525-ci qəzet

“Azərbaycanın ərazi bütövlüyü kompromis mövzusu olmayıb və olmayacaq”





“Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat”-GUAM dövlətlərinin BMT yanında Daimi Nümayəndələri tərəfindən BMT-nin Baş Assambleyasının 66-cı sessiyasının “GUAM məkanında davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı 35-ci bəndi ilə bağlı brifinq keçirilib.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, brifinqdə diplomatlar və mətbuat nümayəndələri iştirak ediblər.
Azərbaycanın BMT yanında Daimi Nümayəndəsi, səfir Aqşin Mehdiyev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, bu işğalın ölkəmiz üçün doğurduğu ağır fəsadlar və Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi barədə geniş məlumat verib.
A.Mehdiyev vurğulayıb ki, Azərbaycan münaqişənin danışıqlar yolu ilə qısa zaman ərzində həll edilməsi və nəticələrinin aradan qaldırılmasında ən maraqlı tərəfdir. Azərbaycanın ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesinə sadiq qaldığını bildirən səfir, bununla belə ölkəmizin hazırda mövcud olan status-kvonun qanuniləşdirilməsinə əsaslanacaq həll variantını heç bir zaman qəbul etməyəcəyini, Azərbaycanın ərazi bütövlüyünün kompromis mövzusu olmadığını və olmayacağını vurğulayıb. Daimi Nümayəndə qeyd edib ki, münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında həll edilməsinə alternativ yoxdur. Təəssüf ki, Ermənistanın siyasi rəhbərliyi apardıqları qeyri-konstruktiv və təhlükəli siyasətin perspektivinin olmadığını başa düşmürlər.
Səfir bildirib ki, GUAM məkanında olan davamlı münaqişələr təkcə bu ölkələr üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün də narahatlıq doğurmalıdır. Buna görə də, GUAM beynəlxalq təşkilatlar çərçivəsində münaqişələrin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri əsasında həlli istiqamətində öz fəaliyyətini davam etdirəcək.
Gürcüstanın Daimi Nümayəndəsi Cənubi Osetiya və Abxaziya, Moldovanın Daimi Nümayəndəsi Dnestryanı bölgədəki münaqişələr, Ukraynanın Daimi Nümayəndəsi isə GUAM çərçivəsində əməkdaşlıq barədə məlumat verib. Brifinqin sonunda GUAM-a üzv dövlətlərin Daimi Nümayəndələri onlara ünvanlanmış sualları cavablandırıblar.






14.04.2012     Çap et  Çap et