525-ci qəzet

“Ziyalılıq xalqın səviyyəsi ilə eyni yaşamaqdır”



Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin Milli Məclisə müraciət ünvanladığını xəbər vermişdik. Professor müraciətdə Milli Məclisin regionlarda Fəxri Xiyabanların yaradılmasına, eləcə də Fətəli xanın məzarı və məqbərəsinin öz tarixi yerində – Bibiheybət məscidinin həyətində bərpsına diqqət ayırmağı xahiş etmişdi. Bununla əlaqədar N.Şəmsizadə ilə görüşərək, söhbətimizi də bu və digər məsələlər üzərində qurduq.

– Nizaməddin müəllim, bu günlərdə regionlarda Fəxri Xiyabanların yaradılması ilə bağlı Milli Məclisə müraciət etmisiniz. Parlamentə belə bir fikirlə müraciət etməyiniz nədən irəli gəldi?
– Bu gün öz iqtisadi tərəqqisi, siyasi iradəsi və mənəvi gücü ilə bütün dünyanı heyrətdə qoyan Azərbaycanın nailiyyətləri hamımızda fərəh doğurur. Bu cahanşümul inkişafa rəhbərlik edən möhtərəm Prezidentimiz İlham Əliyevin regionların inkişaf strategiyası haqqında dövlət proqramı təkcə iqtisadi sahələri deyil, həm də mənəviyyat problemlərini əhatə edir.
Hesab edirəm ki, cəmiyyətdə olan çatışmazlıqları, nöqsanları vaxtında dilə gətirmək biz ziyalıların digər bir vəzifəsidir. Lakin bu dediklərimi fərqli kontekstə qoyaraq, başqa cür yozmaq lazım deyil. Sözün həqiqi mənasında bizim bir sıra görkəmli alimlərimiz var ki, onlara lazımi diqqət göstərilmir. Buna görə də onlar Fəxri Xiyabanda dəfn edilə bilmirlər. Bu, adi məmur etinasızlığından tutmuş təəssübkeşliyin kasadlığına qədər onlarla səbəb üzündən baş verir. Həyatı boyu bu Vətənə xidmət göstərən tanınmış, nüfuzlu alimlərimizin, ziyalılarımızın Fəxri Xiyabanda dəfn edilməməsi insanı düşündürməyə bilmir. 60-cı illər ədəbiyyatının önündə gedən şəxsiyyətlərdən biri, Xalq Yazıçısı, şəhid atası Sabir Əhmədov Fəxri xiyabanda deyil, Binəqədi qəbiristanlığında adi adamlarla birgə dəfn edilib. S.Əhmədov “Dünyanın arşını”, “Görünməz dalğa”, “Yamacda nişanə” və başqa əsərləri ilə sovet rejimini darmadağın etdi. İstiqlal haqqında insanların anlayışı olmadığı bir vaxtda Sabir Əhmədov öz əsərlərində Azərbaycan cəmiyyətində milli istiqlalçılıq, insan şəxsiyyətinin azadlığı ideyalarını canlandıran yazıçı olub. O, Fəxri Xiyabanda dəfn edilmək üçün bundan artıq nə etməli idi?
Ustadım, müəllimim akademik Kamal Talıbzadə mənə vəsiyyət eləmişdi ki, ölən zaman onu birinci Fəxri Xiyabanda XX əsrin klassiki, atası Abdulla Şaiqin yanında dəfn edək. Lakin biz bunu edə bilmədik. Qiyasəddin Qeybullayev adlı tarixçi alimimiz vardı. O, tarix institutunda işləyirdi. Ucuz siqaret çəkməkdən barmaqları sapsarı olmuşdu. Ermənilər Azərbaycan xalqlarının mənşəyinə şübhə ilə yanaşan zaman o, xalqımızın etnogenezi barəsində 5-6 kitab yazdı. O, həmin kitabları Ali Attestasiya Komissiyasının o zamankı sədri Azad Mirzəcanzadəyə göstərmişdi. Azad müəllim onun bu kitablarının dəyərini görən kimi Qiyasəddin Qeybullayevə birbaşa elmlər doktoru adı verdi. İndi bu alimimiz haradadır? Düzdür, o, öz kəndindədir, amma hansısa bir dərənin dibində dəfn edilib.
