525-ci qəzet

Tələbə gənclər üçün İnformasiya Texnologiyaları Evi açılıb



Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nəzdində Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə “House Information Technologies” (HİT) İnformasiya Texnologiyaları Evi fəaliyyətə başlayıb. İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, “HIT”də gənclərin kompyuter biliklərinin artırılması məqsədi ilə təlimlər keçirilir. ATGTİ-nin İnformasiya texnologiyaları departamentinin direktoru Tuğay Kərimovun və departament işçilərinin keçdiyi təlimlərdə iştirakçı tələbələrə informasiya texnologiyaları ilə bağlı ilkin biliklər, kompyuterlər, onların proqram təminatları haqqında ümumi məlumatlar verilir. “Word”, “Excel” proqramlarında, internetdə əməliyyatların aparılması öyrədilir. Son təlimlərdə isə tələbələr sosial şəbəkələrdən istifadə və təhlükəsizliyin qorunması mövzusunda məlumatlandırılacaqlar. İttifaqın məlumatında bildirilib ki, təlim kursları əvvəlcədən verilmiş elan əsasında müraciət edən tələbələrdən formalaşdırılmış 6 qrupa keçilir. Hər qrup həftədə iki dəfə təlimdə iştirak edir və hər gün iki fərqli qrup təlimlərə qatılır. Məlumatda qeyd olunub ki, may ayının ortalarına qədər davam edəcək təlimlərin yekununda fərqlənən tələbələrə diplomların, digər tələbələrə isə iştiraklarını təsdiqləyən sertifikatların verilməsi nəzərdə tutulur.
S.QARAYEVA





01.05.2012     Çap et  Çap et