525-ci qəzet

KİM DALİ VƏ YAXUD YAŞASIN SÖZ AZADLIĞI


ANAR

Getsin gəlməsin, heyf deyildi sovet dövrü. Nə varlı vardı, nə
kasıb. Yəni ki, sözün doğrusu, varlı da vardı, kasıb da, amma
varlı daha aləmə car çəkmirdi, bir bucağa çəkilib xımır-xımır
var-dövlətinin keyfini çəkirdi, heç kəs də kənardan göz qoyub
yanıb-yaxılmırdı. İndiki kimi toxla ac qanlı-bıçaq
kəsilməmişdi. İndi tox tıx deyincə tıxandan sonra, yenə iştahı
küsmür, dişinin altından iştahını çıxardıb yenə də döşənir
yeyintiyə. O vaxtın kasıbı da birtəhər başını girləyirdi.
Görürsən, evində dişə vurmağa bir şey tapılmayanda buz
dolabının məftilini elektrik xəttindən çıxarıb taxırdı radio
qovşağına və dərhal efirdən kürül-kürül tökülən nemətlər
dolabını doldururdu - ət planı yüz əlli faiz dolub, yumurta
planı iki yüz əlli faiz, yağ, bal, qaymaq... - bir sözlə, fısqırıq.
Ya da görürsən, yemək masasının üstünə süfrə yerinə
qəzetləri sərirdi və əmək qəhrəmanlarının - kolxozçunun,
çobanın, ferma qabaqcılının şəkillərinə doyunca tamaşa edirdi.
Qəzetin birinci səhifəsi mal-qara, ikinci səhifəsi qoyun-quzu,
üçüncüsü toyuq-cücə... Ta qarnın DOYUNCA bax.
Qəzet dedim, yadıma düşdü ki, o vaxtın qəzetləri də bir
aləm idi axı... Cəmisi beş-on qəzet vardı, hamısı da eyni şeyi
yazırdı. Birini oxudun, elə bil hamısını oxumusan. Daha indiki
kimi 500 qəzeti oxuyub başa çatanadək təngə gəlmirdin. O
vaxtkı qəzetlərin bir gözəl cəhəti də oydu ki, mətləbləri elə
başlığından bilmək olurdu, daha uzun-uzadı yazıları oxumağa
ehtiyac qalmırdı: "Zəfərdən zəfərə", "Zirvədən zirvəyə",
"Leninizm-sosializmin bayrağıdır", "Moskva-kommunizmin
mayağıdır", "SSRİ-Sülhün dayağıdır", "Bəxtəvər uşaqlar,
"Xoşbəxt gənclər", "Şən qocalar", "Qızıl əllər", "Qızıl dillər",
"Ağ qızıl", "Qara qızıl", "Qızıl axtaranlar"', "Qızıl tapanlar",
"Qızıl oğurlayanlar" (məhkəmə oçerki), "Arzular çiçək açır",
"Bolluq", "Bərəkət", "Firavanlıq".
O vaxt tək ölkə haqqında yox, bütün dünya haqqında əməllibaşlı məlumatımız vardı. Bir-birindən maraqlı məqalələr dərc
olunardı: "Amerikada aclıq", "İngiltərədə susuzluq", "Fransada
işsizlik", "Almaniyada nəşəxorluq", "İtaliyada rüşvətxorluq",
"İspaniyada arvadbazlıq", "Hollandiyada yerlibazlıq".
Yaxud "Afrika oyanır", "Asiya durub yerindən qalxır",
"Şərqin baharı", "Qərbin böhranı" - bir söz, bütün dünyadan
səhih xəbərimiz olardı.
Amma insafən demək lazımdır ki, o vaxt Qlavlit deyilən bir
idarə də vardı, adama göz verirdi, işıq vermirdi. Havanın
temperaturunu da gərək Qlavlitdə təsdiq elətdirəydin, gecə
gördüyün yuxuları da...
1937-ci ilin adını tutmaq qadağandı. İşdi-şayət, 37-ci ildə
dünyaya gəlmişdinsə, gərək tərcümeyi-halında "Mən 1936-cı
ildə deyil, bir il sonra anadan olmuşam" yazaydın.
Əlqərəz, getsin-gəlməsin o günlər. İndi, maşallah, nə
istəyirsən yaz, nə istəyirsən de. İstəyirsən "Yaşasın söz
azadlığıU de, istəyirsən "Yaşamasın söz azadlığı" de, heç kəsin
borcuna deyil. Qəzet-jurnal bolluğu da öz yerində. Adam köşkə
yanaşır, mətbuat çoxluğundan gözü qamaşır. Xalqımız da ki,
çoxluğun çox dəqiq qafiyəsini tapıb.
