətləri əvvəlcədən bir şair fəhmi ilə duymuş, hələ İkinci Dünya müharibəsi başlamamışdan xeyli əvvəl yazmışdı:
Elə bir tufan qopacaq dünyada,
Onu hələ tarix salmayıb yada.
Bərqərar edəcək bu yer üzünü,
Siləcək lüğətdən “faşist” sözünü.
Qardaşının ölümündən altı ay əvvəl 1939-cu il iyunun 4-də “xüsusi müşavirə”də səkkiz il azadlıqdan məhrum edilən şair, əvvəl Vladivostoka, oradan isə Kolımaya göndərilir. Qapalı vaqonda bir il yarım yol gedən Hüseyn Cavid qatarda vaxtilə Almaniyada tanış olduğu, orada Tibb Universitetini bitirmiş Mürsəl Şahsuvarovla yol yoldaşı olur. Sonralar M.Şahsuvarovun Cavid əfəndiyə çox köməyi dəyir. Bəraət aldıqdan sonra Bakıya qayıdan həkim Turan xanımla görüşmüşdü.
Sibirin həbs düşərgələrində məhbus həyatı yaşayan Cavid əfəndi, alman faşistlərinin Sovet İttifaqına hücumunu burada eşidir, ailəsinin vəziyyəti onu daha da narahat edir. İndi o, sevimli Mişkinazının, iki ciyərparasının – Ərtoğrolunun və Turanının aqibətinin necə olacağı barədə düşünür, sarsıntı keçirirdi. Böyük şair müharibənin necə dəhşətlər törədəcəyini çox gözəl anlayırdı. Çünki onun gəncliyi Birinci Dünya müharibəsi illərinə düşmüşdü.
Alman faşistlərinin Sovet İttifaqına hücumundan beş ay sonra, 1941-ci il dekabrın 5-də İrkutsk Vilayəti Tayşet rayonunun ucqar Şevçenko kəndindəki əlillər evində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ürəyi əbədi dayandı. Sağ qalsaydı, Cavid əfəndi müharibənin qələbə ilə başa çatmasının şahidi olacaqdı. Sağ qalsaydı 8 il müddətinə azadlıqdan məhrum edilmiş böyük ədibin həm də cəza müddəti  başa çatacaqdı. Təəssüflər olsun ki, Hüseyn Cavid bunları görə bilmədi.
İkinci Dünya müharibəsi Rasizadələrin digər nümayəndələrindən də yan ötüşmədi. 1942-ci ildə Şeyx Məhəmmədin oğlu – o zaman Lənkəran Subtropik Bitkilər Texnikumunda direktor vəzifəsində çalışan Tahir Rasizadəni, bir az sonra isə Ərtoğrol Cavidi ordu sıralarına səfərbərliyə aldılar.
Bu zaman Cavid əfəndinin bacısı Fatmanın oğlu – atam Süleyman Məmmədov artıq Leninqradın blokadasında olmazın müsibətlər çəkirdi.
Tahir Rasizadənin 1942-ci ilin fevral ayının 12-də əmisi oğlu Ərtoğrola ünvanlanmış məktubunda oxuyuruq: “Qardaşım Ərtoğrol! Salam. Çoxdandır ki, sizə yazmadım. Məzurəm. Səfər üzrə bu bir-iki sətri yazdım. Rəhbərin Krımı nemes işğalçılarından azad etmək uğrundakı göstərişini yerinə yetirməkdə iştirak etmək üçün bu gün sabah Novorissiyskə yola düşürük. Sağlıq olsun görüşüb danışarıq. Siz Tamara ilə tez-tez yazışın. Uşaqlardan xəbər tutun. Krımdan adresimi yazaram”.
Təəssüflər olsun ki, Kerçdən Tahirin ünvanı əvəzinə “qara kağızı” gəldi. O, 1942-ci ildə düşmənlə gedən ölüm-dirim mübarizəsində şəhid oldu.
