525-ci qəzet

Bakı İnformasiya Agentliyinin rəhbəri tutuldu


Bakı İnformasiya Agentliyinin (Bia.az) təsisçisi Sudef Məcidli tutulub. APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sudef Məcidli jurnalist həmkarının şikayəti əsasında saxlanılıb. Məlumatda bildirilir ki, Sudef Məcidlinin “7gun.az” saytının rəhbəri Cavid Şirəliyevlə aralarında yaranmış ədavət məhkəməyə qədər gedib çıxıb. Qarşı tərəfin israrlı şikayəti əsasında Sudef Məcidli ötən gün həbs edilib.
C. Şirəliyev APA-ya açıqlamasında faktı təsdiqləyib. O qeyd edib ki, Sudef Məcidli ilə tanışlığı çox qısa zamana təsadüf edir: “Mən “7gun.az” saytını yaradanda ofisim yox idi. Sudef Məcidli onun rəhbəri olduğu “bia.az” saytının yerləşdiyi ofisdə fəaliyyət göstərməyə dəvət etdi. Mən də onun dəvətini qəbul etdim. Bir müddət onunla bir ofisdə işləyəndən sonra başa düşdüm ki o, qanunsuz əməllərlə məşğul olur. Külli miqdarda vergi borclarının olduğunu və mətbuatdan şəxsi məqsədlər üçün faydalanmağa çalışdığını biləndən sonra onunla birgə işləməkdən imtina etdim. Sudef Məcidli ilə əməkdaşlığıma son qoyandan sonra mənimlə bağlı mətbuata yalan və qərəzli məlumatlar ötürdü. Mən də onun qanunsuz əməlləri, vergidən yayınma faktları və digər əməlləri barədə aidiyyatı qurumlara və hüquq-mühafizə orqanlarına məlumat verdim.”
C.Şirəliyev bundan başqa Sudef Məcidli tərəfindən döyüldüyünü iddia edib: “Mənin onunla bağlı şikayət etdiyimi biləndən sonra Sudef Məcidli dostumun ofisinə gələrək məni döydü. Döyəndən sonra üstümdə olan pulu da alaraq getdi. Mən bütün bu məsələlər barədə polisə məlumat vermişəm. Dünən mənə zəng edib dedilər ki, şikayətimə baxılıb”.
Qeyd edək ki, Bakı İnformasiya Agentliyinin təsisçisi Sudef Məcidli srağagün gecə saatlarında saxlanılıb.





14.04.2012     Çap et  Çap et