Vallah, elə qəzet-jurnallarımızın adlarını oxuyanda adamın
ürəyi fərəhlənir, uçmağa qanad istəyirsən. Bir-birindən gözəl,
bir-birindən doğma qəzet-jurnal adları: "Domkrat", "Ofsayd",
"Perpendikulyar", "Peritonit", "Montyor", "Mikser", "Akrobat",
"Odekalon", "Gəncə post", "Naxçıvan tayms", "Qazax press",
"Göyçay ekspres", "İmişli nyus", "Lənkəran impuls", "Quba
alternativ", "Şamaxı xilton", "Şəki şop", "Mərəzə market", və s.
və i.a. Hələ çeşid-çeşid radio-televiziya kanallarını demirəm:
"Rentgen-TV", "Avropa-Flyus" radiosu. HAPGOP (yəni
Həmişə Axtaranlar Proqramı üstə gəl Gənc Oyunçular
Proqramı).
Bir söz, sevincdən adamın gözləri yaşarır, şadlığından ağlamaq istəyirsən.
Bir balaca şikayətim ondandır ki, bu sütül cavan qəzetjurnal, radio-TV müxbirləri adamın lap əhədini kəsir, istədiyini
səndən almamış boğazından əl çəkmirlər.
Dünən yeddi iclasda iştirakdan sonra səkkiz müxbirə
müsahibə verməkdən imtina edib idarədəki şələ-küləmi
yığışdırıb yorğun-arğın evə gəlmək istəyirdim ki, "zırr" telefon
zəng elədi.
-Allo, salam. "Radikulit" radiosundan müxbir Sualə
Cavablıdır. Sizinlə müsahibə aparmaq istəyirik, olar elə indi
gələk?
-Yox, - dedim, - indicə çıxıb gedirəm.
-Sabah necə?
-Sabah da imkanım yoxdur.
-Dinləyicilərimiz sizin Cəlil Məmmədquluzadə haqqında
fikirlərinizlə maraqlanırlar.
-Qızım, mən Cəlil Məmmədquluzadə haqqında dəfələrlə
yazmışam, danışmışam. Bu səfər də başqa bir adama müraciət
edin...
-Axı, mənə məhz sizinlə müsahibə aparmağı tapşırıblar. -
Telefonda nazik qız səsi az qala titrəməyə başladı.
-Çox təəssüf edirəm, - dedim, - amma bu ay heç bir
imkanım yoxdu.
Bəli, bir zənbil gündəlik qəzet-jurnalı qoltuğuma vurub evə
gəldim. Onlara göz atmağa imkanım olmamışdı. Evdə yerimi
rahatlayıb "Abadlıq" qəzetini açdım. "Axırımız nə olacaq" adlı
məqaləni oxumaq istəyirdim ki, "zırr" telefon zəng çaldı.
-Bəli, - dedim.
-Allo. Bir də salam. "Radikulit" radiosundan Sualədir.
Sizinlə mütləq görüşüb Mirzə Cəlil haqqında söhbət
aparmalıyıq. Olar elə indi gəlim?
-Sualə, qızım, bayaq dedim axı, imkanım yoxdur. Başqa bir
adama müraciət et.
Telefonu asan kimi, "zırr" yenidən zəng:
-Salam, "Üç badam" qəzetindəndir. O gün sizin lirik şerinizi
oxuduq. Şer gözəl bir qıza həsr olunub, o qız kimdir?
-Necə kimdir, lirik obraz, bədii surət. Konkret bir adam
deyil ki...
-Xeyr, bağışlayın, oxucularımız daha belə nağıllara inanmır.
Xahiş edirik konkret olaraq bu gözəlin adını, soyadını,
ünvanını, telefonunu, mobil telefonunun nömrəsini deyəsiz.
Faksı var?
-Vallah bilmirəm, billah bilmirəm. Nə faksını bilirəm, nə
adını. Çünki bu konkret adam deyil, bədii obrazdır.
-Yaxşı, onda başqa əsərlərinizin məzmununu danışın. Sizin
yaradıcılığınız haqqında məqalə tapşırıblar mənə, amma
təəssüf ki, vaxt eləyib heç bir əsərinizi oxumamışam.
Əsərlərinizin qısa məzmununu deyə bilərsiz? Bir dəqiqə,
diktofonu qurum. Bəli, buyurun.
-Biri vardı, biri yoxdu...
-Aydındır, deməli, nağıl yazırsınız. Yaxşı indi
oxucularımızı maraqlandıran başqa bir sual, hazırda nə
üzərində işləyirsiniz.
Bir an fikrə getdim, sonra: - yazın - dedim. - "Skeletin
saqqalı" adlı beş pərdəli pyesimi bitirmişəm. "Məhəbbətin
məlahəti - təbiətin təravətidir" poemasını bitirmək üzrəyəm.
