525-ci qəzet

Finalda “Bakı” və “Neftçi” qarşılaşacaq



Dünən Azərbaycan kubokunun yarımfinal mərhələsi başa çatıb. İlk finalçının adına Ağdamın Quzanlı qəsəbə satdionunda aydınlıq gəlib. Burada yerli “Qarabağ” klubu paytaxt təmsilçisi “Bakı” ilə qarşılaşıb. Səfərdə 1:0 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisi bu üstünlüyü qorumağa çalışacaqdı. “Bakı” isə finala yüksəlmək üçün səfərdə rəqibini mütləq məğlub etməli idi. Matçın 90 dəqiqəsi 1:0 hesabı ilə paytaxt klubunun qələbəsi ilə başa çatdığından oyunda əlavə vaxta ehtiyac duyulub. Oyunun ikinci əlavə hissəsində “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov zədələnərək meydanı tərk edib. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov hər 3 dəyişiklikdən istifadə etdiyi üçün komanda qalan vaxtı azlıqda keçirməli olub.
Əlavə vaxtda da qol olmadığından finalçının adına penaltilər seriyasında aydınlıq gəlib. “Qarabağ”ın futbolçusu Rəşad Sadiqov zərbədən yararlana bilməyib. Penaltilər seriyasında daha dəqiq oynayan “Bakı” finala vəsiqə qazanıb – 5:4.
Digər görüş isə paytaxtda keçirilib. Burada “Neftçi” klubu paytaxtın digər təmsilçisi “İnter”lə qüvvəsini sınayıb.
“Neftçi” 1:0 hesabı ilə qələbə qazanaraq, adını finala yazdırıb.
Kubokun qalibi mayın 17-də məlum olacaq.
25 aprel (çərşənbə)
“Qarabağ” – “Bakı” (ilk oyun – 1:0) – 0:1 (penaltilər seriyası – 4:5)
Qol: Lukas Horvat 38.
“Neftçi” – “İnter” (ilk oyun – 0:0) – 1:0
Qol: Cavid İmamverdiyev 22.






26.04.2012     Çap et  Çap et