525-ci qəzet

Bəxtiyar Əliyev: “Test korrupsiyaya dözümlü sistemdir”


 
Müsahibimiz Milli Məclisin (MM) Elm və təhsil komitəsinin  sədr müavini Bəxtiyar Əliyevdir
 
–Bəxtiyar müəllim, bu günlərdə ölkə prezidentinin orta məktəblərin buraxılış imtahanlarının aparılmasının Təhsil Nazirliyindən alınaraq Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) səlahiyyətlərinə aid edilməsi ilə bağlı məlum fərmanını necə qiymətləndirirsiniz? Bunun davamı kimi, yaxın gələcəkdə Təhsil Nazirliyi ilə TQDK-nın birləşdirilməsi də gözləniləndirmi?
 
– Əvvəla, bu iki məsələni bir-birinə qarışdırmaq lazım deyil. İkincisi də, bildiyiniz kimi, bir neçə il öncə “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub və həmin qanunda bu məsələlər nəzərdə tutulub. Sadəcə, söhbət ondan gedir ki, həmin qanun qəbul edilməzdən əvvəl hər iki qurumun əsasnamələri vaxtilə qəbul olunub. İndi qanun qəbul edilib, qanun qüvvəyə minib, nazirliklərin isə əsasnamələri prezident fərmanı ilə təsdiq edilib. Ona görədə, təbii ki, prezidentin həmin fərmanları qanuna uyğunlaşdırılmalıdır. Bu baxımdan da ölkə prezidenti həmin qanundan irəli gələn məsələlərə əsasən yeni fərmanla həmin qurumların əsasnamələrinə əlavə və dəyişikliklər edib.
 
– Bu dəyişikliklər Azərbaycan təhsilinə, təhsil sisteminə nə verə bilər?
 
– Dəyişikliklər, əlbəttə, müsbətdir. Çünki bu qanunda nəzərə alınıb. Təhsil islahatlarının tərkib bir hissəsidir. Təsəvvür edin ki, orta məktəblərdə də artıq test sistemi ilə ümumiləşmiş yekun imtahanlar verilir, ali məktəblərə qəbulda da. Deməli, bu, artıq bir vahid sistem halında olmalıdır. Çünki belə ola bilməz ki, şagird 11 il test sistemi ilə oxusun, sonra gedib 4 il başqa sistemlə oxusun. Sistem tamamlanmalıdır.
Yəni, birinci sinifdən 11-ci sinifə gedən hazırlıq, 4 ili bakalavr pilləsində, 2 ili magistratura pilləsində və sonuncu pillə olan doktorantura ilə davam edir. Onda vahid təhsil pillələri alırıq, daha doğrusu, bir sistemi alırıq və bu, mükəmməl bir sistem olur. Ona görə hesab edirəm ki, təhsilin keyfiyyətinin artırılması məqsədilə edilmiş bu əlavə və dəyişikliklər Azərbaycan Respublikasının “Təhsil haqqında” qanunundan irəli gəlir və Azərbaycanda həyata keçirilən təhsil islahatları Azərbaycan təhsilinin Avropa məkanına inteqrasiyasının yeni bir mərhələsidir.
 
– Əvvəllər belə təkliflər də var idi ki, orta məktəblərin buraxılış imtahanları ilə ali və orta-ixtisas məktəblərinə qəbul imtahanları birləşdirilsin. Gələcəkdə bu məsələyə yenidən qayıdıla bilərmi?
 
– Burada heç də birləşdirmədən söhbət getmir , söhbət ondan gedir ki , bir sıra ölkələrin təcrübəsində bu, var. Yəni, onların bəzilərində bu sistem var. Orta məktəblərin buraxılış yekun imtahanlarını ali məktəblərə qəbul imtahanları kimi     qəbul edək və hər bir şagird üçün o göstəricini, o kağızı da alaq ki, nə qədər bal toplayıb, ondan sonra o özü ali məktəbə müraciət etsin, yəni, qeydiyyatdan keçmiş o qaydalara uyğun hansı ixtisaslara istəyir, sənədlərini versin , sonra da qəbul olunsun... Bu məsələ gələcəkdə nəzərə alına bilər.
 
–Ümumiyyətlə, Azərbaycanda test üsulu qəbul prosesinə başlanmasından 20 il keçir. Sizcə, bu sistem bu illər ərzində Azərbaycan təhsilinə nə verdi?
 
– Avropada təhsil sistemində korrupsiyaya qarşı mübarizə ilə bağlı keçirilmiş beynəlxalq tədbirdə Azərbaycanın bu təcrübəsi çox müsbət bir təcrübə kimi qiymətləndirilib və Avropa ölkələrində bu təcrübənin geniş yayılması tövsiyə edilib. Çünki Azərbaycanda ali məktəblərə test üsulu ilə qəbul mexanizmi bu günləri ən mükəmməl və korrupsiyaya ən dözümlü olan bir sistemdir.
 
KAMİL
 
 





04.05.2012     Çap et  Çap et