"Kamalı olmayanın Camalı da olmaz" fəlsəfi essesini bitirə-
bitirdəyəm və "Nə yemisən turşulu aş" romanımı nəşriyyata
təhvil vermişəm. Hazırda "İki daş arasında" povesti üzərində
işləyirəm.
-Çox sağ olun. Haqqınızda məqaləni sabahkı sayımızda
oxuya bilərsiz - dəstəyi asdı. Du, du, du...
"Yaxşı qurtardıq" deyə yerimi rahatlayıb "Abadlıq"
qəzetindəki məqaləni oxumağa başladım. İlk cümləni - "Bu
işlərin axırı necə olacaq" cümləsini bitirən kimi yenidən "zırr!"
telefon zəng çaldı.
-Bəli.
-Salam, "Zırrama" satirik jurnalının müxbiri Hədyan Hərisdir. Sizinlə müsahibə aparmaq istəyirəm. Bir neçə sualım
var.
-Suallarınıza cavab verməyəcəm.
-Niyə?
-Bu suala cavab versəm, elə müsahibə olar da.
-Axı niyə müsahibə vermək istəmirsiz?
Başa düşdüm ki, əl çəkən deyil: - Ona görə ki, - dedim-
sözlərimi tamam təhrif olunmuş şəkildə çap edirsiz... Mən
demişdim ki, gənclikdə fransız yazıçısı Saqanı bəyənirdim, siz
yazmısınız ki, gənclikdə Sağsağanı bəyənirdim. Başqa
fikirlərimi də təhrif etmisiniz. Nahaq yerə sizə müsahibə
vermişəm, daha vermək fikrim yoxdur.
Telefondan cır bir səs gəldi:
-Vərirsiz vərin, vərmirsiz vərməyin, vərəndə də elə vərirsiz
ki, vərməsəz ondan yaxşıdır. - Du, du, du.
Dəstəyi asıb məqalənin ikinci cümləsini oxudum: "Bu
işlərin axırı necə olacaq? Elə axırıdır da... Bir tərəfdən..."
"Zırr!" - yenə telefon səsləndi.
-Allo, "Radikulit" radiosundandır.
Qulaq asmayıb dəstəyi asdım. Məqalənin dalını oxumaq
istədim. "Bir tərəfdən"... yox, deyəsən, bunu oxumuşdum. "O
biri tərəfdən"... "zırr!" Allahu-əkbər.
-Bəli.
-"RENTGEN" - TV-dən Mamlı Matan xanımdır.
Axşamınız xeyir.
-Axşam deyil, gecənin yarısıdır. Gecə ortanız xeyir.
-Altıda sizi televiziyamızda gözləyirik.
-Altıda? Haçan, sabah axşam?
-Sabah, amma axşam yox, səhər. Səhər saat altıda.
-Matan xanım, o vaxt ancaq xoruzlar oyanır.
-Dəxli yoxdur. Saat 6.30-da efirə çıxmalıyıq, odur ki, altıda
studiyada olmalısınız.
-Bilirsiz, mən gecələr işləyirəm, gecə gec yatıram, səhər
saat altının yarısında durmaq mənimçün çətindir. Efirdə görünməyə o qədər tamarzı var ki, onlardan birini çağırsanız
lap gecə saat dörddən qapınızı kəsdirər...
-Xeyr, xalqa sizin sözünüz lazımdır. Deyirsiniz səhər
durmaq sizinçün çətindir? Bəs bu xalq bütün çətinliklərə, necə
dözür? Xalq yolunda hamımız şama dönməli deyilmiyik? El
gözü tərəzidir. Xalq yaxşını yamandan seçir. Xalqın xoşbəxt
gələcəyi uğrunda ziyalı hər bir məşəqqətə dözməlidir. Xalqdan
ayrı düşənin gözünə çöp düşər. Xalqa kəc baxanın gözü çəp
düşər. Məgər Nizami Gəncəvi xalq tərəfindən televiziyaya
dəvət alsaydı, dərhal taksiyə minib özünü studiyamıza
yetirməzdi?
-Nizami bəxtəvərin vaxtında nə taksi vardı, nə də televiziya.
-Deməli, siz bəxtlərinə TV-yə çıxmaq nəsib olmamış bütün
klassik yazıçılarımızın da adından çıxış etməlisiniz. Onların da
ürək sözünü deməlisiniz. Xalqımızın həmişə müdrik ziyalı
sözünə ehtiyacı var. Xalqımız həmişə ziyalının müdrik sözünə
ehtiyac duyub. Ziyalının müdrik sözünə həmişə xalqımızın
ehtiyacı olub. Xalqımız...