Diqqətsizliyin qurbanı olan digər bir şəxs Azərbaycan folklorşünaslığının müasir mərhələsini yaradan, AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyev də doğulduğu kənddə dəfn edildi. Belə faktlar kifayət qədərdir, sadəcə, bir neçəsini sadaladım. Məgər bu şəxslər Fəxri Xiyabanda dəfn edilə bilməzdi? Bunun bir sıra səbəbləri var. Amma mən bunları çox qurdalamaq istəmirəm. İstərdim ki, belə dəyərli ziyalılarımız öləndən sonra unudulmasınlar və yaddaşlarda qalsınlar. Məhz bütün bunları nəzərə alaraq regionlarda fəxri xiyabanların yaradılmasını təklif etmişəm. Bu, həm keçmişə ehtiram, həm gələcəyə inam yaradar.
– Məgər digər qəbiristanlıqlar Vətənin bir parçası deyil?
– Şübhəsiz, Vətənin hər yeri gözəldir. Şəxsən mənim üçün Azərbaycan torpağının hər bir yeri dəyərlidir. Əslində mən də öz növbəmdə Azərbaycanın sərhəd nöqtələrindən birində dəfn edilmək və bununla Vətənin keşiyində dayanan bir sərhəd dirəyi olmaq istərdim. Qoy, mənim baş daşım öz Vətənini qorusun.
– Fəxri Xiyabanların bütün rayonlarda yoxsa, mərkəzi şəhərlərdə yaradılmasını istəyirsiniz?
– Yox, bütün rayonlarda deyil, regionların mərkəzi olan şəhərlərdə yaradılmasını təklif etmişəm. Məsələn, Cənub regionu üçün Lənkəranda, Şimal regionu üçün Qubada, habelə Sumqayıtda, Gəncədə, Ağdamda, Şirvanda, Qazaxda, Zaqatalada, Naxçıvanda və başqa şəhərlərdə. Özü də bu, ayrı-ayrı işbazların ixtiyarına verilməsin. Yəni orada da hər yerdə olduğu kimi alver başlanmasın. Bütün bu işlər dövlətin nəzarəti altında həyata keçirilsin və layiq olan insanlar həmin fəxri xiyabanlarda dəfn edilsinlər. Bununla yanaşı, həmin fəxri xiyabanın ərazisində kiçik bir muzey tikilsin. Və həmin muzeydə fəxri xiyabanda dəfn edilən şəxsər haqqında qısa məlumatlar öz əksini tapsın, kitabları saxlanılsın ki, insanlar bu barədə məlumat ala bilsinlər.
– Müraciətinizdə yer alan digər bir məqam isə Fətəli xanla bağlıdır...
– Sovet dövründə çəkilmiş filmlərimizdə tarixi şəxsiyyətlərimiz haqqında hər zaman yanlış məlumatlara yer verilib. Yəni sovet hökuməti imkan verməyib ki, tarixi şəxsiyyətlərimiz barəsində düzgün məlumatlar insanlara çatdırılsın. Mehdi Hüseyn və Ənvər Məmmədxanlının ssenarisi üzrə Fətəli xan haqqında çəkilmiş filmdə də qeyri-dəqiq məlumatlar öz əksini tapıb. Filmə baxan zaman Fətəli xanın ruslara satılmış bir şəxs olması təəssüratı formalaşır. Əslində isə Fətəli xan Azərbaycan torpaqlarının bütövlüyü məqsədilə siyasət yürüdüb. Azərbaycan torpaqlarını vahid dövlət kimi birləşdirmək uğrunda mübarizə aparmış böyük dövlət xadimi Fətəli xan Gürcüstan səfərindən qayıdarkən xəyanətkarcasına zəhərləndirilərək öldürülüb. Onu kimin zəhərləməsi hələ də məlum deyil. Bəziləri gürcü çarı II İraklinin, digərləri isə elə öz xanlarımızın onu zəhərlədiyini bildirir. Bakıda vəfat edən Fətəli xan Bibiheybət ziyarətgahının həyətində dəfn olunub. 20-30-cu illərdə məscid bolşeviklər tərəfindən vəhşicəsinə dağıdılanda Fətəli xanın məqbərəsi də məhv edilib. Hansısa kişinin qeyrəti və cəsarəti sayəsində onun başdaşı Azərbaycan Tarixi Muzeyinə verilib və xoşbəxtlikdən bu günədək orada saxlanılır. Çox istərdim ki, Fətəli xanın məzarı və məqbərəsi öz tarixi yerində – Bibiheybət məscidinin həyətində bərpa olunsun.
