525-ci qəzet

ŞƏKİLİLƏR OSMANLI SARAYINDA VƏ TÜRKİYƏ ORDUSUNDA



(Başlanğıcı ötən şənbə saylarımızda)
Korgeneral Mehmet Nuri paşa Hərb ordeni, Gümüş Ləyaqət ordeni və İstiqlal ordeni ilə təltif olunub.
Onun yayınlanmış əsərləri:
1. E.Pekarski, Yakut Dili Sözlüyü, 1-ci cild, TDK, İstanbul, 1945 (tərcümə təşkilatı üzvü olaraq). [Əsərin tərcümə təşkilatında başda Əbdülqadir İnan olmaq üzrə Prof. Əhməd Cəfəroğlu, korgeneral Xalis Bıyıktay, tümgeneral Nuri Bərköz, Rəşid Rəhməti Arat, Əli Hüseyn Turan (Hüseynzadə Əli bəy), istefadakı podpolkovnik Yaqub Orak, istefadakı mayor Rəmzi Kilərcioğlu, konsul müavini İsmayıl Şərafəddin Yula, Həmdi Tokər, Qaffar Güneyden, Abdullah Battal Taymas, Fuad Toktar, Orxan Şamxal, Əbdülcabbar, Kərim Odər, Həsən Abdullah Ortəkin, Şəfiqə Qaspıralı, Sabur Rəsulun əməyi keçmişdir. – Sina Bərköz].
2. M.P.Veltman, Böyük Hərbdə Kiçik Asiya və Türkiyənin Təqsimi (tərcümə).
3. Rusiyadan Mevsuk Məlumat (beş-altı əsər). Ümuri-Şərqiyyə arxivlərində.
4. General Fişmann, Gaz Nəviləri (tərcümə).
5. 1950-1954-cü illər arasında “Ulus” qəzetində yayınlanan 10-adək məqaləsi.
Danışdığı şivələr və bildiyi yabançı dillər: Azərbaycan türkcəsini yaxşı, tatarcanı orta, rusçanı yaxşı, fransızcanı orta dərəcədə, İsveç dilini danışıq səviyyəsində, kürdcə orta dərəcədə.
Mehmet Nuri Bərköz 16 yanvar 1975-də Haqqın rəhmətinə qovuşub. “Milliyyət” qəzetində oxuyuruq: “Türk Ordusunun dəyərli komutanlarından, istefadakı korgeneral Nuri Bərköz dünən vəfat edib. Üç orden sahibi Bərköz 86 yaşındaydı. Bərközün cənazəsi sabah hərbi törənlə torpağa veriləcəkdir”. Bu qəzetin 24 yanvar 1975 tarixli sayından öyrənirik ki, cənazə törəninə Türkiyə Ordusunun ən yüksək görəvliləri qatılıb.
Təəssüf ki, Mehmet Nuri paşanın ölüm tarixi bəzi qaynaqlarda yanlış olaraq 17 yanvar göstərilməkdədir.
Yuxarıda bildirdiyimiz kimi, Mehmet Nuri paşa Həsən Behcət paşa’nın qızı Ayişə Ülviyyə xanım’la (?-24.1.1993, İstanbul) ailə qurub. Bu evlilikdən onların bir oğlu – Prof. Dr. Sina Bərköz (1936) doğulub. Sina Bərköz uzun illər İstanbul Texnik Üniversitetində işləyərək professorluğa yüksəlib. 2000-ci ildə o, öz istəyi ilə təqaüdə çıxıb və akademik həyatına indi Bəhreyn Üniversitetində professor olaraq davam etməkdədir.
4. ORGENERAL (ORDU GENERALI) MAHMUD HACI İLYAS OĞLU SARIKƏRİMLİ (MAHMUD BƏRKÖZ) (1895, Şəki – 23.04.1989, İstanbul)
Orgeneral (ordu generalı) Mahmud Bərköz paşa haqqında ilk bilgini böyük qardaşının oğlu Prof. Dr. Sina Bərköz İnternetdə verib, sonra Prof. Dr. Vilayət Quluyev bu bilgidən yararlanaraq öz dəyərli məqaləsini yazıb.
Mahmud Hacı İlyas oğlu Sarikərimli (Mahmud Bərköz) 1895-ci ildə Şəki’də dünyaya göz açıb, ilk təhsilini burada alıb. Ailəsi Bursa’ya mühacirət etdikdən az sonra Bursa Hərbi Rüşdiyyəsinə girib, 1915-də bu məktəbi bitirərək orduda xidmətə başlayıb. 1951-də orgeneral rütbəsində istefaya çıxanadək o, Türkiyə Ordusunda şərəfli bir zabit yolu keçib. Təəssüf ki, onun xidmət bəlgələri bu gün əlimizdə deyil, bu üzdən onun haqqında geniş bilgi almaq imkanımız yoxdur. Ancaq bildiklərimizi burada veririk.
Mahmud (Bərköz) Hərbiyyə Akademiyası’nda təhsilini davam etdirərkən Türkiyənin İstiqlal Savaşı başlanmış, o da böyük qardaşı Mehmet Nuri kimi təhsilini yarımçıq qoyaraq Vətən uğrunda ölüm-dirim savaşına atılmış, Atatürkün sadiq əsgərlərindən biri olaraq bir çox fədakarlıqlar göstərmiş, bu qutsal savaşdan qazi olaraq çıxmışdı.
