525-ci qəzet

Ramil Səfərov – canlı xalq qəhrəmanı kimi




Bu günlərdə, “əsl kişi necə olmalıdır?” sualı ətrafında televiziya kanallarımızda müzakirələr aparıldı. Ümumiyyətlə, bu mövzu elə hər zaman aktualdı. Bunun da səbəbi yəqin hər kəsə aydındı. Fikir verirsən ki, kişi deyəndə birinci vətənpərvər, cəsur, igid və s.bir obraz canlanır göz önündə. Bu gün müharibə şəraitində olsa da atəşkəs (hər gün pozulan atəşkəs) dövründə yaşayırıq. Məncə, indi əsl qəhrəmanlar o hər an ölüm təhlükəsi ilə üz-üzə qalan adamlardı. Düşmən gülləsi altında əkin əkən, ev tikib, yurd salan adamlardı. 11 yaşlı Fariz Bədəlovun atasıdı, anasıdı, düşmənlə üz-üzə bu dağı sinəsində daşıyan doğmalarımızdı. Bu insanlar köçüb başqa səmtə də gedə bilərlər, bir qarın çörək pulunu hardan olsa qazana da bilərlər. Amma məsələ başqa şeydi, torpaq, yurd qoymur insanı aralı düşməyə, ölümü gözünə alıb yaşayır bu Vətən fədailəri... Bir də təkcə mənim yox, çoxlarının fikrincə, əsl canlı qəhrəman leytenant Ramil Səfərovdu. Yalnız bir evin, bir ocağın yox, cümlə Vətənin təəssübünü çəkən, gələcək karyerasını, arzularını doğma yurdu üçün qurban verən qardaşımız. Bütün köçkünlərin balası, qardaşı, canı-qanı, cümlə azərbaycanlıların fəxri Ramil Səfərov. Erməni başımıza açdığı min bir oyuna görə cəzasız qaldığı halda nədən R.Səfərov ömürlük həbs edilib görəsən? Xocalıda hələ doğulmayan körpəni süngüyə keçirən, qadına-qocaya min bir işgəncə verən, mənim atamı öldürən, yurdumuzu talayan qaniçənlərin cəzası nə olub görəsən? Amma R.Səfərov nə bir körpəyə əl qaldırıb, nə də özgənin torpağını talayıb. Erməni yetirməsi özü onu məcbur edib ki, bu qətli törətsin. Onun millətini, bayrağını, mənliyini təhqir edib dönə-dönə. R.Səfərov yurdunu-evini talayıb doğmalarını öldürən, qalanları didərgin salan, hələ o uzaq ölkədə- Macarıstanda da hər an yarasının közünü qoparıb ona göz verib işıq verməyən düşmən bəlasına axı hansı dildə cavab verməliydi? Deyirlər babalarının yoluna “çıraq” tutan bu erməni dığasının vətənində heykəlini ucaldıb qəhrəman sayırlar. Ürəyində Vətən təəssübü, yurd yanğısı olan bütün insanlarımız Ramil Səfərovu canlı xalq qəhrəmanı hesab edir. Özü də qondarma yox, əsl qəhrəman... Mən bunu hiss elədim, bir daha anladım. Onun adı çəkiləndə bir el qızımız söylədi ki, R.Səfərov mənim ürəyimin yaralı yeridi, həm də qürur yeri. Səkkiz ildən artıq yad, uzaq ölkədə həbsxanada ona ömürlük cəza verildiyini bilsə də sınmayıb bu igid oğlan. Həm də biliyi, bacarığı ilə millətimizin başını uca edib. Həbsxanada kitablar yazıb, həbsə alındığı ölkənin dilindən tərcümələr edib, fırçayla əsərlər yaradıb və.s. Sübut etməyə çalışıb ki, Azərbaycan insanı mənən çox güclüdü. Sən havadarlarını toplayıb onun torpağını zəbt edə bilərsən, fəqət ona qalib gəlməyə gücün yetməz... Bu gənc leytenantın gözündə-könlündə elə bir Vətən sevdası yurd salıb ki, harada olur-olsun qəlbi onunla döyünür. İnanıram ki, bütün varlığıyla, işi, əməli ilə igid oğlumuzun taleyinə biganə olmayan insanların sayı möhtəşəm bir ordunun sayından artıqdı... Çünki qeyrət bu millətin mayasındadı. Bu da bir qeyrət məsələsidi axı... Bu canlı xalq qəhrəmanını unutmağa haqqımız yoxdu, bizdən ötrü cavanlığını, karyerasını qurban verən, həbsxanada da Vətən üçün çarpışan bu əsl igidlik nümunəsini unutmağa ixtiyarımız yoxdu... ...Əvvəllər yataqxanada qonşu olduğum Sahib kişiyə – Ramilin atasına da sözüm var. Sahib dayı, adam var ata namussuzluğundan, qardaş qeyrətsizliyindən, ər nadürüstlüyündən elə əziyyətlər çəkir ki, heç dilinə alıb danışa da bilmir, içində qovrula-qovrula qalır. Qeyrəti-namusu satmırlar axı. Qeyrət insanın öz canında olur. Mən bunun irsi olduğuna da inanmadım gördüklərimdən. Qeyrətsiz qardaşına görə dili ağzında yanan bacının paralanmış ürəyini bir Allah görür... Amma sən xoşbəxt adamsan, oğlunun qeyrəti ilə öyünə bilirsən...
Mina RƏŞİD







Mənbə: Mina RƏŞİD27.04.2012     Çap et  Çap et