– Nizaməddin müəllim, sizcə tanınmış ziyalılarımızın fərqli məkanlarda dəfn edilməsində, habelə bu şəxslərin fərqli şəkildə yaşamında onlara bəslənən münasibətin nə dərəcədə rolu var?
– Sözün həqiqi mənasında ziyalıya münasibət məsələsi çox ağrılı məqamdır. Təəssüf ki, bizdə bir çox hallarda insanlara mənəvi ləyaqətinə görə deyil, siyasi, bəzən yanlış izah olunan siyasi mövqeyinə görə qiymət verilir. Bu, düzgün deyil. Azərbaycanın Ermənistana müvəqqəti məğlubiyyəti bizim silahımızın gücsüzlüyü ilə deyil, şüurumuzun gücsüzlüyü ilə bağlıdır. Biz bu şüuru müharibəyə cəlb edə bilmirik. Bizdə ağıllı adamın dediklərinə heç kəs qulaq asmır. Bu gün Azərbaycanda ən böyük faciə ictimai fikrə laqeydlikdir. Təəssüf ki, bir sıra məmurlar Azərbaycan ziyalısının haqq sözünə qulaq asmaq imkanında deyil. Məhz buna görə də biz ziyalılar Prezident İlham Əliyevin ətrafında monolit tərzdə birləşməliyik. Hesab edirəm ki, ziyalısına hörmət qoymayan cəmiyyətin gələcəyi yoxdur. Axı ziyalı seçilmiş adamdır.
Mən Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun ən böyük şöbəsinin müdiriyəm. 340 manat maaş alıram. Prezidentimizin iqtisadi məsələlər üzrə müşaviri Vahid Axundova üzümü tutub deyirəm: Hörmətli Vahid müəllim, Azərbaycanda 4-5 nəfərdən ibarət ailənin yaşam səbətinin nə qədər pula bərabər olduğunu hesablayın. Təbii ki, xeyir və şər məclislərimizi, geyimimizi də bura daxil edin. Və sonra onu 340 manatla müqayisə edin. Öz hesablamalarıma görə, normal yaşamağım, xeyir və şərdən geri qalmamağım, eləcə də tələbə qarşısına normal bir kostyumda çıxmağım üçün mən 300 deyil, ən azı 3000 manat əmək haqqı almalıyam. Mən artıq bir şey istəmirəm ki, axı bu, adi insan haqqıdır.
Həyətımizdə şəxsi avtomobili olan bir taksi sürücüsü var, ona dedim ki, sənə aylıq 300 manat versəm, məni işə aparıb-gətirərsən. O, dedi ki, yox, müəllim inciməyin, sərf eləmir. Axı necə olur ki, bir sürücü aylıq 300 manata razılaşmır, amma mən razılaşıram? Ona görə razılaşıram ki, mən ziyalıyam. Hesab edirəm ki, ziyalılığın birinci şərti öz xalqının ümumi səviyyəsi ilə yaşamağı bacarmaqdır. Ziyalılığın ikinci şərti nəciblikdir ki, o düşdüyü vəziyyəti nəzərə alaraq daxili mədəniyyəti üzündən səsini çıxartmır. Qarabağ boyda problemim var və əmək haqqı davası eləmək mənə yaraşmaz. Lakin bir şeyi soruşuram: Necə olur ki, mənim kimi professor olan “alimlərin” uşaqları mərkəzi yerlərdə mənzillər, xaricdə villalar alır? Deməli, bu zaman düşünməyə məcburam. Qoy, o da mənim kimi yaşasın. Axı ölkəmizdəki bu yeraltı və yerüstü sərvətlərin bir sahibi də mənəm. Hesab edirəm ki, mənim təknəmdə də Azərbaycan neftinin bəhrəsi görünməlidir. 23 ildir ki, mən Azərbaycan elminə elmlər doktoru kimi xidmət edirəm. Amma uşağım xəstələnərsə, dərman almağa evdə 1 manatım belə yoxdur. Hələ mən cəmiyyətdə müəyyən qədər tanınan adamam və gedib dərmanı nisyə ala bilərəm, ancaq digərləri bunu da edə bilmir. Elə ziyalılarımız var ki, onların çörək almağa da pulu yoxdur. Biz bəzi insanlara başa salmalıyıq ki, Azərbaycanın sərvətləri təkcə onların deyil, hər kəsindir. Problemləri göstərmək asandır, onların həlli yollarını tapmaq lazımdır. Hər bir insana ümumi Azərbaycan maraqları kontekstində qiymət verməliyik.
