525-ci qəzet

Naxçıvanda “Azərbaycan xalqının maddi-mədəniyyət yadigarları” mövzusunda tədbir keçirilib



AMEA Naxçıvan Bölməsində “Azərbaycan xalqının maddi-mədəniyyət yadigarları: Tarixi abidələr” mövzusunda tədbir təşkil edilib. Bu barədə AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi məlumat verib. Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev 1983-cü ildə YUNESCO yanında Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının Beynəlxalq Assambleyası tərəfindən təsis olunan və bütün dünyada qeyd olunan 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün əhəmiyyətindən geniş danışıb.
Azərbaycan müstəqillik qazandıqdan sonra tarix-mədəniyyət abidələrinin öyrənilməsi, təbliği, qorunması və bərpası istiqamətində görülən işlərdən bəhs edən akademik xüsusi olaraq ümummilli lider Heydər Əliyevin 1998-ci il aprelin 10-da “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və bu sənədin tətbiq edilməsi ilə bağlı 13 iyun 1998-ci il tarixli fərmanını vurğulayıb. Qeyd olunub ki, ulu öndər tərəfindən tarix-mədəniyyət abidələrinə göstərilən diqqət və qayğı bu gün Azərbaycanda, eləcə də Naxçıvanda uğurla davam etdirilir. Tarixi maddi-mədəniyyət abidələrimiz dərindən, hərtərəfli, obyektiv araşdırılır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında”, “Naxçıvan şəhərindəki “Əcəmi seyrəncahı”nda Açıq Səma Altında Muzey yaradılması haqqında”, ”Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında”, “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” sərəncamlarından da bəhs olunub.
Tarixi, arxeoloji, etnoqrafik və epiqrafik abidələrimizin öyrənilməsinin bundan sonra da vacibliyini qeyd edən akademik bu gün də ermənilərin çox qədim tarixi keçmişə sahib olan Azərbaycana və onun ayrılmaz parçası olan Naxçıvana qarşı ərazi iddiaları ilə çıxış etdiklərini, Azərbaycan torpaqlarını işğal edən Ermənistan indi də Naxçıvana qarşı geniş miqyaslı fəaliyyətlərə başlayaraq buradakı tarixi memarlıq abidələrinin özlərinə məxsus olduqlarını önə sürdüklərindən, lakin son illər Naxçıvan ərazisində aparılan tədqiqatlar burada heç bir erməni abidəsinin mövcud olmamasından bəhs edib.
Tədbirdə o da qeyd olunub ki, bu gün mövcud olan abidələrdə tədqiqatlar aparılmalı, bununla bağlı kitab, monoqrafiya nəşr etdirilməli, məlum olmayan abidələr üzə çıxarılıb tədqiq edilməli, eləcə də qədim arxeoloji, tarixi, memarlıq, təbiət və mədəniyyət abidələrimiz qorunaraq nəsildən-nəsilə çatdırılmalıdır.
Daha sonra “Azərbaycan xalqının maddi-mədəniyyət yadigarları: Tarixi abidələr” mövzusunda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin məruzəsi dinlənilib.
Tədbirdə Naxçıvan ərazisində olan maddi-mədəniyyət abidələrinə aid videokadrlar nümayiş etdirilib.
AMEA Naxçıvan Bölməsində keçirilən digər tədbir isə “Böyük demokrat yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” ədəbi məktəbi” mövzusunda elmi konfrans olub.
Bölmənin sədri akademik İsmayıl Hacıyev görkəmli dramaturq Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığından, mədəni həyatımızın, ədəbi-ictimai fikrimizin inkişafında mühüm rol oynayan “Molla Nəsrəddin” jurnalından ətraflı söz açıb. Bölmə sədri ədibin və onun nəşr etdiyi jurnalın Azərbaycan demokratik mətbuatı inkişafındakı misilsiz yeri və rolundan, azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz xidmətlərdən, ədibin çoxşaxəli irsinin təbliğ edilməsi istiqamətində görülən işlərdən danışıb.
Tədbirdə görkəmli yazıçı və dramaturqun əsərlərinin mövzusu, janr xüsusiyyətləri haqqında da məlumat verilərək bildirilib ki, Mirzə Cəlil xalqına, ounun tarixinə möhkəm tellərlə bağlı sənətkarlardan biri olub. Bunun üçün də onun qələmə aldığı əsərlərində yaşadığı dövrün ən vacib məsələləri dolğunluğu ilə öz əksini tapıb.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Ramiz Qasımovun “Cəlil Məmmədquluzadənin hekayə yaradıcılığı”, həmin institutun direktoru Əbülfəz Quliyevin “Molla Nəsrəddin” jurnalında dil məsələsi”, böyük elmi işçi Lütviyyə Əsgərzadənin “Mirzə Cəlil və romantik müasirləri”, elmi işçi Aygün Orucovanın “Mirzə Cəlilin jurnalistik fəaliyyəti və şeir yaradıcılığı”, böyük elmi işçi Ələkbər Qasımovun “Cəlil Məmmədquluzadə və Naxçıvan teatrı” mövzularında məruzələri dinlənilib.
Sonda məruzəçilər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
GÜNEL







26.04.2012     Çap et  Çap et