525-ci qəzet
Bakıda Çikaqo sammitinin əhəmiyyətindən danışıldı
Dünən Bakıda “NATO-nun Çikaqo sammitinin əhəmiyyəti: Avroatlantik əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda konfrans keçirilir. APA-nın məlumatına görə, tədbiri NATO-nun ölkəmizdə koordinatoru missiyasını həyata keçirən Rumıniya səfirliyi NATO-nun mənzil-qərargahı və Azərbaycan NATO Beynəlxalq Məktəbi (NİSA) ilə birlikdə təşkil edib.
Tədbiri açıq elan edən Rumıniya səfiri Daniel Kristina Çobanu bildirib ki, NATO-nun Çikaqo sammiti alyans üzvləri ilə tərəfdaş ölkələr arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Səfir Əfqanıstan NATO yüklərinin daşınmasına verdiyi töhfəyə görə Azərbaycanı alqışlayıb. Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəhbəri, general-mayor Ramiz Nəcəfov qeyd edib ki, NATO-nun Çikaqo sammiti alyansla tərəfdaş ölkələr arasında strateji əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Azərbaycan-NATO əlaqələrinin tarixinə toxunan Ramiz Nəcəfov qeyd edib ki, əməkdaşlığın əsas sahələri treninqlər və təlimlərin keçirilməsi, NATO standartlarına uyğunlaşmadır. Konfransda Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri, NATO Beynəlxalq Katibliyinin, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, diplomatik korpusun təmsilçiləri iştirak edirlər.
14.04.2012
Çap et