-Yaxşı, yaxşı, toxtayın - dedim. - Səhər saat altıda mən
qulluğunuzda hazır.
O gecə yatmadım, qorxdum yatıb yuxuya qalaram
Nizaminin ruhu məndən inciyər. Beşdə durub üzümü qırxdım,
təmiz köynək geyib, sarı qalstuk taxıb "Rentgen" televiziyasına
gəldim. Mamlı Matan xanım məni mehribanlıqla qarşılayıb
studiyaya apardı.
-Gəldiyiniz üçün təşəkkür edirik, - dedi, - indi bir balaca
reklam veriləcək, sonra isə biz efirdəyik.
Ekranda əzmə-büzmə bir oğlan göründü, əlində bir şüşə
tutmuşdu. "Yuxusuzluğuna güvən, - dedi, - cin tonik iç.
Unutmayın cin tonik - supermenlərin içkisidir".
Elə bunu deyib qurtarmışdı ki, tumanları dizlərindən bir
qarış yuxarı üç qız ekrana çıxıb "Cin, Cin, Cin" - deyə
oxumağa başladılar. Sonra qızlar öz qədd-qamətlərinə işarə
edərək: "Vaxtından əvvəl qart olmaq istəmirsənsə, Cin kart al" dedilər, yenə "Cin, Cin, Cin", oxumağa başladılar və qızlardan
birisi "Cin kart almaq istəyirsinizsə, bax bu telefona zəng edin.
Almaq istəmirsinizsə, onda bax bu telefona zəng edin" - dedi.
Və əzmə-büzmə oğlan yenə ekranda peyda olub: -
"Yuxusuzluğuna güvən, "Cin tonik" iç" -dedi.
Elə bu anda Mamlı Matan xanım mənə:
-Hazır olun, - dedi, - indi efirə çıxacayıq... Deməyə
hazırsınız?
-Nə deməliyəm ki?
-Heç, bircə cümlə: Sabahınız xeyir, əziz tamaşaçılar.
Kameranın qarşısındakı operator mənə him elədi, Mamlı
Matan xanım böyrümü dümsüklədi və mən gözlərimi
ovuşdura-ovuşdura: - Sabahınız xeyir, əziz tamaşaçılar -
dedim.
Elə o andaca kameranın qırmızı gözcüyü söndü və Mamlı
Matan xanım hərarətlə mənim əlimi sıxdı.
-Çox sağ olun ki, sözümüzü yerə salmadınız, gəldiniz.
-Elə bu? Vəssalam?
-Bəli, siz heç təsəvvür eləmirsiz ki, xalqımızın müdrik
ziyalı sözünə nə böyük ehtiyacı var.
-Gedə bilərəm? - dedim.
Mamlı Matan xanım:
-Yox, bir dəqiqə, indi studiyadan çıxmaq olmaz, çünki ayrı
bir nömrə başlayır - dedi və üzünü məndən çevirib gözünü
kameraya zillədi.
-Əziz tamaşaçılar. İndi də gözəl bir mahnıya qulaq
asacaqsınız, - dedi. Gözəl bəstəkarımız Təfəkkür
Təmtəraqlının gözəl şairimiz Ondan Betər Babatın sözlərinə
bəstələdiyi gözəl bir mahnını gözəl müğənnimiz, efirimizin
PİRAMİDONNASI Əndazə xanım ifa edəcəkdir.
Əndazə xanım özü studiyada yox idi, lentini buraxdılar və
mən mahnını dinləməyə başladım. Pıçıltıyla Mamlı Matan
xanımdan:
-Bu mahnını sandığa niyə həsr edib? - deyə soruşdum.
-Sandığa? - deyə təəccübləndi, - hansı sandığa? - Axı
oxuyur ki, mənim gözəl bildiyim, mənim gözəl sandığım.
Mamlı Matan xanım məni məzəmmətlə süzdü: Söhbət
sandıqdan, çamadandan getmir, şairin pak eşqindən gedir, -
dedi. Aşiq, əlbəttə ki, sevgilisini gözəl sanar.
-Aa, belə de, indi başa düşdüm. Demək, mahnı sevgiliyə
həsr olunub. Bəs onda sevgilisinə ayı niyə deyir. Axı gözəl
qızı, qadını ayıya bənzətmək yaxşı deyil.
-Ayı? Ayı hardan çıxdı?
-Eşitmirsiz, oxuyur "mənim ayım, ulduzum".
Mamlı Matan xanım mənə daha artıq məzəmmətlə baxdı.
Əndazə xanım isə gözəl mahnısını davam edirdi:
Sevgilim can, yarım can.
"Yarımcan ha, - deyə öz-özümə təkrar etdim - yəqin mən
qocalmışam. İndi sevgi sözləri də dəyişib, indi sevdiyin qızı
sandığa bənzətmək, ayıya oxşatmaq, yarımcan bilmək
dəbmiş..."
