525-ci qəzet

“Bizim elə gücümüz var ki, Xocalı soyqırımını Knessetdə nəinki müzakirəyə çıxara, hətta tanıda da bilərik”



– İsrail-Azərbaycan münasibətlərinin bugünkü səviyyəsini necə qiymətləndirirsiniz?
– Bu gün iki ölkə arasında münasibətlər ən yüksək səviyyədədir. Bu günlərdə İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri zamanı bunun bir daha şahidi olduq. Aviqdor Libermanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunması iki ölkə arasında olan münasibətlərin nə qədər yüksək dərəcədə olduğunun göstəricisidir. Bir neçə il öncə İsrail prezidenti Şimon Peres də Azərbaycana səfər etmişdi. Azərbaycanla İsrail arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. İki ölkə arasında iqtisadi əlaqələr də inkişaf etdirilir. İsrail neftə olan tələbatının 70 faizini Azərbaycan nefti hesabına ödəyir. Bu yaxınlarda Azərbaycan İsraildən 1,6 milyard dollarlıq silah sursat alıb. Bu, İsrailin tarixində ən böyük silah satışıdır. Hələ indiyə kimi İsrail bu həcmdə, bu dəyərdə silahı heç bir ölkəyə satmayıb. Bildiyimə görə, İsrail yenidən Azərbaycana silah satıb, iki ölkə arasında silah alqı-satışına dair müqavilə imzalanıb. Bu onu göstərir ki, Azərbaycan İsrailin Cənubi Qafqazda ən əsas tərəfdaşıdır.
– İsraildə Azərbaycana köçmüş yəhudilərin sayı nə qədərdir və onlar İsrialin ictimai-siyasi həyatında hansı rolu oynayırlar?
– İsraildə Azərbaycandan köç etmiş yəhudilərin sayı 70 mindən çoxdur. Bunlar əsasən sovet dövründə, bir qismi isə sovetlər dağılandan sonra gələnlərdir. İsrailin həyatının bütün sahələrində Azərbaycan yəhudilərinə rast gəlmək mümkündür. Bildiyiniz kimi, İsrail səhiyyəsi dünyanın ən qabaqcıl səhiyyəsidir. Bu gün İsrail səhiyyəsində çalışan 180 həkim Azərbaycan Tibb Universitetinin məzunudur. Ölkənin ən güclü, ən çox tirajlı qəzetlərində Azərbaycandan gələn yəhudilər çalışır. Üç reytinqli qəzetin baş redaktoru Bakı yəhudisidir. Demək olar ki, bütün qabaqcıl sahələrdə Azərbaycandan gələn yəhudilər aktiv fəaliyyət göstərirlər. İsrail Knessetində Azərbaycan yəhudisi olan deputatlarımız olub, indi də var. Üç rayonun meri də Azərbaycan yəhudisidir.
– Azərbaycandan gələn yəhudilər Azərbaycanla bağlı həqiqətlərin İsrail ictimaiyyətinə çatdırılmasında nə kimi rol oynayırlar?
– Azərbaycan yəhudiləri Azərbaycanla bağlı həqiqətlərin İsrail ictimaiyyətinə çatdırılmasında mühüm fəaliyyət göstərirlər. Bildiyiniz kimi, burada ermənilər də yaşayır. Onların da böyük icması var. Onlar da öz fəaliyyətləri ilə bağlı İsrail cəmiyyətində təbliğat aparırlar. Mənə bu gün İsraildəki Türkiyə səfirliyindən zəng etmişdilər. Bildirdilər ki, İsraildəki ermənilər Knessetdə “erməni soyqırımı” ilə bağlı tədbir keçirməyə hazırlaşırlar. Aprelin 24-də İsraildə dövlət tədbirləri olduğuna və İsrailin milli bayramı olduğuna görə Knesset tətildədir. Ona görə də, ermənilər həmin tədbiri mayın əvvəlində keçirməyi planlaşdırırlar. Bu məsələ bizim, Azərbaycandan gələn yəhudilərin nəzarətindədir.
İsrail Knessetində “erməni soyqırımı”nın müzakirələrə çıxarılmasının qarşısını alan adam bizim təşkilatın, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının rəhbəri, İsrail Knessetinin deputatı Aleks Miller olacaq. O, Knessetin təhsil komissiyasının rəhbəridir. Bu adam imkan vermir ki, “erməni soyqırımı” İsrail Knesseti tərəfindən tanınsın. Şəxsən o, son iki ildə “erməni soyqırımı”nın Knessetdə müzakirəyə çıxarılmasına imkan vermir. Bu işdə bizə deputat Lia Şemtov da köməklik edir. Bizim elə bir gücümüz var ki burada, nəinki, Xocalı soyqırımını müzakirəyə çıxara, hətta Knesset tərəfindən tanıtdıra da bilərik. İsrail bu gün təkcə Hitler tərəfindən qaraçılara qarşı törədilmiş soyqırımı tanıyır. Amma bu o demək deyil ki, Xocalı soyqırımı mövzusu müzakirə olunmamalıdır. Xocalı faciəsi dünyanın ən dəhşətli faciələrindən biridir.
– “AZİZ” təşkilat olaraq Xocalı soyqırımın israillilərə tanıdılmasında hansı işlər görür?
– Biz təşkilat olaraq hər il Xocalı soyqırımına həsr olunan tədbirlər keçiririk. Bu tədbirlər çox yüksək səviyyədə keçir. Builki tədbir də çox yüksək səviyyədə keçdi. Knessetin deputatlarının, İsrailin məşhur politoloqları və elm adamlarının iştirak etdiyi tədbirə Azərbaycandan da nümayəndə heyəti qatılmışdı. Tədbir zamanı Xocalı soyqırımına həsr olunan sərgi təşkil edilmişdi. Buradakı ermənilər tədbiri dağıtmaq üçün təxribata da əl atdılar. Lakin buna nail ola bilmədilər. Tədbir barədə İsrail mətbuatı yazdı. Nəinki İsraildə, hətta ABŞ-da məşhur olan “Jeruselim Post” qəzeti bu tədbirə geniş yer ayırmışdı.
Xocalı ilə bağlı tədbirlərin keçirilməsində, ümumiyyətlə Azərbaycanla bağlı tədbirlərin keçirilməsində Moskvada yaşayan yəhudi əsilli iş adamı German Zaxaryayev bizə köməklik edir. O, Quba yəhudisidir. Biz tədbirlərimizi onun vəsaiti hesabına keçiririk. Bundan başqa bizə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi də köməklik edir.







01.05.2012     Çap et  Çap et