525-ci qəzet

25 mindən çox POS-terminal qeydiyyata alınıb



Müsahibimiz Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin rəisi İlham Əmirəliyevdir

– Nağdsız ödənişlərin stimullaşdırılması sahəsində ölkədə hansı tədbirlər həyata keçirilir?
– Ölkə iqtisadiyyatında nağdsız ödənişlərin həcminin yüksəldilməsi, alqı-satqı əməliyyatları üzrə hesablaşmalarda plastik kartlardan istifadənin miqyasının genişləndirilməsi daim diqqət mərkəzindədir. Hökumətin bu istiqamətdə həyata keçirdiyi siyasət bütövlükdə vətəndaşların elektron ödəniş sistemlərinə çıxış imkanlarının asanlaşdırılması, elektron ödəniş sistemlərində yaradılmış potensialdan daha səmərəli istifadənin təmin olunması, institusional bazanın genişləndirilməsi və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir. Ölkədə nağdsız ödənişlərin tətbiqi sahəsinin genişləndirilməsi və stimullaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli fərmanında da nəzərdə tutulmuşdur. Fərmanda aidiyyəti orqanlar qarşısında qoyulmuş məsələlərin həlli məqsədilə Vergilər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə xüsusi işçi komissiya yaradılmış, komissiya qabaqcıl təcrübəni öyrənməklə nağdsız ödəmələrin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, bu sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi, eyni zamanda plastik kartlar vasitəsilə ticarət və xidmət obyektlərində ödəniş səviyyəsinin artırılması üçün stimullaşdırıcı tədbirlər barədə təkliflər paketi hazırlamış və həyata keçirməkdədir.
Bu məqsədlə Vergilər Nazirliyi tərəfindən ilk növbədə Bakı şəhərində nağdsız ödəmələrin aparılması üçün POS-terminallara olan tələbi müəyyənləşdirmək üçün müvafiq monitorinqlər keçirilmiş, POS-terminalların quraşdırılacağı vergi ödəyicilərinin siyahısı müəyyən edilmişdir. Paralel olaraq yeni tipli POS-terminallarda olan proqramların banklarla və prosessinq mərkəzləri ilə avtorizasiya işləri başa çatdırılmışdır. Prosessinq mərkəzləri tərəfindən əvvəllər gün ərzində maksimum 15-20 POS-terminalın qeydiyyatı mümkün olduğu halda, aparılmış işlərin nəticəsi olaraq hazırda bu rəqəm təxminən 400-ə çatdırılmışdır. Bundan başqa, Vergilər Nazirliyi ilə prosessinq mərkəzləri arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi üçün lazımi proqramlar sistemə yüklənmiş və POS-terminalların vergi orqanlarında onlayn qeydiyyata alınması təmin olunmuşdur.
– POS-terminalların quraşdırılması işləri necə gedir?
– Bu sahədə işlər sürətlə davam edir. Görülmüş tədbirlər nəticəsində artıq 25 mindən yuxarı POS-terminal qeydiyyata alınmış və quraşdırılmışdır ki, bunun da 93 faizə qədəri Bakı şəhəri ərazisində fəaliyyət göstərən obyektlərin payına düşür. Bakı şəhərinin mərkəzi rayonlarında, o cümlədən Səbail, Nəsimi və Yasamal rayonlarında POS-terminal quraşdırılmalı obyektlərin 90 faizində artıq bu proses yekunlaşıb.
Ticarət, ictimai iaşə və xidmət sahələri ilə yanaşı, POS-terminallar nağd hesablaşmaların aparıldığı digər sahələrdə də tətbiq edilir. Məsələn, əczaçılıq və avtomobil nəqliyyatı ilə sərnişindaşıma sahəsində də POS-terminalların quraşdırılması prosesi fəal şəkildə davam edir. Bu günə Bakı üzrə fəaliyyət göstərən 956 aptekdən 667-də POS-terminal quraşdırılmışdır. Digər obyektlərin də POS-terminallarla təmin olunması üçün müvafiq tədbirlər və sənədləşmə işləri aparılır. Taksilərdə, eləcə də London Taksi TX4 avtomobillərində POS-terminalların quraşdırılması işləri sürətləndirilmişdir. Bu günə müvafiq banklarda qeydiyyatdan keçirilmiş 700-dən çox POS-terminal faktiki olaraq taksilərdə quraşdırılmışdır ki, bunun da 400-dən çoxu London TX4 avtomobillərinə aiddir.