Əlqərəz, bir təhər studiyadan çıxıb idarəmə gəldim. Elə
aşağıdaca məsum bir qız qabağımı kəsdi. Əlində də mikrafon.
Son dərəcə zərif səslə:
-Salam, - dedi, - mən Sualə Cavablıyam, "Radikulit"
radiosu. Mirzə Cəlil...
-Qızım, axı mən dedim axı...
Qızcığaz yaz başında ayrılıq çəkmiş bənövşə kimi boynunu
bükərək bir az da kövrək səslə:
-İstəyirsiz məni işdən qovsunlar? - dedi.
-Yox, Allah eləməsin.
-Redaktorumuz dedi ki, sizin Cəlil Məmmədquluzadə
haqqında fikirlərinizi bilməsəm məni işdən çıxardacaq.
Dərindən bir ah çəkib: - Yaxşı, gəl, - dedim.
İş otağıma keçdik. Sualə sevincək diktafonunu qurdu.
-Başlaya bilərik, - dedi və davam etdi. - Cəlil
Məmmədquluzadə böyük satirik yazıçı, ədəbiyyatımızın
klassiki, məşhur nasir, dramaturqdur. Deyilmi?
-Elədir, - dedim.
-Təşəkkür edirəm. İkinci sual: Cəlil Məmmədquluzadə
bütün Şərqdə yayılan "Molla Nəsrəddin" jurnalının
yaradıcısıdır. Bu jurnalın mətbuatımızda xüsusi yeri var.
Razısınızmı?
-Razıyam, - dedim.
-Çox sağ olun. Üçüncü sual: Cəlil Məmmədquluzadə və
Mirzə Ələkbər Sabir yaxın dost olublar. Sabir "Molla
Nəsrəddin" jurnalında bir çox şerlərini çap elətdirib?
-Doğrudur, - dedim.
Sualə:
-Maraqlı müsahibənizə görə, Cəlil Məmmədquluzadə
haqqında dəyərli fikirlərinizə görə Sizə "Radikulit" radiosunun
bütün dinləyiciləri adından dərin təşəkkürümüzü bildiririk -
dedi və diktafonunu çantasına qoyub şad-xürrəm yola düzəldi.
Sualə otaqdan yenicə çıxmışdı ki, qapım taybatay açıldı və
boy-buxunlu, bazburutlu, bığı burma bir növcavan içəri girib
masama yanaşdı, nə sənə, nə mənə, salam-kəlamsız:
-Qartaltəkin Qaplansoy, - dedi.
-Nə?
Əlini uzatdı:
-Özümü təqdim edirəm. Adım Qartaltəkin, soyadım
Qaplansoydur.
-Çox gözəl, - dedim.
Qartaltəkin Qaplansoy birdən:
-Gəl dalaşaq, - dedi.
Doğrusu, canıma bir az vic-vicə düşdü.
-Axı niyə dalaşmalıyıq? - dedim, - bir-birimizlə nə
mübahisəli məsələmiz var ki...
Növcavan halını pozmadan:
-"Gəl dalaşaq" bizim qəzetimizin adıdır, - dedi. - Sizdən
müsahibə almağa gəlmişəm.
-Belə de - bir az sakitləşdim. - Amma axı mən dalaşqan
adam deyiləm. Dalaşmaqnan aram yoxdur. Dəyib dolaşmasalar, bostanıma daş atmasalar, heç kəsnən işim
yoxdur.
-Siz bizim qəzetin adına baxmayın. Biz də dalaşqan deyilik.
Adını belə qoymuşuq ki, oxucumuz bol olsun. Axı bilirsiz,
dava-dalaşsız, yalan-palansız, qeybətsiz, söyüşsüz qəzeti kim
oxuyacaq? Amma əslində biz qaymağın qəzetiyik.
-Maymağın?
-Qaymağın. Dünyanın və bizim cəmiyyətin qaymaqlarının.
Yəni elitanın. Elita əcnəbi sözdür, nədən öz kəlmələrimizdən
istifadə etməyək. Qaymaq - elə elitadır ki, var. Görürsünüz ki,
başqa qəzetlərdən fərqli olaraq qəzetimizin adı da doğma
türkcəmizdədir: "Gəl dalaşaq".
-Yaxşı ki, heç olmasa dalaşanda dilimiz yada düşür, -
dedim. -Amma axır vaxtlar mətbuatda fikirlərimi o qədər təhrif
edir, mənə o qədər qara yaxırlar ki, doğrusu, heç müsahibə
verməyə həvəsim yoxdur.
