525-ci qəzet

Cəfər Cabbarlının 113 illiyi qeyd edilib



Cəfər Cabbarlının ev-muzeyi və Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı ilə gimnaziyada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, müasir dramaturgiyamızın banisi Cəfər Cabbarlının anadan olmasının 113 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.
Gimnaziyanın teatr şöbəsinin müdiri Hicran Sadıqzadə böyük sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat veribr. Bildirilib ki, ədəbi fəaliyyətə uşaq yaşında şeirlə başlayan C.Cabbarlı sonralar yaradıcılığını əsasən dramaturgiya sahəsində inkişaf etdirib, səhnəmiz üçün yazdığı qüdrətli əsərləri onu Azərbaycan dramaturgiyasının yaradıcılarından biri kimi şöhrətləndirib. 35 illik qısa həyatının 22 ilini ədəbi yaradıcılığa həsr edən yazıçı zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək ədəbiyyatın həm şeir, həm dram, həm də nəsr janrlarından bacarıqla istifadə etmiş, eyni zamanda istedadlı jurnalist, tərcüməçi və kino xadimi kimi tanınmışdır.
Digər çıxışlarda da C.Cabbarlı yaradıcılığının özünəməxsus üslubundan və fərqli cəhətlərindən danışılıb.
Tədbirdə C.Cabbarlının həyat və yaradıcılığına dair slaydlar və videoçarx nümayiş olunmuşdur. Gimnaziyanın şagirdlərinin ifasında görkəmli sənətkarın şeirlərindən parçalar səsləndirilmiş, dramlarından səhnəciklər təqdim olunub.
Tədbirdə İncəsənət Gimnaziyasının direktoru Mahizər Şabanbəyova, teatr şöbəsinin müdiri Hicran Sadıqzadə, rejissor Əliheydər Şahbazov, ssenarist Göyçək Mehdiyeva “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin diplomları ilə təltif olunub.
GÜNEL





25.04.2012     Çap et  Çap et