Nəqliyyat vasitələrində tətbiq olunan POS-terminallar beynəlxalq tranzaksiya sisteminə inteqrasiyanı dəstəkləməklə yanaşı, onlardan istifadə edən şəxslərin xarici bank hesabları üzrə plastik kartlarını oxumaq imkanına malikdir. POS-terminalda həm maqnit lent, həm də mikrosxem (çip) əsasında ödəniş kartları vasitəsilə əməliyyatların həyata keçirilməsi üçün müvafiq qurğular, ödəniş kartları vasitəsilə PİN-kodun daxil olunması tələb olunduğu əməliyyatların aparılması üçün nəzərdə tutulmuş PİN-klaviatura (POS-terminalın daxilində və yaxud ayrı avadanlıq kimi quraşdırılan) və s. var. POS-terminalların qurulması prosesində ölkə bankları da aktivlik nümayiş etdirirlər. “Azərbaycan Beynəlxalq Bankı”, “Atabank”, “Texnikabank”, “Dəmirbank” və “Bank Standard” kommersiya bankları aktiv POS-terminalları olan bank ekvayerlərin siyahısına başçılıq edirlər.
– POS-terminallardan istifadənin genişləndirilməsi üçün maarifləndirmə işləri nə yerdədir?
– Vətəndaşların elektron ödəniş sistemlərindən istifadəsi sahəsində maarifləndirmə siyasəti də mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Vergilər Nazirliyi tərəfindən nağdsız ödənişlərin stimullaşdırılması və POS-terminallardan istifadə barədə əhalinin məlumatlandırılması və maarifləndirilməsinə dair xüsusi Tədbirlər Planı təsdiq edilmişdir. Vergilər Nazirliyinin Bakı şəhərində yerləşən bütün strukturlarının əməkdaşlarına POS-terminallardan istifadə qaydaları barədə treninqlər keçirilib və həmin əməkdaşlar tərəfindən paytaxtda yerləşən təsərrüfat subyektlərində vergi ödəyicilərinin məlumatlandırılması və maarifləndirilməsi sahəsində müvafiq işlər görülüb. Bundan başqa, nağdsız hesablaşmaların üstünlükləri, POS-terminallar və ödəniş kartlarından istifadə qaydaları ilə bağlı maarifləndirici buklet hazırlanmış və onun vergi ödəyicilərinə çatdırılması təmin edilib. Bu proses davamlı xarakter daşıyır və yaxın zamanlarda ictimaiyyətin daha geniş təbəqələrinin məlumatlandırılması üçün POS-terminallardan və plastik kartlardan istifadə ilə bağlı reklam çarxlarının hazırlanaraq təqdim olunması nəzərdə tutulur.
– Nəzarət-kassa aparatlarının işinin təkmilləşdirilməsi sahəsindəki qərarlar hansı nəticələri verir?
– Vergitutma bazasının genişləndirilməsində, vergidən yayınma hallarının qarşısının alınmasında nağd pul hesablaşmaları aparan vergi ödəyicilərinin fəaliyyətinə nəzarətin təkmilləşdirilməsi və nağdsız hesablaşmaların genişləndirilməsi vergi nəzarəti mexanizmlərinin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə nəzarət-kassa aparatlarında elektron ötürücü qurğuların tətbiq olunması, respublika ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində gəlirlərin vergidən yayındırılması hallarının qarşısının alınması üçün həmin obyektlərdə xüsusi konstruksiyalı və texniki göstəricilərə malik nəzarət-kassa aparatlarının tətbiqi barədə bir sıra qərarlar qəbul olunub. Eyni zamanda, nəzarət-kassa aparatlarının yaddaşındakı məlumatların GPRS (elektron məsafədən ötürmə qurğuları) vasitəsi ilə vergi orqanlarının məlumat bazasına ötürülməsinə başlanılıb.
Ötən ilin sonlarından başlayaraq, Azərbaycanda nəzarət-kassa aparatlarının qeydiyyatı prosesi də sadələşdirilmişdir. Elektron qeydiyyatın tətbiqinə qədər bu proses orta hesabla 2 gün vaxt aparırdı, indi isə bu, cəmi 15-20 dəqiqə təşkil edir. Nəzarət-kassa aparatlarının elektron qeydiyyatı üçün vergi ödəyicisi xüsusi ərizə formasını doldurur və sistemə daxil edir, məlumatlar avtomatik yoxlanılır. Hər hansı uyğunsuzluq olduqda vergi ödəyicisinin ekranına müvafiq məlumat verilir. Hər şey düzgündürsə, kassa aparatı qeydiyyata alınır. Yeni sistemin tətbiqi ilə vergi ödəyicisinin vergi orqanına gəlməsinə ehtiyac qalmır, bu isə sahibkarlara vaxta qənaət etmək imkanı verir.






03.05.2012     Çap et  Çap et