525-ci qəzet

Mirzə Ələkbər Sabir haqqında inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb



Təhsil Nazirliyində böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyi münasibətilə ölkənin ümumi təhsil məktəbləri şagirdləri arasında “Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir haqqında düşüncələrim” mövzusunda keçirilən inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov deyib ki, inşa yazı müsabiqəsi Prezident İlham Əliyevin “Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən keçirilib. Nazir müvafiq sərəncamın icrası ilə əlaqədar Təhsil Nazirliyinin əmrinə uyğun olaraq hazırlanmış geniş tədbirlər planında ölkənin təhsil orqanlarına, təhsil müəssisələrinin rəhbərlərinə M.Ə.Sabirin 150 illik yubileyi ilə bağlı elmi-nəzəri və praktik istiqamətli tədbirlərin təşkili barədə tapşırıqlar verildiyini qeyd edib. Nazir həmçinin böyük şairin yubileyinin qeyd edilməsi ilə bağlı ən böyük tədbirin ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə 2 mərhələdə keçirilən inşa yazı müsabiqəsi olduğunu bildirib. Müsabiqənin rayon (şəhər) mərhələsində minlərlə şagirdin iştirak etdiyini deyən M.Mərdanov 95 nəfərin inşa yazısının seçilərək Təhsil Nazirliyinə təqdim edildiyindən söz açıb. Nazir inşa yazılarının xüsusi komissiya tərəfindən yoxlanılaraq qaliblərin müəyyən olunduğunu, yoxlamanın nəticələrinə görə, 5 nəfərin I, 10 nəfərin II, 20 nəfərin III dərəcəli diploma, 21 nəfərin isə tərifnaməyə layiq görüldüyünü iştirakçıların nəzərinə çatdırıb. M.Mərdanov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan ədəbiyyatının, incəsənət və mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş şəxsiyyətlərin yubileylərinin keçirilməsi ənənəsinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirildiyini bildirib. M. Mərdanov prezidentin böyük Azərbaycan şairi “Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamını tarixi keçmişimizə, klassik söz sənətinin qüdrətli nümayəndələrinin xatirəsinə sonsuz hörmət və məhəbbətin növbəti təzahürü kimi səciyyələndirib. M.Ə.Sabirin XX əsr Azərbaycan ədəbiyyatının ən məşhur və nadir ədəbi simalarından biri olduğunu vurğulayan təhsil naziri böyük şairin həyat və yaradıcılığı, onun ədəbiyyatımıza gətirdiyi yeniliklərdən geniş söz açıb. Çıxışının sonunda nazir inşa yazı müsabiqənin qaliblərini qazandıqları uğur münasibətilə təbrik edib, onların müstəqil Azərbaycanın layiqli vətəndaşları olacaqlarına əminliyini bildirib. Mükafatlandırma mərasimində iştirak edən M.Ə.Sabirin yaxın qohumu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Zemfira Tahirli ölkə prezidentinin böyük şairin 150 illik yubileyi ilə əlaqədar verdiyi sərəncamın böyük əhəmiyyətə malik olduğunu qeyd edib, Sabir irsinin öyrənilməsinə xidmət edən bu müsabiqənin təşkilatçılarına təşəkkürünü bildirib. Tədbirə qatılan millət vəkili Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları, professor Zahid Xəlil, dosent Füzuli Əsgərli çıxış edərək M.Ə.Sabirin 150 illik yubileyi münasibətilə şagirdlər arasında keçirilmiş inşa yazı müsabiqəsinin böyük şairin yaradıcılığının təbliğ və öyrədilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib, mahir satira ustasının Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini vurğulayıblar. Sonda müsabiqə qaliblərinə diplom, tərifnamə və hədiyyələr təqdim olunub.
S.QARAYEVA  




27.04.2012     Çap et  Çap et