525-ci qəzet

Sürücüsü terrorçuluqda təqsirləndirilən sabiq məhkəmə sədri danışdı




Azərbaycan Ali Məhkəməsinin sabiq sədr müavini Ramazan Burcayev sürücüsünün həbsinə münasibət bildirib. Bu barədə APA-nın sorğusunu cavablandıran R. Burcayev Anar Ramazanovun həbs edilməsi barədə xəbəri mətbuatda oxuduğunu deyib: “Anar Ramazanovla Şəki Apellyasiya Məhkəməsinin sədri olduğum dövrdə çalışmışam. O, təxminən bir neçə il mənim sürücüm olub. Onun belə işlərlə məşğul olmasından xəbərsiz olmuşam. Bu barədə məlumatım olsaydı, heç vaxt imkan verməzdim”. R. Burcayev sürücüsünün həbsi ilə bağlı hələlik Milli Təhlükəsizlik Nazirliyinə dəvət olunmadığını və istintaqa ifadə vermədiyini deyib: “Hazırda səhhətimdə problemlər var. İnfarkt keçirdiyim üçün özümü yaxşı hiss eləmirəm. Zərurət yaranarsa, istintaqa lazımı köməkliyi göstərməyə hazıram”. Qeyd edək ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir neçə gün əvvəl Zaqatalada həyata keçirdiyi növbəti əməliyyat zamanı həbs edilən silahlı qanunsuz qruplaşmanın üzvü ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Xüsusi əməliyyat nəticəsində tutulan, Gəncədə zərərsizləşdirilən qanunsuz silahlı qruplaşmanın başçısı Vüqar Padarovun yaxın silahdaşı olmuş Anar İsfəndiyar oğlu Ramazanovun Ramazan Burcayevin sürücüsü işlədiyi məlum olub. İstintaqla o da müəyyən edilib ki, A. Ramazanov cinayət əməllərini məhz R. Burcayevin sürücüsü olduğu müddətdə həyata keçirib. Belə ki, dəstə üzvləri ələ keçməmək və iz azdırmaq məqsədilə məhkəmə sədrinin xidməti maşınından istifadə ediblər. A. Ramazanov məhkəmə sədrinin xidməti avtomobili ilə V. Padarovun başçılıq etdiyi dəstənin üzvü Rəşad Aşurovun əldə etdiyi silah-sursatı lazımi ünvanlara çatdırmaqda onlara yardım edib. Bütün bunlar R. Burcayevin Şəki Apellyasiya Məhkəməsinin sədri olduğu dövrdə həyata keçirilib. Məlumat üçün qeyd edək ki, hadisədə adı hallanan R. Burcayev uzun müddət Azərbaycanın məhkəmə-hüquq sistemində işləyib. O, 1972-1976-cı illərdə Balakən Rayon Xalq hakimi, 1976-1987-ci illərdə Ağdam Rayon Xalq Məhkəməsinin sədri, 1987-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 1995 – 1998-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2000 – 2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavini, Hərbi Məhkəmələrin İşləri Üzrə Məhkəmə Kollegiyasının sədri, 2007-2010-cu illərdə isə Şəki Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. R. Burcayev 2010-cu ilin sonunda təqaüdə çıxıb.





27.04.2012     Çap et  Çap et