525-ci qəzet
BQXK-dan əsir və itkin düşənlərin axtarışı ilə bağlı yeni layihə
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin rəhbəri Şerin Pollini Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova ilə görüşüb. MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, B. Muradova BQXK-nın rəhbərliyi və nümayəndələri ilə görüşlərini xatırladıb, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin bu təşkilatın vasitəçiliyi ilə axtarışı ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edildiyini diqqətə çatdırıb. Şerin Pollini BQXK-nın Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. O, bildirib ki, təşkilat hazırda Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin tapılması, geri qaytarılması və ya dəyişdirilməsi istiqamətində Azərbaycanda və Ermənistanda fəaliyyətini davam etdirir. Ş. Pollini onu da bildirib ki, BQXK əsir və itkin düşmüş şəxslərin axtarışında daha yüksək nəticələr əldə olunması üçün yeni layihə hazırlayıb: “Layihənin həyata keçirilməsinə Azərbaycan hökuməti razılıq verib. Bu layihənin icrasına başlamaq üçün Azərbaycan hökuməti, Səhiyyə Nazirliyi və BQXK arasında Anlaşma Memorandumu imzalanmalıdır. Hazırda bu istiqamətdə işlər davam edir”. B. Muradova nəzərdə tutulan yeni layihənin əhəmiyyətindən danışıb, Azərbaycan parlamentinin də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu və köməklik göstərməyə hazır olduğunu bildirib.
18.04.2012
Çap et