525-ci qəzet

DSMF-in Qusar rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilib



Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qusar rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilib. Fonddan verilən məlumata görə, toplantıda DSMF-nin sədri Səlim Müslümov, rayon icra hakimiyyətinin başçısı Şair Alxasov çıxış edib. Onlar son illər əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların əhəmiyyətindən, pensiya və müavinətlərin artırılması, aztəminatlı ailələrə dövlət qayğısı sahəsində aparılan islahatların bəhrəsindən danışıblar. S.Müslümov əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin dövlətin həyata keçirdiyi sosial siyasətin əsas istiqamətlərindən biri olduğunu önə çəkərək, ölkəmizdə uğurla davam edən pensiya islahatlarının müsbət nəticələrinə toxunub. O bildirib ki, Azərbaycanda beynəlxalq standartlara uyğun yeni sosial müdafiə modeli formalaşıb, DSMF-nin maddi-texniki bazası, infrastrukturu tamamilə yenilənib: “Fondun 70-dən yuxarı rayon şöbələrində müasir informasiya-texnologiyalarına əsaslanan lokal şəbəkə qurulub, “incə müştəri” sistemi və “1 işçiyə 1 kompüter” prinsipi əsasında beynəlxalq standartlara cavab verən iş yerləri yaradılıb. Bütün respublika ərazisində sistemin avtomatlaşdırılması və məlumatların xüsusi mühafizə olunan “mərkəzi server”də cəmləşdirilməsi son nəticədə insan amilinin rolunu aradan qaldırır, İKT-nin tətbiqi nəticəsində idarəetmə səmərəliliyinin artırılmasına nail olunur. Yaradılan müasir infrastruktur, elektron xidmətlərin tətbiq dairəsinin genişlənməsi sığorta-pensiya sistemində vətəndaşla Fondun əməkdaşları arasında birbaşa əlaqə yarada bilən bütün halları aradan qaldıracaq, sistemdəki bütün əməliyyatların avtomatlaşdırılmasına imkan verəcək”. DSMF-nin Qusar rayon şöbəsinin uzun illər darısqal binada fəaliyyət göstərdiyini nəzərə çatdıran S.Müslümov müasir standartlar əsasında inşa edilmiş yeni inzibati binada əhaliyə yüksək səviyyədə xidmət göstərilməsi üçün hər cür şərait yaradıldığını bildirib. Fond sədri şöbənin işçilərinə sosial sığorta sahəsində fəaliyyətin daha da gücləndirilməsi üçün müvafiq tapşırıqlar verib: “Şöbə əməkdaşları həm pensiyaçılara, həm də sığortaolunanlara yüksək xidmət göstərməlidirlər. Qusar rayonu ərazisində bütün çalışanların sosial sığortaya cəlb olunması təmin olunmalıdır. İşləyən vətəndaşlarımızın arasında təbliğat işi gücləndirilməli və hər bir insan özünün gələcək pensiyasının təminatçısı olmalıdır”. Binanın açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış olublar. İki mərtəbəli, 15 iş otağından ibarət inzibati bina müasir avadanlıqlarla təchiz edilib. BƏXTİYAR




04.05.2012     Çap et  Çap et