Bayram Səfərov: “Film göstərilməsində çəkinməli nə var ki?”
“Ermənistanda Azərbaycan filmlərinin göstərilməsinə imkan verilməməsi erməni mədəniyyətinin göstəricisidir. Azərbaycana dünyanın hər yerindən gələnlər var. Hazırda Azərbaycanda çoxlu azsaylı xalq yaşayır. Film göstərilməsində çəkinməli nə var ki?” APA-nın xəbərinə görə, bunu Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov Ermənistanın Gümrü şəhərində Azərbaycan film festivalının nümayişinə imkan verilməməsinə münasibət bildirərkən deyib. Hazırda Azərbaycanda erməni kitabxanasının, erməni kilsəsinin olduğunu, ölkədə ermənilərin yaşadığını xatırladan B. Səfərov bunu Azərbaycanın demokratik və sivil dövlət olması ilə izah edib.
B.Səfərov Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama da münasibət açıqlayıb: “Biz prezidentə dərin təşəkkürümüzü bildiririk Bu, ölkə başçısının şuşalılara münasibətinin göstəricisidir”. B. Səfərov Şuşanın ermənilər tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlandığını deyib. Onun sözlərinə görə, işğalın ildönümü Azərbaycanın Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı bütün ərazilərində və respublikanın hüdudlarından kənarda qeyd olunacaq. Şuşanın işğalı günü – mayın 8-də Şəhidlər Xiyabanına ziyarət təşkil ediləcək. Həmin gün ərəfəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub.
Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü barədə danışan B. Səfərov deyib ki, azərbaycanlı icması həmişə görüş tərəfdarı olub: “Amma ermənilər bu görüşdən qaçırlar. Onlar bizimlə nə deyib görüşsünlər? O rejimdə çalışanların hamısı cinayətkar, qatil olduqlarını, əllərinin günahsız azərbaycanlıların qanına bulaşdığını bilirlər. Sıravi adamların görüşünə də onlar mane olurlar. Biz hər dəfə deyirik ki, ermənilərlə görüşə hazırıq. Biz birgə yaşamışıq, onlar da Azərbaycan vətəndaşlarıdır. Azərbaycan qanunlarına əməl etməyən ermənilər gedib Ermənistanda yaşaya bilərlər”.