525-ci qəzet

“Azərbaycan Bəstəkarlar İttifaqı: böyük yolun tarixi” təqdim olundu



Bəstəkarlar İttifaqının konsert salonunda sənətşünaslıq namizədi Lalə Hüseynovanın “Azərbaycan Bəstəkarlar İttifaqı: böyük yolun tarixi (1934-2009)” kitabının təqdimatı olub. Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə təqdimatın açılışında çıxış edərək deyib ki, kitab Bəstəkarlar İttifaqının tarixində mühüm hadisədir. Azərbaycanda dahi Üzeyir Hacıbəylidən qaynaqlanan bəstəkarlıq tarixi çox maraqlı hadisələrlə zəngindir. Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş kitabın müəllifi və tərtibatçısı, Bəstəkarlar İttifaqının məsul katibi Lalə Hüseynova uzun illər material toplamış, çox böyük iş görüb. Kitabda arxiv materiallarından, dərc olunmuş məqalələrdən, fotoxronikadan istifadə edilib.
Bəstəkarlar İttifaqının katibi, Xalq artisti, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Xalq artisti, tarzən Ramiz Quliyev Azərbaycan musiqi sənətinin inkişaf mərhələlərini əks etdirən nəşrin əhəmiyyətindən danışıblar.
Tədbirin iştirakçılarına kitab haqqında videoçarx nümayiş etdirilib. Film ümummilli lider Heydər Əliyevin bu sözləri ilə başlayır: “XX əsrdə milli musiqi mədəniyyətimizdə böyük nailiyyətlər qazanılmışdır. Xalqımız Azərbaycana dünya şöhrəti gətirmiş istedadlı musiqiçilərlə haqlı olaraq fəxr etmişdir, edir və edəcəkdir”.
Nəşrin ilk səhifələrində Prezident İlham Əliyevin “Bəstəkarlar İttifaqının yaradıcı üzvləri üçün şəraitin yaxşılaşdırılması haqqında” (12 mart 2007-ci il) və “Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinin keçirilməsi haqqında” (18 may 2009-cu il) sərəncamları verilib.
Kitab Müqəddimədən (Firəngiz Əlizadə), Girişdən, üç bölmədən ibarətdir. I bölmə Azərbaycan Bəstəkarlar İttifaqının yaranması və təşəkkülü tarixinə (1934-1950) həsr olunub.
II bölmə 1960-1980-ci illərdə Bəstəkarlar İttifaqının fəaliyyətinə və əsas istiqamətlərinə həsr edilib.
III bölmədə müasir müstəqillik dövründə Bəstəkarlar İttifaqının fəaliyyətindən bəhs olunur.
Nəşrin redaktorları Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Ramiz Zöhrabovdur.
Kitabın müəllifi Lalə Hüseynova köməyə görə Bəstəkarlar İttifaqının üzvlərinə və əməkdaşlarına, habelə S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Üzeyir Hacıbəylinin Ev-Muzeyinin əməkdaşlarına minnətdarlığını bildirib.
Təqdimatın bədii hissəsində Azərbaycan Dövlət Simli Kvartetinin konserti olub. Konsertdə Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Firəngiz Əlizadənin, Tofiq Quliyevin əsərləri ifa edilib.










26.04.2012     Çap et  Çap et