525-ci qəzet
Sülhəddin Əkbər Açıq Cəmiyyət Partiyasına sədr gətirilir?
“Açıq Cəmiyyət Partiyasının sədrinin dəyişdiriləcəyi haqda xəbərlər həqiqətə uyğun deyil”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Vaqif Mahmudov deyib. O bildirib ki, partiyanın sədri kimi fəaliyyətini davam etdirir və belə xəbərlərin yayılmasını qərəzli sayır: “Mənim partiyanın sədri vəzifəsindən getməyim və bu posta Sülhəddin Əkbərin gətirilməsi haqda xəbərin cəmiyyətdə yayılmasına nail olmaq kimlərinsə marağındadır. Hesab edirəm ki, partiya daxilində gərginlik yaratmağa yönələn belə xəbərlərin meydana çıxmasına səbəb ACP-nin də iştirakı ilə müxalifət daxilində yeni güc mərkəzinin – Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının yaradılmasıdır”. O, Sülhəddin Əkbərlə münasibətlərinin normal olduğunu da qeyd edib.
V. Mahmudov Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı İdarə Heyəti üzvlərinin ABŞ-a nəzərdə tutulan səfəri ilə bağlı da danışıb: “Artıq İdarə Heyətinin üzvü, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin Amerikaya səfərinə dair qərar verilib. Fuad Əliyevin ACP lideri Rəsul Quliyevlə birgə ABŞ-da müxtəlif təyinatlı görüşləri planlaşdırılır”.
Qeyd edək ki, hərəkatda KXCP, Aydınlar, Açıq Cəmiyyət, Liberal-Demokrat və Azadlıq partiyaları təmsil olunur.
17.04.2012
Çap et