525-ci qəzet

Çernobıl əlillərinə minik avtomobilləri təqdim olunub



Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Çernobıl əlilləri ilə görüş keçirilib. Nazirlikdən verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov 11 Çernobıl əlilinə “Liffan” markalı minik avtomobillərinin açar və sənədlərini təqdim edərək, onların daim dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu, bu sahədə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Görüşdə qeyd olunub ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl AES-da baş vermiş qəzanın ləğvində 8 000 nəfərə yaxın Azərbaycan vətəndaşı iştirak edib ki, həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə ümumilli lider Heydər Əliyev tərəfindən başlanılıb. Bu təbəqədən olan vətəndaşlara göstərilən diqqət və qayğı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.
1993-cü ildə ulu öndərin təşəbbüsü sayəsində Milli Məclis tərəfindən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib və Çernobıl əlillərinin hərtərəfli dövlət qayğısı ilə təmin olunması işlərinə başlanılıb.
2000-ci ildən 2012-ci ilədək nazirliyin sifarişi ilə respublikanın müxtəlif bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binalarındakı mənzillərin bölgüsü zamanı mənzil növbəsində olan Çernobıl əlilləri də nəzərə alınıb və bu təbəqədən olan 134 nəfər əlil mənzillə təmin olunub. Eyni zamanda, 1998-ci ildən 2012-ci ilədək ölkəmizə əlillər üçün alınıb gətirilmiş avtomobillərdən 44 ədədi növbəyə dayanmış Çernobıl əlillərinə təqdim olunub.
“Sosial müavinətlər haqqında” Qanununa əsasən, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyən edilib. 2012-ci ildə Nazirliyin vəsaiti hesabına 500 nəfər Çernobıl əlilinə birdəfəlik maddi yardım göstərilib. Həmçinin cari ildə 1441 nəfər Çernobıl əlilinin 2469 nəfər övladının hər birinə aylıq müavinət, 2770 nəfər Çernobıl əlilinə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilib.
Nazirlər Kabinetinin təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı, Çernobıl əlilləri də sanator-kurort putyovkaları (yollayışları) ilə təmin olunur və 2011-ci ildə sanator-kurort putyovkaları ilə təmin edilən Çernobıl əlilllərinin sayı 35 nəfər olub. Çernobıl əlillərinin tibbi reabilitasiyası məqsədilə Mingəçevir şəhərində Çernobıl əlilləri üçün İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin tikintisi nəzərdə tutulub və bu istiqamətdə işlər aparılır.
Tədbirdə Azərbaycan Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov və çıxış edən digər Çernobıl əlilləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
BƏXTİYAR







03.05.2012     Çap et  Çap et