-Yox, biz o biri qəzetlərdən deyilik. Təkrar edirəm ki, biz
qaymaq qəzetik. Heç bilirsiz qəzetimizin redaksiya heyətinə
kimlər daxildir? Dünyanın ən məşhur adamları, hətta üç Nobel
mükafatı laureatı.
-Özlərinin bundan xəbəri var?
-Bu önəmli deyil. Önəmli odur ki, onların adları qəzetimizin
səhifələrini hər gün bəzəyir və bizi də onların səviyyəsinə
qaldırır... İstəyirsiz adlarını bir-bir sadalayım.
-Sadala.
-Yapon fiziki, Nobel mükafatı laureatı Halbuki, Cənubi
Koreyadan top-model Madam Ki, Şimali Koreyadan partiya
rəhbərləri Sən Kim Sən və Kim Çim İr, Laos şahzadəsi Sən
Sus, Vyetnam inqilabçısı Nəm Nüm, Çin yazıçısı Hay Hay, o
rəhmətə gedəndən sonra Vay Vay. Holluvud kino ulduzu Gen
Bol, Nobel mükafatı laureatı zənci keşiş Eybi Var, ingilis
ictimai xadimi lord Canatan Sətəlcəm, pianoçu Mis Mar, alman
generalı Qudurqan, italyan opera artisti Cuzeppe Oragetdi və
rəssamı Covanni Buragetti. Rusiyadan "Zavtra budet vçera" kommunist qəzetinin redaktoru və Dumada "bəlkə də
qaytardılar" fraksiyasının lideri Mixail Miskin. Dumada aqrar
(əhrar) partiyasından deputat Boris Bitkin, Ermənistandan
məşhur ginekoloq A.Yalayan, İsraildən İsaq-musaq
partiyasının lideri Noxud Batman, Misirdən professor ibn-əlAyaq, İrandan Ayətulla Fisincani, Türkiyədən biznesmen
Keyfəddin Bığlı və siyasi xadim Akçörək Bozbaş, Batı
Türküstandan qılınc oynatma üzrə olimpiya çempionu
Taxtaqılınc Xoruzbaşı, Doğu Türküstandan məşhur şair
Amandurdu Yamandurdıyev. Yenə sayım...
-Yox, yox, kifayətdir. Doğrudan da, çox mötəbər
qaymağınız var. Məndən nə istəyirsiz?
-İstəyirik ki, bəzi suallarımıza cavab verəsiz.
-Buyurun.
-Sən niyə susursan...
-Mən? Niyə susuram ki, məndən çox danışan var? Radioda,
televiziyada, mətbuatda, müxtəlif yığıncaqlarda.
-Yox, mən o barədə demirəm, sualımı bitirməyə
qoymadınız. Soruşmaq istəyirdim ki, "Sən niyə susursan"
filminə münasibətiniz necədir?
-Yaxşıdır.
-Bəs Ərk qalası?
-Anlamadım.
-Deyirlər ki, Ərk qalasını sökmək istəyirlər, siz bu barədə
niyə məsələ qaldırmırsınız? Niyə haykırmırsınız?
-Necə məsələ qaldırmıram? Elə bu məsələni birinci mən
qaldırdım da...
-Haykırmısınız?
-Haykırmışam.
-Çox gözəl. Təbrizdəki Ərk qalası haqqında haykırırsınız,
amma gözümüzün qabağında İçəri şəhəri məhv edirlər, siz
buna biganə qalırsınız.
-Bağışlayın, səhviniz var. İçəri şəhərin sökülməsi haqqında
da, yöndəmsiz tikilməsi barədə də dəfələrlə danışmışam, yazmışam.
-Haykırmısınız?
-Bəli, haykırmışam.
-Bəs apastrof?
-Nə?
-Apastrof məsələsi necə olacaq? Apastrof lazımdır ya yox,
niyə bu barədə fikrinizi açıqlamırsınız, nədən çəkinirsiniz?
Ziyalı cəsarətli olmalıdır. Niyə bu bu barədə haykırmırsınız?
-Bilirsiz, dünyada bütün məsələlər haqqında haykırsam,
heyim qalmaz.
-Tibetin müstəqilliyi haqqında nə düşünürsünüz?
Müxbirin gözlənilməz suallarına artıq alışmışdım, Tibet
haqqında fikirlərimi toparlamaq istəyirdim ki, Qartaltəkin
Qaplansoy aman vermədən təzə bir suala keçdi.
-İftixar xanımın Çində çap olunmuş "Qoca köpək" poeması
haqqında nə deyə bilərsiz?
-İftira xanımın, bağışlayın İftixar xanımın poemasını
oxumamışam. Çin dilini bilmirəm.
-Məmmədhəsən əminin 99 yaşı münasibətilə hansı yubiley
tədbirlərini keçirmək fikrindəsiniz?
