“Azərbaycanı qarşıdurma arenasına çevirmək istəyən gedib özünə başqa yer axtarsın”

“Qlobal informasiya məkanında informasiyalarla bərabər, təxribatlar da kifayət qədər çoxdur. Bu təxribatlar bəzi hallarda açıq, bəzi hallarda məxfi, yəni, gizli xarakter daşıyır”. APA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunları ilə bağlı müşavirədə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib. Prezident deyib ki, Azərbaycan azad internetin olduğu ölkələrdəndir: “Bunu, bəzən bizi tənqid etmək istəyənlər unutmasınlar. İnternet istifadəçilərinin sayı getdikcə artır, 50 faizdən çoxdur”. Ölkə başçısı bildirib ki, getdikcə informasiya təhlükəsizliyi məsələləri daha da çox aktuallaşır: “Bizə qarşı informasiya müharibəsi aparılır. Bu, həqiqətdir. Mən buna tam əminəm, bu barədə iki fikir ola bilməz. Bu informasiya müharibəsinin aparılması işində, əlbəttə ki, ilk növbədə, erməni lobbisi öz fəallığı ilə seçilir. Azərbaycanı qaralamaq, reallıqlarını danmaq, Azərbaycanı geridə qalmış, antidemokratik ölkə kimi dünyaya təqdim etmək cəhdləri, ilk növbədə, erməni lobbisinin çirkin əməllərindən qaynaqlanır. Onların təsir dairəsi kifayət qədər genişdir, müxtəlif ölkələrin aparıcı mətbu orqanlarında təmsil olunurlar. Bəzən başqa familiyalarla təmsil olunurlar, öz mənşəyini gizlədirlər. Bu, indi ikinci məsələdir. İnsan öz milli mənsubiyyətini gizləməməlidir. İstənilən insan öz milli mənsubiyyəti ilə fəxr etməlidir. Amma onlar başqa ölkələrdə nədənsə bu sahədə də seçilirlər”. Prezident bildirib ki, erməni lobbisi bəzi hallarda Azərbaycana qarşı açıq kampaniya aparır: “Çalışırlar ki, Azərbaycanın imicinə koordinasiya edilmiş şəkildə xələl gətirsinlər. Onların fəaliyyəti məqsədyönlüdür və bu gün erməni lobbisi üçün bir nömrəli hədəf Azərbaycandır. Bizim üçün də, bir daha demək istəyirəm ki, bir nömrəli düşmən erməni lobbisidir. Biz bu mübarizəyə də hazır olmalıyıq”. Ölkə başçısı son illərdə vəziyyətin böyük dərəcədə dəyişdiyini bildirib: “Azərbaycanın diaspor təşkilatları, bizim sağlam qeyri-hökumət təşkilatlarımız, Azərbaycanın xaricdəki səfirlikləri, bizim ictimaiyyətimiz, xarici mətbuata çıxış imkanlarımız və mövqeyimiz güclənir. Ancaq hələ ki, biz reallıqları da nəzərə almalıyıq. Erməni lobbisi Avropada və başqa ölkələrdə, böyük ölkələrdə onilliklər, bəlkə əsrlər boyu fəaliyyət göstərir, təşkilatlanmış çox aqressiv və mənfi qüvvədir. Bizə qarşı, necə deyərlər, mənfi informasiyanın təkanvericisi erməni lobbisidir. Erməni lobbisinin təsiri altında olan, onların çirkli pulları ilə dolanan bəzi ölkələrin siyasi xadimləridir. Biz onların adlarını bilirik, onları tanıyırıq. Onların qondarma “Dağlıq Qarabağ respublikası”na səfərlərinin sayına baxmaq kifayətdir ki, hər bir adam bilsin, nə üçün onlar oraya gedirlər. Bu, ikinci qüvvədir”. Prezident vurğulayıb ki, üçüncü qüvvələr də var: “Əfsuslar olsun ki, bəzi ölkələrdə islamofobiya meyilləri güclənir. Bu da reallıqdır. Çox mənfi reallıqdır, ancaq reallıqdır. Biz də bu reallıqla hesablaşmalıyıq. İslamofobiya meyilləri gücləndikcə müsəlman ölkələrinə münasibət də mənfi istiqamətə gedir. Biz bunu bilməliyik və deməliyik. İslamofobiya xəstəliyinə yoluxmuş siyasətçilərin sayı artmaqdadır. Bu qüvvələr müsbət mənada seçilən, öz müasirliyi, müstəqil siyasəti ilə fərqlənən, islam dəyərlərinə sadiq olan ölkə kimi Azərbaycanı görəndə, əlbəttə ki, sevinmirlər, məyus olurlar. Biz bu amili də daim nəzərdə saxlamalıyıq və çalışmalıyıq ki, bu vəziyyəti öz siyasətimizlə xeyrimizə dəyişdirək”. Prezident Azərbaycana qarşı informasiya müharibəsi aparan digər qüvvələrin Azərbaycanın müstəqil siyasətini qəbul etməyənlər olduğunu deyib: “Onlara elə gəlir ki, Azərbaycan kimi ölkə müstəqil siyasət aparmamalıdır. Kiminsə qanadının altına keçməlidir və müstəqil siyasətə