Savaş bitdikdən sonra Hərbiyyə Akademiyasında təhsilini tamamlayaraq topçu zabit kimi çeşidli bölgələrdə və rütbələrdə xidmətdə bulunub. Korgeneral (general-polkovnik) Mahmud Bərköz paşanı 1948-də Milli Müdafiə Nazirliyi müstəşarı (nazir müavini) olaraq görürük.
11-12 iyul 1948-də yanlarında on zabitdən ibarət bir heyətlə Ankaraya gəlmiş ABŞ Hərbiyyə Nazirliyi müstəşarı Vilyam H. Draper, Xarici İşlər Nazirliyindən rəfaqətinə təyin edilən M. Frank Visner və ABŞ Baş Qərargah Heyəti Planlar və Hərəkat Dairəsi müdiri general-polkovnik Albert C. Redemayer’lə müxtəlif görüşlərə qatılanlar arasında müstəşar, korgeneral Mahmud Bərköz və Genəlkurmay Hərəkat Dairəsi yarbaşqanı, korgeneral Mehmet Nuri Bərköz də vardı.
Amerikanın Ordu günü münasibətilə Amerika Səfarəti hərbi attaşesi Mr. Rominson ilə yoldaşı 6 aprel 1949-da Ankara Palasda bir kokteyl vermişdilər. Kokteyldə Türkiyənin bir sıra yüksək səviyyəli görəvliləri arasında Milli Müdafiə Nazirliyi Baş müstəşarı (birinci müavini), orgeneral Mahmud Bərköz, Jandarma Baş komandanı, korgeneral Nuri Bərköz də vardılar.
13 iyun 1949-da diplomatik kuryer Fuad Güzaltan’ın cənazəsi İstanbula aparılarkən Ankaradan keçdiyi zaman qatarın Ankara vağzalında dayanması əsnasında Güzaltanın cənazəsini Milli Müdafiə Nazirliyi Baş müstəşarı orgeneral Mahmud Bərköz, quru, hava və dəniz qüvvətlərinə mənsub generallar, zabitlər və bir çox yüksək səviyyəli görəvlilər salamlayıb.
Az sonra orgeneral Mahmud Bərköz Üçüncü Ordu komandanı təyin edilib. 6 iyun 1950-də yüksək səviyyəli komandanlarla birlikdə toplam 15 general və 150 polkovnik istefaya göndərilərkən onların arasında Üçüncü Ordu komandanı, orgeneral Mahmud Bərköz də vardı. Ancaq bir həftə sonra, 13 iyunda o daha önəmli bir görəv olan Milli Təhlükəsizlik Təşkilatının Baş katibi təyin edildi və 6 sentyabr1951-də bu vəzifədən təqaüdə çıxdı.
Prof. Dr. Sina Bərközün mənə bildirdiyinə görə, Mahmud Bərköz paşa 1989-cu ildə vəfat edib.
Mahmud Bərköz paşa, Qurtuluş Savaşı qazilərindən, 2-ci dönəm Sakarya millət vəkili mərhum briqada komandiri, polkovnik Mustafa Kərəm’in qızı Rəidə xanım’la ailə qurmuşdu. Canan Ülkər və Bəliğ Bərköz’ün anası, Həsən Kərəm, Nəşidə Kərəm və Vədat Kərəmin böyük bacısı olan Rəidə Bərköz ərindən 7 il öncə – 18.5.1981-də Haqqın rəhmətinə qovuşub.
İki uşağı olan (oğlu Cihan Ülkər və qızı Nilüfər) qızları Canan Ülkər də vəfat edib.
Mahmud paşanın oğlu Dr. Bəliğ Bərköz (26.5.1921, İstanbul-18.1.2001, Los-Altos /Kaliforniya/ABŞ) ABŞ-ın Kaliforniya ştatının Los-Altos şəhərində yaşayırdı. Buradakı “Kaliforniya Türk-Amerikan Birliyi”nin (TAAC – Turkish American Association of California) qurucu və başqanlarından, genəlliklə ABŞ Türk topluluğunun liderlərindən idi. Bəliğ bəyin övladı yoxdur. Yoldaşı özündən öncə vəfat edib.
YAZARIN SON SÖZÜ
Bu məqalədə Azərbaycanın Şəki şəhərində doğulmuş 4 görkəmli kişinin yaşamını qısaca da olsa izlədik. Mabeynçi Məhəmmədəmin bəyi çıxmaqla onların 3-ü haqqında Türkiyə arxivlərində hələ araşdırmaların aparılmamış olması, onların Türkiyə və Azərbaycan toplumlarına layiq olduqları səviyyədə tanıdılmaması tarixi bir ədalətsizlikdir. Umudvaram ki, yaxın dönəmdə biz onların hər biri haqqında qalın-qalın kitablar oxuyacağıq. İnşallah!
3.4.2011, Bakı.

