525-ci qəzet

Həyat etüdləri...


 
Hər birimiz həyatda müəyyən mənada, gərgin günlər yaşayır daim gözləmədiyimiz hadisələrlə üzləşirik. Həyat həmişə belə olub və yəqin ki, belə də davam edəcək... Əgər həyat yolları keşməkeşli yox, hamar olsa idi, yaşamaq da mənasız olardı...
Uzun müddət düz yolla hərəkət edərkən həyatın nə qədər mənasız olduğunu hiss etmək olar. 
Odur ki, çalışıram hər zaman yolumu kəndə salanda Ağsu və ya Qəbələ yolu ilə gedim...
Həyatımız kimi bu yolların da enişi gözəl olduğu kimi, yoxuşu da gözəldir...
Amma hamımız yoxuşa qalxmağı daha çox sevirik...
Həyatımızın bir parçası olan gündəlik işimizdə də bu kimi enişli-yoxuşlu məqamlar olur. Gah işindən zövq alırsan, fəaliyyətinə görə edilən dost zəngləri sənin işə həvəsini artırır, gah da oturduğun yerdə ya bir “zəng çalınır”, ya da bir “mərdiməzar” gəlir qanını “it qanın”dan betər edir, həyata gəlməyinə də az qala peşman olursan...   
Gərgin günlərin birində, bəlkə də özümü çox çətinliklə ələ ala bildiyim bir vaxtda gənc xanım olan iş yoldaşımızın sözü indiyədək yaddaşımdan silinməyib.
 “Siz özünüzü axı niyə bu qədər çox əsəbiləşdirirsiniz. Onsuz başa düşən deyil. Görməmiş adamın hərəkətləri həmişə belə olur. Bu adam vaxtında görməyib, kökü yoxdur. Cibində beş manat artıq olan kimi başlayır mənasız yerə mahnı oxuyub başımızı aparmağa...”
Düz beş il əvvəl xanımın mənə verdiyi bu “öyüdü” indiyədək yadımdan çıxara bilməmişəm...
Həqiqətən həyatda görmək, ondan götürmək və paylaşmaq lazımdır. Belə olmasaydı nə dünya inkişaf edərdi, nə də ki, indi havasını çox həvəslə udan insanlar...
lll
Tərəqqi ancaq qarşılıqlı əlaqədən yaranır. Yaradıcı insanların məntiqə söykənən “savaşları ” olmasaydı, elm və digər sahələrdə inkişafdan qalardı, bəlkə də həyat dayanardı. Sivil rəqabət əslində elə tərəqqinin əsas şərtidir. Dünyada baş verən prosesləri, hətta eniş və yoxuşları da nizamlayan məhz bu amildir.
lll
Birinə kömək etməsən, sənə heç kim kömək edəsi deyil. Dostumuz Qədir müəllimin sözü olmasın “QHT tədbiri də xeyir iş kimidir, getməsən heç kəs gələsi deyil tədbirinə.” Yaxşılığı etməlisən ki, məqamında onu biçməyi bacarasan. Dərd onda olar ki, yaxşılığın yerində qara tikan kolu bitə..
Rus sovet yazıçısı Nikolay Ostorvskinin “Polad necə bərkidi” əsərinin finalında belə bir məqam var: “Addımladıqca hər zaman arxaya çevrilib yaşadığın günlərə bax ki, məqam gələndə keçirdiyin günlər üçün peşiman olmayasan”. O günlərə qayıdıb səhvlərini düzəltməyin isə zamana ehtiyacı var. Zamanı isə geri qaytarmaq mümkün deyil. Demək, hər anın qədrini, hər deyilən sözün yerini bilmək lazımdır. Faciə onda olur ki, beynimizə “virus” düşür, özümüzü və sözümüzü itirdiyimizdən, aləmi vururuq bir-birinə. Beyindəki kompyuter deyil ki, onu “Kasperski” ilə təmizləyəsən...
Hətta illər keçsədə söz yarası yaddaşdan silinmir. Sözün vurduğu yara sağalır, amma sözün “yeri” qalır...
Yağışların yağması hələ çatdaqların örtülməsi demək deyil. Əksinə, bəzi hallarda çat daha da genişlənir və Bayıl yamacındakı kimi ciddi fəsadlar yaradır... Bax onda nə eniş olur, nə də ki yoxuş...  
lll
Həyatda ideal insan axtarmaq çətindir. Bəlkədə yoxdur. Birinin “axsağını” demək istəsən, mütləq o da sənin “şikəstin”i axtarmağa başlayacaq. Və olmaya-olmaya isbatlamağa çalışacaq...
lll
Kəndimizdə maraqlı adamlardan biri də Rahim kişi idi. Həm baməzə, həm də yeyib içən oğlanlardan idi Rahim kişi. Bir gün dostları yığışıb Rahim kişiyə irad tuturlar ki, hamı traktorunu dəyişir, amma sənin kimi “avtoritet” hələ də köhnəsini sürürsən. Niyə “bajımıza” (o dövrdə Quzanlı kəndində kolxoz sədri Sosialist Əməyi Qəhrəmanı Tamaşa Əliyeva idi. Hamı ona hörmət əlaməti olaraq ya “bajı” ya da ki, “Tamaşa bajı” deyərdilər-V.T.) demirsən.    Hazırcavablığına və ünsiyyətçiliyinə görə, kəndimizdə hamı ona “Qılıx Rahim” deyərdi. Dostların bu sözü Rahim kişini bərk tutur, qalır qırıla-qırıla. Nəhayət, hisrnən deyir: “... Mən traktorumu dəyişmək istəyirəm, amma nətər dəyişim. Nə vaxtı “bajı”mın kabinetini eləcə qapısını açıb içəri boylanmaq istəyirəm Şahmalının kürəyini görürəm. Şahmalının kürəyi və oturuşu imkan vermir ki, bajlm məni görsün və çağırsın, mən də dərdimi danışım. Neyniyim... ”
Həqiqətəndə Şahmalı içəridə olanda heç kim içəri keçib dərdini danışa bilmirmiş. Çünki Şahmalı bilərəkdən elə otururmuş ki, Tamaşa “bajı” içəri keçəni görmədiyindən və Şahmalının ardıcıl söhbətindən bir kimsəni dəvət etmək iqtidarında olmurmuş....
Bəli, hərdən belədə olur. Arzu və istəyimzi yerinə yetirə bilməyəndə belə bəhanəyə də əl atırıq...
lll
Ürəkdən gələn istəyin qarşısını isə nə ŞƏRƏFSİZ ƏQRƏBLƏRİN, nə də ki KÖKÜ OLMAYAN ZATLARIN hərəkəti ala bilməz. O böyük istək isə QARABAĞ İSTƏYİdir ... Yalnız belə olan halda yoxuşu ürəklə çıxıb arzumuza çata bilərik...  
Vüqar Tofiqli
 
 
 
 
 
 





Mənbə: Vüqar Tofiqli04.05.2012     Çap et  Çap et