malik olmamalıdır. Elə qüvvələr də var ki, biz onları tanıyırıq. Onların Azərbaycana qarşı gizli mübarizəsi gedir. Bu mübarizəni bəzi hallarda açıq yox, qorxaqcasına informasiya məkanında aparırlar”. Prezident Azərbaycanın müstəqil siyasətinin, beynəlxalq məsələlərlə bağlı qəti mövqeyinin dünya birliyi tərəfindən dəstəkləndiyini vurğulayıb: “BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük təntənəmizdir, zəfərimizdir. Bizi 155 ölkə dəstəklədi. Budur, dünya ictimaiyyəti. Dünya ictimaiyyəti hansısa regional təşkilat deyil. Dünya ictimaiyyəti BMT-dir. BMT də bizi dəstəkləyir”. Prezident bəzi qüvvələrin Azərbaycanın siyasətindən qıcıqlandığını qeyd edib: “Onlar yeni imkanlardan istifadə edib informasiya təxribatları ilə məşğul olmağa çalışırlar, yalan, böhtan xarakterli məlumatları ötürürlər. Mətbuat hazırda, nəinki informasiya mənbəyidir, eyni zamanda, təxribat mənbəyidir. Əfsuslar olsun ki, bu, belədir. Biz isə öz növbəmizdə buna hazır olmalıyıq. Biz hazırıq. Biz hər bir əsassız hücuma cavab verməliyik, veririk və verəcəyik”. Dövlət başçısı Azərbaycana qarşı informasiya təxribatlarının bu faktlarla məhdudlaşmadığını qeyd edib: “Elə qüvvələr var ki, bölgədə vəziyyəti qarışdırmaq istəyirlər. Elə qüvvələr var ki, Azərbaycanı öz qonşuları ilə üz-üzə qoymaq istəyirlər. Burada da informasiya təxribatlarından istifadə edilir. Başqa necə istifadə edə bilərlər?! Mümkün deyil. Çünki qonşularımızla əlaqələrimiz tarixi köklərə söykənir. Biz bütün qonşularla, – Ermənistan təbii ki, istisna olmaqla, – normal, yaxşı dostluq münasibətləri yaratmışıq və bu dostluq münasibətlərini gücləndiririk, gücləndirəcəyik. Heç bir qonşumuzla problemimiz yoxdur”. “Azərbaycan heç vaxt başqa ölkələrin planlarında iştirak etməyəcək. Mən bunu dəfələrlə demişəm” deyən dövlət başçısı hələ prezidentlik dövrünün əvvəlindəki bəyanatını xatırladıb: “Azərbaycan qarşıdurma arenasına çevrilməyəcək. Kim istəyir, Azərbaycanı qarşıdurma arenasına çevirsin, gedib özünə başqa yer axtarsın. Biz heç vaxt imkan verə bilmərik ki, ərazimizdən qonşulara qarşı hansısa mənfi planlarda istifadə edilsin və bunu hamı bilir. Belə olan halda yenə gəlir informasiya təxribatı məsələləri. Mötəbər, dünya səviyyəli mətbu orqanlarda çirkin yalanlar dərc edilir. Sonra bu yalanları təsir altında olan digər mətbu orqanlar yayır. Beləliklə, rəy formalaşır. Yaxud da ki, formalaşdırmağa çalışırlar ki, Azərbaycan bölgədə hansısa başqa planlara malikdir”. Prezident İlham Əliyev Azərbaycanın bölgədə sülh, sabitlik, əmin-amanlıq olmasnı, qonşularla münasibətlərin prioritet xarakter daşıdığını bildirib: “Biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Mən qonşulardan da Azərbaycana ancaq müsbət münasibət görürəm və buna çox şadam. Ona görə, biz bunu bilməliyik, bu barədə açıq deməliyik və buna qarşı biz öz prinsipial mövqeyimizi qoymalıyıq və qoyuruq”. Azərbaycan prezidenti İlham Əliyev beynəlxalq tədbirlərdə hər zaman ölkənin baxışlarını, mövqeyini və siyasi xəttini ifadə etdiyini bildirib. Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, torpaqlarımızın işğal altında qalması və bir milyon soydaşımızın əziyyət çəkməsi məsələlərinə toxunduğunu, dünya birliyinin diqqətini bu məsələlərə cəlb etdiyini bildirib. Bakıda Avronest Parlament Assambleyasının ikinci sessiyasının keçirildiyini xatırladan ölkə başçısı bu sessiyanın Avropa İttifaqının xaricində ilk dəfə keçirildiyini vurğulayıb: “Sessiya çox yüksək səviyyədə keçirildi və yenə də bu, bizə imkan verdi ki, Avropa Parlamenti deputatlarına birbaşa müraciət edərək, Azərbaycanın həm gördüyü işlər, həm mövqeyi haqqında məlumatı verək, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və həqiqətləri, azərbaycanlılara qarşı törədilən soyqırımı, erməni faşizmi haqqında mövqeyimizi bildirək. Xocalıda