T.Rasizadə hələ ordu sıralarına çağırılmamışdan üç il əvvəl – 1939-cu ildə bəşəriyyəti məhvə sürükləyən müharibələrə qəzəb və nifrətini belə ifadə etmişdi:
...Niyə axıdılır sel kimi qanlar,
Niyə saya gəlməz məsum qurbanlar?
Lənət səfalətdən zövq alanlara,
Lənət anaların mərmər köksündə
Dördnala at çapan şarlatanlara,
Lənət körpələrin kiçik başını
Tüfəng qundağıyla partladanlara.
Tahir bir zamanlar Gəncədə çalışarkən bacısı Şəfiqəni də yanına gətirmişdi. Anam Rəna Rasizadə bacısı Şəfiqənin ölümqabağı vəsiyyətini ütək ağrısı ilə xatırlayırdı: “Bacım vəsiyyət eləmişdi: mən öləndə baş daşımın bir üzünə də Tahirin şəklini vurarsınız ki, ondan da bir nişanə qalsın. Onun vəsiyyətinə əməl elədilər...”
Yuxarıda qeyd etdiyim kimi Tahir Rasizadə səfərbərliyə alınandan təxminən bir həftə sonra Ərtoğrolu da ordu sıralarına çağırdılar. O zaman Pedaqoji İnstitutun filologiya fakültəsini bitirib Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir bəyin sinifində təhsil alan Ərtoğrol cəbhəyə gedərkən sevimli müəllimi ilə görüşə bilmədiyindən, həm də anasından və bacısından çox nigaran qaldığından 1942-ci il mart ayının 15-də Ü.Hacıbəyova ünvanladığı məktubunda yazırdı:
“Hörmətli Üzeyir bəy! İlk duracaq mənzilimiz Abxaziya dağları oldu – hər tərəf qarlı dağlar, soyuq, ağır iş, Bakıdan çıxdığım gündən heç kimdən məktub almamışam, hətta ailəmizdən də...
...Ən çox əzab verən, məni rahat buraxmayan səbəb varsa, yalnız ailəmizdir.
Bəzən o dərəcədə bədbinləşirəm ki, yenidən görüşmək ümidi sönür, özümü ən bədbaxt bir fərd zənn edirəm. Ailəmizin rahat dolanmasına əmin ola bilsəydim, kədərim xeyli azalardı.”
Alman fasistlərinin Sovetlər İttifaqına hücumundan beş gün sonra – 1941-ci il iyun ayının 27-də Ərtoğrolun qələmə aldığı “Layla” şeirində oxuyuruq:
Düşmən hücum etsə əgər,
Geniş sinən olsun səngər.
Qabağa get, göstər hünər.
Oğlum böyü, qoç bir nər ol!
Cəbhələrə get, əsgər ol!
Al bayrağın dalğalansın,
Düşmənlərin qəlbi yansın.
Vətən sənə arxalansın.
Oğlum böyü, qoç bir nər ol!
Cəbhələrə get, əsgər ol!
Ə.Cavid həmin illərdə xalqı qələbəyə ruhlandıran bir neçə mahnı və marş da bəstələmişdi.
Arxa cəbhədə – fəhlə batolyonundakı ağır işlər zərif təbiətli Ərtoğrolun səhhətinə tədricən öz mənfi təsirini göstərməyə başlayırdı. Şaxtalı hava və sərt rejim, qələmə, kağıza alışmış əlləri taqətdən salan bel, külüng... ta nə bilim nələr Cavid əfəndinin istedadlı oğlunu nəhayət ki, Gürcüstandakı hərbi qospitallardan birinin küncünə atdı. Ağır ağ ciyər xəstəliyinə düçar olmuş gənc, bir yandan da başsız qalmış anasının, bacısının taleyini düşünür, sarsıntıları daha da artırdı. “Dəyanət heykəli” poemamın bir yerində bu sarsıntıları verməyə çalışmışam:
“...Salam mehriban anam,
Salam sevimli bacım.