-Gözləyirik ki, 100 yaşı olsun, yubileyini onda keçirək.
-Bəlkə heç 100 yaşına qalmadı.
-İnşallah qalar.
-Gənc yazıçılar sizdən narazıdırlar ki, çoxdan bəri
yuxularında Nobel mükafatı aldıqlarını görmürlər. Bu barədə
nələr etmək fikrindəsiniz.
-Bu barədə bir sıra ciddi tədbirlər nəzərdə tutmuşuq.
Yuxarılara da bu barədə məktublar göndərəcəyik.
-Hələ beş min il bundan əvvəl müdrik Dədə Qorqud deyib
ki, torpağı ək, becər, qoru...
-Sağ olsun Dədə Qorqud. Yaxşı deyib.
-Amma ELDAR QULİYEVİN "DƏDƏ QORQUD"
FİLMİNDƏ...
-"Dədə Qorqud" filmini Eldar Quliyev yox, rəhmətlik Tofiq Tağızadə çəkib.
-Önəmli deyil. İNGİLİS YAZIÇISI CEK LONDONUN
"DÜNYANI SARSIDAN ON GÜN" ƏSƏRİNDƏ...
-"Dünyanı sarsıdan on gün əsərini" Cek London yox,
Amerika jurnalisti Con Rid yazıb.
-Önəmli deyil. TROTSKİNİ ÖLDÜRƏN RƏSSAM
RİVYERA...
-Trotskini tamam başqa adam öldürüb. Dieqo Rivyera
Trotskinin dostu olub. Trotskinin həyatına qəsd edən isə başqa
Meksika rəssamıdır - Sikeyros.
Qartaltəkin Qaplansoy bir qədər qızarsa da, sual yağışını
davam etdi:
-AMERİKANIN İLK PREZİDENTİ CEFFERSON...
-Amerikanın ilk prezidenti Corc Vaşinqton olub...
-Önəmli deyil. BRİTANİYA KRALİÇASININ QIZI
DİANA...
-Diana Britaniya kraliçası Yelizavetanın qızı yox, gəlini idi.
-Önəmli deyil.
(Qeyd edim ki, yuxarıda iri hərflərlə verdiyim
"məlumatlar"ın heç birini uydurmamışam. Hamısı eynən
mətbuatda oxuduqlarım və TV kanallarında eşitdiklərimdir).
-Yaxşı, əziz Qartaltəkin. Bunların hamısı, sizcə, önəmli
deyil, bəs önəmli olan nədir və məndən nə istəyirsiz?
-Ki bağlayıcısı haqqında bir tədqiqat əsəri yazmaq fikriniz
varmı?
-Belə bir fikrim yoxdur. Həm də Ki bağlayıcısı haqqında
mənfur sovet dövründə o rejimin bütün dözülməz basqınlarına
və mənəvi repressiyalarına rəğmən görkəmli alimimiz cəsarətli
tədqiqat aparıb və daha da görkəmli sovet alimi olub.
-Bəs... Hamamlarımızın suyu... bəs orkestrdə zərb
alətlərinin qıtlığı, bəs... Kosovada albanların...
-Oğlum, təkrar edirəm, mən ölkənin və dünyanın bütün
məsələləriylə məşğul ola bilmərəm. Bir canım var və sutkanın
da cəmisi 24 saatı var. -Bəs... bəs... bəs...
Daha nə dediyini eşitmirdim, amma sual sual üstündən,
ittiham ittiham üstündən yağırdı.
-Bəs... bəs... bəs...
-Bəsdir, - dedim. Axır təngə gəlmişdim.
-Bəsdi demişkən, Bəsti Bağırova niyə unudulub?
-Bəsti Bağırova, doğrudan da, gərək unudulmayaydı.
Bildiyimə görə, çox ləyaqətli və zəhmətkeş insan olub.
-Bəs bu barədə niyə haykırmırsınız?
-Sabah yox, o birisi gün haykıracam. Sualların qurtardı?
-Sizi çox suçlayırlar, çox günahlandırırlar. Çox vaxt da
haqlı olaraq. Bu suçlamalara münasibətiniz?
-Mənim bu suçlamalara münasibətim rəhmətlik Əliağa
Vahidin yaponların Şanxayı almalarına olan münasibəti
kimidir.
Deyəsən, başa düşmədi. Elə başa düşməsə, yaxşıdı.
-Bir sualım da var. "Qırmızıpapaq" nağılına münasibətiniz.
-Lap əla. Gözəl uşaq nağılıdır.
Elə bil Qartaltəkinin dədəsinə od vurdum. Heç özüm də
cavabımın ona bu dərəcədə təsir edəcəyini gözləməzdim.
Gözləri şam-şam pişiyi kimi parladı, axır ki, məni tora salmış
ovçu kimi məmnun-məmnun gülümsədi.