QAYNAQLAR

1. Doç. Dr. Ali Akyıldız. II. Abdulhamid’in çalışma sistemi, yönetim anlayışı ve Babıali’yle (Hükümet) ilişkileri. – Osmanlı siyaset, s. 289.
2. Ali Birinci. Asya-yı Vusta Seyyahı Kurena Mehmet Emin Beyin Hikayesi. – “Türk Yurdu” dərgisi, mart 2006, c. 26, sayı 223, ss. 72-77.
3. Azərbaycan dilinin izahlı lüğəti. I cild. Bakı: “Şərq-Qərb” nəşriyyatı, 2006.
4. Ədalət Tahirzadə. Şəkinin tarixi qaynaqlarda. Bakı: “Master” nəşriyyatı, 2005, s.188.
5. Hayriye Kerimzade. Mehmet Emin Beyin hayatı. – İstanbuldan Asya-yı Vusta’ya Seyahat. Seyyah Mehmet Emin Efendi’nin Seyahatnamesi. Hazırlayan: Profesör A.Muhibbe Darga. İstanbul: Everest Yayınları, 2007.
6. İstanbuldan Asya-yı Vusta’ya Seyahat. Seyyah Mehmet Emin Efendi’nin Seyahatnamesi. Hazırlayan: Profesör A.Muhibbe Darga. İstanbul: Everest Yayınları, 2007.
7. M. Ali Resulzade. Şair İsmail Nakam. – “Azerbaycan Yurt Bilgisi”, yıl:3, 27.4.1934, sayı 28, ss.154-155.
8. Mehmet Koç. Atatürk Akşehirdə. Akşehir Belediyesi Kültür Yayınları. Akşehir, Bahçıvanlar Basım Sanayi A.Ş., 2010, s. 59.
9. Mehmet Yavuz. Berlinde Türk-İslam mimarisi. – Sanat dergisi, s. 89.
10. “Milliyyət” qəzeti, 17.1.1975, s.3.
11. “Milliyyət” qəzeti, 10.3.1978, s.5.
12. “Milliyyət” qəzeti, 19.3.1978, s.6.
13. “Milliyyət” qəzeti, 25.1.1993, s.10.
14. Soner Yalçın. Demokrat Parti’nin ‘balans ayarı’ 6 Haziran 1950 darbesi ... – “Hürriyyət” qəzeti, 4 mart 2007.
15. Soner Yalçın. Osmanlı Sarayi’nda Bir Sosyalist – Şehzade Abdulkadir. – “Hürriyet” qəzeti, 04.10.2009.
16. Türk Kurtuluş Savaşı. Belgelerle Türk Tarihi Dergisi Yayını, Istanbul: Menteş Matbaası, 1968, s. 213-217.
17. “Türkiyə” qəzeti, 7 sentyabr 2005.
18. Vilayət Quluyev. Türk ordusunun azərbaycanlı generalları. Onların əksəriyyəti əslən Şəkidən olublar. – “525-ci qəzet”, 8.11.2008.
19. Yılmaz Öztuna. Devletler ve hanedanlar. Türkiye (1074-1990). Cilt:2. Ankara, Başbakanlık Basımevi, 1989.
20. Zəkəriyyə Əlizadə, Nazim İbrahimov. Şəki ipəyi uzaq karvan yollarında. Bakı: “Master” nəşriyyatı, 2007, s.42. Bu kitabda Şəkidə ipəkçiliyin və ipək ticarətinin tarixi, ipək tacirləri haqqında geniş bilgi var.
Ədalət TAHİRZADƏ
Bakı Avrasiya Universitetinin
professoru
[email protected]
Tel.: +994506126813




Mənbə: Ədalət TAHİRZADƏ21.04.2012     Çap et  Çap et