Mən yaxşıyam, amma ki,
Sizə var ehtiyacım.
Dünən həkim rentgenə
Salıb məni yoxlayıb.
Deyir ki, ağciyərin
Yamanca soyuqlayıb.
Xeyli dərman yazıblar
Burda tapılmır çoxu.
Axşamlar ağrım artır,
Gözümə getmir yuxu.
Belə vaxtda həmişə
Sizi yada salıram.
Babamın həsrətilə
Yanıram, odlanıram.
Çalış yazdıqlarımı
Tapıb göndər ay ana!
Çünki çox ehtiyacım
Vardır indi dərmana.
Bir də imkanın olsa,
Çalışıb yanıma gəl.
Bilmək olmaz, gördün ki,
Üstümü aldı əcəl.
Bir məktub da göndərdim
Bu gün Üzeyir bəyə.
Lazım olarsa sizə –
Kömək eləsin deyə...”
Ə.Cavidin qospitaldan anasına göndərdiyi məktubları ürək ağrısız oxumaq olmur. 1943-cü il iyun ayının 13-də yazdığı bir məktubda oxuyuruq: “Əzizlərim salamlar! Xeyli müddətdir sizlərdən xəbərim yoxdur. Ananın gəlməsi üçün teleqramma vurdurdum (10.VI.da), lakin yenə susmuşsunuz.
Doktorumuz dəyişib, yenidən analizlər başlamış; olsun ki, gözlənilməz diaqnozlar versinlər; hətta sağalmış hesab edib hərbi hissəyə göndərilmək ehtimalı var. Yavaş-yavaş gəzirəm. Əgər Naxçıvandakılar vaxtında yemək yardımı göstərsəydi, çoxdan qalxmış və komissiyadan keçmişdim (qadın doktoru burda ikən), indi Naxçıvanda idim. Lakin...”
1943-cü ilin sonlarına doğru səhhəti daha da ağırlaşan Ərtoğrol Cavidi o zamanlar Gürcüstanda məsul vəzifədə çalışan, sonralar Moskva Dövlət Universitetinin kafedra müdiri olmuş, professor Əziz Şərif İrəvan yolu ilə Naxçıvana gətirir. Artıq o zaman Leninqradın blokadasından qurtulan, ordu sıralarından tərxis edilərək Naxçıvana dönən atam Süleyman Məmmədov öz dayısı Şeyx Məhəmmədin qızı Rəna Rasizadə ilə ailə həyatı qurmuşdu. Naxçıvanda yerləşən hərbi hissələrin bir neçə yüksək rütbəli zabiti ilə yaxın münasibətdə olan Süleyman Məmmədov onların vasitəsilə Ərtoğrola lazım olan, çətin tapılan dərmanları əldə edir, köməyini əsirgəmirdi. Bibioğlusunun bu xeyirxahlıqlarından  Ərtoğrol Naxçıvandan Bakıya anasına yazdığı məktublarda ona minnətdarlığını dönə-dönə izhar edirdi: “...Nəhayət kağız düzəldi. Sağ olsun Süleyman bibioğlum. Mənim bir əmioğlum (Tahir), bir də bibioğlum (Süleyman) var.
Süleymana hər an dua eləyin, Turanın kağızını düzəltdi. Eşq olsun.”
AMEA Hüseyn Cavidin ev muzeyinə ziyarətə gələnlər bir fotoşəklin qarşısında dayanır, dərin xəyallara dalır, həyəcan və kədər hissi keçirirlər. Repressiya dalğalarında amansızcasına qərq olan dahi filosof şair və dramaturqun 24 yaşında stalinizmin qurbanına çevirilmiş yeganə, istedadlı oğlunun o zaman Naxçıvanın dindar mühitində tabutda, özü də üzüaçıq şəklini kim və nə üçün çəkib? Tabutun ətrafındakı iki kişi və bir neçə çadralı qadın kimdir?
