525-ci qəzet
Azərbaycanın ATƏT-ə üzvlüyünün 20 illiyi qeyd olunacaq
Aprelin 16-dan etibarən iki həftə ərzində ATƏT-in Bakı ofisi Azərbaycanın ATƏT-ə üzv olmasının 20 illiyi münasibətilə bir sıra maarifçilik tədbirləri keçirəcək. APA-nın xəbərinə görə, ictimaiyyəti ATƏT-in və təşkilatın Baklı ofisinin fəaliyyəti haqqında məlumatlandırmaq üçün dövlət orqanlarının, vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə dəyirmi masalar təşkil olunacaq, universitetlərdə mühazirələr oxunacaq.
Aprelin 16-da ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay Bakı Slavyan Universitetində “ATƏT-Azərbaycan: 20 il ərzində birgə keçilən yol” mövzusunda mühazirə ilə çıxış edəcək. Aprelin 17-də o, Mingəçevirdə hüquq məsləhəti üzrə mərkəzin açılışında və “Azərbaycanın iqtisadi inkişafında kiçik və orta səviyyəli müəssisələrin rolu” mövzusunda keçiriləcək dəyirmi masada iştirak edəcək. Aprelin 19-da K. Tarqay Sumqayıtdakı Hüquqi Resurs Mərkəzində görüş keçirəcək.
Aprelin 22-də Xəzər Universitetində ATƏT modeli ilə bağlı konfrans, aprelin 24-də Diplomatik Akademiyada “ATƏT-Azərbaycan: fəaliyyət sferası və prioritetlər” mövzusunda dəyirmi masa təşkil olunacaq. Aprelin 25-də K. Tarqay televiziya kanallarının birində ATƏT-in Bakı ofisi və Mətbuat Şurasının dəstəyi ilə təşkil olunacaq tok-şouya qatılacaq. Aprelin 26-27-də isə ofis və Ombudsman Aparatının təşkilatçılığı ilə “Milli preventiv mexanizm çərçivəsində saxlanma şəraitinin monitorinqi və hesabatlılıq vərdişləri” mövzusunda seminar keçiriləcək.
14.04.2012
Çap et