-Bax məsələ də elə bundadır - deyib dərin bir ah çəkdi. -
Bizim bədbəxtçiliyimiz də elə budur. Əgər üzdəniraq
ziyalılarımız bu gün "Qırmızıpapaq" nağılını bəyənirsə, daha
nə qoyub nə axtarırsan?
-Bir başa sal görüm, axı nə olub "Qırmızıpapaq" nağlına?
-Necə nə olub? Hələ soruşursunuz da. Kimdir bu nağılın
müsbət qəhrəmanı?
-Nə bilim... Yəqin elə qırmızı papaq qızdır da...
-Bəli, düz buyurdunuz - deyə kinayəylə üzümə baxdı. - Bəs
mənfi qəhrəmanı kimdir?
-Mənfi qəhrəmanı? - bir an duruxdum.
-Əlbəttə, bu sizinçün önəmli deyil. Qulluğunuza ərz edim ki, bu nağılın mənfi qəhrəmanı Qurddur. Bəli, Boz qurd. Bizim
qeyrət, millət, cəsarət, mətanət, ləyaqət rəmzimiz olan Boz
qurd. Türklüyə qarşı açıq-aşkar təxribat olan bu nağılı nəinki
yüksək kürsülərdən damğalamırsınız, nəinki haykırmırsınız,
hətta onu bəyənirsiniz də. Buna xəyanətdən başqa nə ad
vermək olar?
-Oğlum, axı demişdin ki, dalaşmayacayıq. İndi mənə belə
ağır ittihamlar verirsən. Söz verirəm, "Qırmızıpapaq" nağılına
harda rast gəlsəm, kibrit çəkib yandıracam.
Qartaltəkin bir az toxtayıb:
-İnciməyin, - dedi - Mən bilirdim ki, siz milli
təəssübkeşlərimizdənsiniz. Uman yerdən küsərlər. Bir son
sualımı da verim, olar?
-Olar. Ver.
-Təhmasibi necə dəyərləndirirsiniz?
-Təhmasibi? - Bir an fikrə getdim, sonra: - Rza Təhmasib
bizim çox dəyərli sənətkarlarımızdan idi, - dedim. - Görkəmli
aktyor, rejissor...
-Bəs Təhmasiblə Zaurun məhəbbəti barəsində nə deyə
bilərsiz?
-Zaurun? Hansı Zaurun?
-Sizin qəhrəmanınız Zaurun. "Beş manatlıq evin altıncı
mərtəbəsi" romanının qəhrəmanı Zaurun. Hələ deyəsən, pyes
də var "Təhmasib və Zaur".
-Təhmasib yox, Təhminə, - dedim, - Təhminə və Zaur.
-Olsun. Önəmli deyil. Bu barədə fikrinizi açıq bildirin.
- Yaxşı, bildirərəm. Amma sən mənə bu qədər sual verdin,
olar mən də səndən bir şey soruşum? Mirzə Cəlilin "Dəli
yığıncağı" pyesini oxumusan?
-Mirzə Cəlil Axundovun?
-Yox Mirzə Cəlil...
-Hə, Mirzə Cəlil Sabirin...
-Yox, Mirzə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı"
pyesini deyirəm.
-Oxumamışam, nədir ki?
-Bu əsərdə bir Amerika həkiminin obrazı var. Lalbyüz.
Psixiatr həkimdir. İndi Ağabəy Sultanov olan kimi. Bəli,
Amerikadan gəlib bizim məmləkətə ki, ruhi xəstəliyə
tutulanları müalicə etsin... Amma guya ağıllı sayılan adamların
elə hərəkətlərini görür, elə danışıqlarını eşidir ki, heç cürə
müəyyənləşdirə bilmir, ağıllı kimdir, dəli kim. Odur ki, keykey adamların arasında dolaşıb elə bircə sual verir: KİM
DALİ? Yəni, dəli kimdir?
Qartaltəkin fikrə getdi. İlk dəfə olaraq üzündə fikirləşməyin
zəif işartısını sezdim. Sonra tələsik özünü ələ alıb, ötkəm səslə
hökm oxudu:
-Son sözünüzü deyə bilərsiz.
-Son söz? Lap elə bil məhkəmədəyik. Elə söhbətimiz də
müsahibədən çox istintaqa oxşayırdı. Sən müstəntiq, mən
müttəhim. İndi də müttəhimə son söz demək imkanı verirsən.
-Buyurun. Sizi dinləyirəm. Son sözünüz.
-Son sözüm... Son sözüm belədir. Yaşasın söz azadlığı!
Urra!!!
28 aprel 2001






Mənbə: ANAR18.04.2012     Çap et  Çap et