Əvvəlcə Şeyx Məhəmmədin bacısı oğlu və kürəkəni – atam Süleyman Məmmədovun dediklərinə diqqət yetirək:
“...Leninqradın blokadası yarılandan sonra mühasirədə uzun zaman olmazın müsibətlər çəkmiş bütün əli silah tutanları döyüşən ordudan azad etmiş, sağlamlıqlarını bərpa etmək üçün onlara şərait yaradılmışdı. Mən də onlardan biri idim. 1943-cü ildə doğma Naxçıvana qayıtdım. Eşitdim ki, Cavid dayımın oğlu Ərtoğrol da buradadır. O, məndən doqquz yaş kiçik idi. Dərhal Ərtoğrolu görməyə tələsdim. İlahi amansız xəstəlik olduqca yaraşıqlı gənc dayoğlumu nə hala salmışdı...
Leninqradda ali təhsil aldığımdan, orada aspiranturanı bitirdiyimdən rus dilini mükəmməl bilirdim ki, bu da o zaman Naxçıvanda yerləşən sərhəd qoşunlarının yüksək rütbəli zabitlərindən bəziləri ilə dostluq əlaqələri yaratmaqda mənim karıma çatmışdı. Onların vasitəsilə dayımoğluna lazım olan bəzi dərmanları tapa bilirdim. Rəhmətlik tez-tez mənə deyirdi: “Biboğlu, qoy bir sağalım, ayağa qalxım, sənə simfoniya həsr edəcəyəm.”
Günlər ötdükcə ağır vərəm xəstəliyi Ərtoğrolu lap əldən salır. Və çox keçmir ki, o, dünyasını dəyişir. Bakıya xəbər göndərilsə də Cavid yadigarının dəfninə anası və bacısı məlum səbəblərə görə gələ bilmirlər. Naxçıvan sərhəd zonasında yerləşdiyindən, həm də müharibənin qızğın bir çağında kim idi “xalq düşməni”nin ailəsinə buraxılış vərəqəsi verən?
Atam çox götür-qoy etdikdən sonra tabut düzəltdirir, onu gül-çiçəklə bəzəyir və Ərtoğrolu layiqincə dəfn etdiklərinə dəfndə iştirak edə bilməyən əzizlərini inandırmaq üçün onun üzüaçıq şəklini çəkdirir. Həm də atam yaxşı anlayırdı ki, o, dahi bir insanın oğludur, çəkilən fotoşəkil nə zamansa öz sözünü deyəcək.
Bəs şəkildə – tabutun ətrafındakılar kimlərdir? İki kişidən biri bu şəkilin çəkilməsinin səbəbkarı Ərtoğrolun bibisi Fatmanın oğlu – atam Süleyman, digəri Mişkinaz xanımın dayısı Məhəmməddir.
Çadralı qadınlar isə ədibin böyük qardaşı Şeyx Məhəmmədin ömür-gün yoldaşı – nənəm Zərri xanım, Şeyx Məhəmmədin qızı – anam Rəna xanım, Ərtoğrolun ana nənəsi Şahsənəm xanım, Mişkinaz xanımın dayısı arvadı Zərnişan xanım, Cavidin bacısı Ümm Sələmənin qızı Səltənət xanımdır. (Bu fotoşəklin bizdə olan nüsxəsini 1983-cü ildə Hüseyn Cavidin Naxçıvandakı ev muzeyinə bağışlamışam. Burada nümayiş olunan isə Turan xanımda olan nüsxədir).
Beləliklə, ağır repressiya illərinin əzablarını yaşamış Rasizadələr nəslinin nümayəndələri də sonradan müharibə kabusu ilə üzləşməli oldu. İkinci Dünya müharibəsi onlardan iki istedadlı gəncin – Ərtoğrol Cavidin və Tahir Rasizadənin həyatına son qoydu.
Əbülfəz NAXÇIVANLI AMEA Hüseyn Cavidin ev-muzeyinin elmi işçisi, şair-publisist
 





Mənbə: Əbülfəz NAXÇIVANLI 04.05.2012     Çap et  Çap et