o qanlı faciəni, soyqırımını törədənlər faşistlərdir, bunun başqa adı ola bilməz. Mən bu imkanlardan istifadə edərək həm həqiqətləri, həm Azərbaycanın mövqeyi və gələcəyə ümumi baxışları haqqında fikirlərimi bildirmişdim”. İlham Əliyev deyib ki, ölkənin xarici siyasəti daxili siyasətin məntiqi davamıdır: “Bizim xarici siyasətimiz açıqdır, aydındır və birmənalıdır. Bölgədə, dünyada rolumuz artır. Bu, həqiqətdir və bu həqiqətlə hesablaşmaq lazımdır”. Prezident Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq tədbirlərdə sözünü dediyini bildirib: “Ermənistanın işğalçı siyasətini ifşa etmişəm. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edəcəyəm. Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcək. Mən buna şübhə etmirəm”. Ölkənin hərbi potensialının gücləndiyini deyən prezident bu sahəyə böyük diqqət göstəriləcəyini bildirib: “Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq. Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaq. Deyə bilərəm ki, hər bir yerdə olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş siyasət aparırıq, bir istehsalçıdan asılı deyilik. Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız var. Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcək. Azərbaycanın artıq güclü ordusu var. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni – ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaq”. Dövlət başçısı “Eurovision” müsabiqəsi ilə Azərbaycana edilən təzyiqlərə də münasibət bildirib: “Ölkəmizə qarşı mətbuatda çirkin kampaniya əfsuslar olsun ki, davam edir. Biz bu kampaniyanın arxasında hansı qüvvələrin dayandığını yaxşı bilirik”. Prezidentin sözlərinə görə, Azərbaycan hansı ölkənin mətbuatında bu kampaniyanın daha sürətlə getdiyini yaxşı bilir: “Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycan ilə bağlı çirkin, böhtan xarakterli yazılar gedir. Təbii ki, bu, əlaqələndirilmiş şəkildə aparılan siyasətdir. Ancaq bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaq. Çünki bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki, mən bu kürsüdəyəm heç vaxt olmayacaq. Biz öz yolumuzla gedəcəyik. Müstəqillik yolumuzla, azadlıq yolumuzla gedəcəyik!” Azərbaycanda bütün azadlıqlar olduğunu vurğulayan prezident “Bizi bəzi hallarda nədəsə, yəni, antidemokratik addımlarda ittiham etmək istəyənlər getsinlər öz ölkələrində nə baş verdiyini görsünlər. Orada hər gün, hər həftə nümayişə çıxan insanlar döyülür, əzilir, onların başı partlayır, yüzlərlə nümayişçi həbs edilir. Bu, o ölkələrdir ki, onların bəzi mətbu orqanları Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Yaxşı atalar sözü var bizdə, deyir: “Öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir”. Bax, yerinə düşər bu atalar sözü” deyə, əlavə edib. Prezident Azərbaycanda demokratiya, söz və vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı olduğunu deyib: “Bütün Azərbaycan ictimaiyyəti bunu da gördü ki, ölkəmizdə sərbəst toplaşmaq azadlığı var. Əgər bütün bu imkanlardan istifadə etmək istəyənlər normal davranış qaydalarını gözləsələr, şəhər meriyasının göstərdiyi yerdə öz tədbirlərini keçirsələr, onda sərbəst toplaşmaq hüququndan yararlana bilərlər. Mən hesab edirəm ki, şəhər meriyası çox müdrik addımlar atıb və nümayişlər, mitinqlər üçün ən məqbul, yəni, o insanlar üçün ən məqbul və onlara yaraşan yeri seçib. O yerdə istənilən tədbiri keçirmək mümkündür. Bu tədbirlər məhz o yerdə keçirilməlidir”. Prezident ölkənin gələcək planlarından da danışıb: “Biz inamla qabağa gedirik. Bizə qarşı təxribatlar bundan sonra da olacaq. Bizə qarşı informasiya mübarizəsi bundan sonra da aparılacaq. Bu, bizi narahat etmir. Sadəcə olaraq, biz bu barədə danışmalıyıq, öz tədbirlərimizi görməliyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etməliyik”.