525-ci qəzet

İsmayıl Əvəzovun həyata obrazlı baxışı





Azərbaycan təsviri sənətinin hələ orta əsrlərdən başlayaraq dünyaya yayılan şöhrətinin bu gün də öləzimədiyini şərtləndirən önəmli səbəblərdən biri heç şübhəsiz respublikamızda müasir dövrdə uşaq yaradıcılığına olan qayğının davamlı olmasıdır. Hələ sovet dönəmində SSRİ məkanında keçirilən müxtəlif miqyaslı uşaq yaradıcılığı sərgilərində və müsabiqələrində Azərbaycanın təmsilçiləri olan uşaqlar bu bədii yarışmaların favoriti sayılırdılar. Yaxşı haldır ki, bu ənənə respublikamızın müstəqillik qazandığı illərdə də davam etdirilməkdədir. Son vaxtlar ölkəmizdə keçirilən sərgi – müsabiqələr onlarla yeni istedadlı uşağı üzə çıxarmışdır. Gələcəyinə böyük ümidlər bəslədiyimiz belə istedadlardan biri də İsmayıl Əvəzovdur. Kiçik yaşlarından bütün yaşıdları kimi rəsm çəkməkdən yorulmayan İsmayılın dünyaya və hadisələrə özünəməxsus baxışa malik olduğunu bu il Bakıda keçirilən Xocalı soyqırımına həsr olunmuş sərgi aşkarlayıb. Bakıdakı Heydər Əliyev adına liseyin yeddinci sinfində təhsil alan İsmayıl bəlkə də özlüyündə sərgiyə təqdim etdiklərini müəyyən mənada həmişə çəkdiklərinin adicə davamı sayırdı. Amma Bakı Xətai Sənət Mərkəzinin Xətai rayon icra hakimiyyəti ilə birlikdə təşkil etdiyi sərgidəki rəsmləri dəyərləndirən mütəxəssislər onun çəkdiklərindəki bədii ümumiləşdirməni, hadisələri rəmzlərlə ifadə etmək bacarığını ondakı özünəməxsus bədii görümün ifadəsi hesab etməklə onu xüsusi diplomla mükafatlandırdılar. Xocalı faciəsi haqqında ilk növbədə evdə valideynlərindən, məktəbdə müəllimlərindən məlumat alan, eləcə də erməni vəhşiliklərinə cəsur jurnalist Çingiz Mustafayevin lentə aldığı kadrlarla və müxtəlif foto şəkillərlə şahidlik edən balaca rəssam əldə etdiyi vizual informasiyanın təsirliliyini saxlamaq üçün çəkdiyi rəsm üçün çox maraqlı bədii həll tapmışdır, desək, yanılmarıq. Bunu onun həm Xocalı soyqırımının dəhşətlərinin yaddaqalan görüntüyə çevrilməsini şərtləndirən kompozisiya bütövlüyü ilə yanaşı, həm də bədii ümumiləşdirmə və ifadə şərtiliyi də təsdiqləyir. “Xocalı faciəsi” rəsmi üçün ideyanın açımına yönəli üfüqi kompozisiya formatı seçən balaca rəssam bununla da gecənin qaranlığında haray – çağırış kimi qəbul olunan qana bulanmış əlləri Xocalı soyqırımının obrazlı görüntüsünə çevirməyə nail olmuşdur... Tünd yerlikdə əllərdən hələ də qanın axdığı təəssüratını əldə edən müəllif son nəticədə tamaşaçısını hadisənin indicə baş verdiyinə inandırır. Etiraf edək ki, İsmayıl Əvəzovun “ Xocalı faciəsi” uşaq təfəkkürünün məhsulu olsa da , bədii həllinə görə yaşlı həmkarlarının belə həsəd apara biləcəyi bədii həllə malik rəsmdir. Bu rəsm nə vaxtsa yaradılacaq Xocalı faciəsi muzeyinin diqqətçəkən eksponatı ola bilərdi... Digər rəsmdə isə balaca rəssam Xocalı faciəsinin qurbanlarına öz ehtiramını ifadə edib. Bu dəfə şaquli kompozisiyaya müraciət edən İsmayıl onun da detal yığcamlığına çalışmışdır. Lakonuk rənglərlə işlənmiş rəsmin cəmisi iki elementdən – “Xocalı” sözündən və şam təsvirindən ibarət olması da bunun təsdiqidir. Qaralmış səmada qanla yazılmış “Xocalı “ sözü qarşısında ucalan bəyaz şam özünün ifadəli siluetinə görə cəlbedici görünməklə bütünlükdə kompozisiyanın təsirliliyini təmin etmişdir... İsmayılın maraq dairəsi kifayət qədər genişdir. Bunu onun çəkdiyi müxtəlif mövzulu və janrlı rəsmlərdən də görmək mümkündür. Onun şəhər və kənd mənzərələrində yurdumuzun sayagəlməz gözəlliklərinə diqqət yetirməsi xüsusilə diqqət çəkir. Həmin rəsmlərdə İsmayılın bizə tanış olan paytaxt motivlərinə fərqli baxış nöqtələrindən göz qoyması etiraf edək ki, təsviri yaradıcılığa maraq göstərən yeniyetmə üçün çox müsbət haldır. Əgər dediklərimizi məşhur “Hamı baxır, amma hamı görmür” el deyimi ilə əlaqələndirsək, onda bunun həm də balaca rəssam üçün önəmli yaradıcılıq məziyyəti olduğunu qeyd etməliyik. İsmayılın sulu boya ilə çəkdiyi “Bakının dənizdən görünüşü”, “İçərişəhərdə”, “Kənd mənzərəsi”, “Çay kənarında”, “Şəhərdə”, “Şərq motivi”, “Dağlar”, Güllər”, “Meyvələr” və s. rəsmləri özündə vurğuladığımız bədii keyfiyyətləri yaşadır. İsmayıl Əvəzov böyük sənətin hələ onu sayagəlməz sınaqlara çəkəcək yollarına demək olar ki, yenicə qədəm qoyur. Amma bununla belə artıq çəkdikləri ilə özünə və rəsmlərinə qarşı başqalarında maraq oyada bilib. Onun rəsmlərində müsbət keyfiyyətlərin olduğunu xalq rəssamları Altay Hacıyev və Arif Hüseynov da xüsusi vurğulayıblar. Odur ki, o, bu gün rəsm çəkməkdən, rəngi- rəngə calamaqdan usanmır, tanınmış fırça ustalarının ümidlərini doğrultmağa çalışır. İxtisas müəllimi Əbdül Şərifov da verdiyi tövsiyələrlə onun səylərinin davamlı və nəticəli olmasına çalışır. Onun rəsmləri ilə tanışlıq və onlara verilən qiymətə rəğmən demək olar ki, hələ biz tez-tez onunla sərgi salonlarında görüşəcəyik. Odur ki, “İsmayıl Əvəzov” adını yadda saxlayın! Ziyadxan Əliyev Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi




27.04.2012     Çap et  Çap et