– Sizin onlarla kitabınız işıq üzü görüb. Bəs onları hansı vəsait hesabına nəşr etdirirsiniz?
– Danışanda deyirəm ki, şəxsi vəsaitim hesabına çap etdirmişəm. Əslində isə bu kitabları şəxsi vəsaitim deyil, hansısa qədirbilən dostların pulu hesabına çap etdirirəm. Axı nəyə görə bu qədər təbii sərvətim ola-ola mən Azərbaycan ziyalısı ona-buna ağız açaraq, dilənərək kitab nəşr etdirməliyəm? Axı mən bu əsərləri atam üçün deyil, xalq üçün yazıram. Hazırda “Ədəbiyyət nəzəriyyəsi” kitabını tamamlamışam. İndi fikirləşirəm ki, bu kitabı çap etdirmək üçün kimdən pul dilənim. Halbuki əksinə olmalıdır. İlk kitabım 1986-cı ildə çap edildi. O zaman bu nəşrə görə 3500 manat qonorar aldım. Bu pulla mən iki il ailəmi saxladım. Bu gün çap olunmuş kitablara görə alimlərimizə niyə qonorar verilmir? Düzdür, Azərbaycan Yazıçılar Birliyi həm yaşlı, həm də gənc yazıçılara bir illik Prezident təqaüdü verir. Amma bu, problemin həlli yolu deyil. Bu yazıçıların normal əmək haqqı və qonorar alması üçün hansısa addımlar atılmalıdır. Bütün bunlarla yanaşı, insanların tibbi sığorta, o cümlədən dövlət universitetlərində pullu təhsil xərcləri məsələsi də ciddi problemlərdəndir.
– Nizaməddin müəllim, bu sadalanan problemlərin bir çoxunun hansısa işbazlar tərəfindən yaradılması hər kəsə bəllidir...
– Cənab prezidentimizin “mən hər bir azərbaycanlının prezidenti olacağam” sözləri mənim çox xoşuma gəlir. Həqiqətən də, prezidentimiz hər bir vətəndaşın yüksək səviyyədə yaşaması, eləcə də Azərbaycanın inikşafı üçün hərtərəfli, istər beynəlxalq, istərsə də ölkədaxili mühüm siyasət aparır. Azərbaycanın hazırki iqtisadi tərəqqisi, əldə edilən mühüm nailiyyətlər onun adı ilə bağlıdır. Bu siyasətin əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sevindirici haldır ki, bu gün Azərbaycan düzgün yolda irəliləyir. Mən bugünkü tərəqqisi ilə dünyaya səs salan Azərbaycanın vətəndaşı olduğum üçün fəxr edirəm. Bütün bu sadalananlar var və bunu inkar etmək nankorluq olar. Lakin hansısa işbazlar da özlərinə sərf edən addımlar atırlar.
– Bu yazının başqa istiqamətlərə yozulması da mümkündür...
– Hesab edirəm ki, bu yazıdan çıxarılan nəticə insanların idrakından asılı olacaq. Ancaq mən Azərbaycan cəmiyyətini çox gözəl tanıyıram və bu yazıdan əksəriyyətinin düzgün nəticə çıxaracağına inanıram. Mən millətsevər, dövlətsevər, azərbaycançı bir adamam. Azərbaycançılıq ideologiyası haqqında ilk kitabın müəllifiyəm. Mənim bir şüarım var: Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm! Bu üç amil mənim üçün çox müqəddəsdir. İstəyirəm ki, bunu bilsinlər. Bu, mənim mövqeyimdir.
Aqil LƏTİFOV





21.04.2012     Çap et  Çap et